• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident fərman verdi

  • Nida.az
  • 31 Avqust 2015 18:55
  • 662 Baxış
Prezident fərman verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Daxil olan məlumatların təhlili göstərir ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir.

Belə ki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir.

Elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaqdır.

Dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsini, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, habelə şəffaflığın artırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində aşağıdakı qaydalara riayət olunması təmin edilsin:

1.1. arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi;

1.2. arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması;

1.3. arayışın vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilməsi.

2. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaradılmasını təmin etsin.

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, №2, maddə 117, №7, maddə 486, №9, maddə 1044; 2015, №6, maddə 708) aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 5.6-1-ci və 5.11-1-ci bəndlər əlavə edilsin:

“5.6-1. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

5.11-1. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;”;

3.2. 5.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.17-ci bənd əlavə edilsin:

“5.17. taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi.”;

3.3. 6-cı hissədə “Vergilər Nazirliyinə,” sözlərindən sonra “Nəqliyyat Nazirliyinə,” sözləri əlavə edilsin;

3.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.4.1. 3.1.7-1-ci yarımbəndə “həyata keçirmək” sözlərindən sonra “,səyyar xidmətdən daxil olan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsini müəyyən etmək” sözləri əlavə edilsin;

3.4.2. aşağıdakı məzmunda 3.1.7-3-cü yarımbənd əlavə edilsin:

“3.1.7-3. mərkəzlərdə xüsusi notariusların fəaliyyətinin təşkili ilə bağlı müqavilələr bağlamaq və xüsusi notariuslar tərəfindən tutulan haqların Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyən etmək;”;

3.4.3. 3.1.10.3-cü abzasda “göstərilməsi” sözündən sonra “, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bir ay müddətində:

4.1. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etsin;

4.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xidmətin “ASAN xidmət” mərkəzlərində və Nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etsin.

6. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

8.1. dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını və məlumatların şəxsin fərdi identifikasiya nömrəsi əsasında mübadiləsini həyata keçirən müvafiq infrastrukturun yaradılması ilə bağlı tədbirlər görsün;

8.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları, elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədi ilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

10.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının üç ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR