• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

DİQQƏT: İŞİD evinizdə peyda ola bilər – Ehtiyatlı olun!

  • Nida.az
  • 2 Sentyabr 2015 17:59
  • 1 569 Baxış
DİQQƏT: İŞİD evinizdə peyda ola bilər – Ehtiyatlı olun!

Hər şey miladi təqviminin ilk əsrində yəhudilərin Romaya qarşı üsyanı ilə başladı və terror bəşəriyyətin tarixində özünə yer etdi. Yəhudi üsyançılar terroru seçərək Roma işğalına qarşı mübarizə aparırdı. Zaman keçəcək, Fransada yakobinçilər, Rusiyada bolşeviklər, qırmızı qvardiyaçılar və digərləri “bəşəriyyəti mənəvi korrupsiyadan xilas etmək üçün” terroru əsas vasitə seçəcəkdi. Bəşəriyyət terror bataqlığına yuvarlandı.

Terrorun irqi, dini, milləti yoxdur”. Tez-tez siyasətçilərin dilindən bunu eşidirik. Həqiqətən də, terror hansısa ölkəyə deyil, bütün dünyaya qarşı təhlükəyə çevrilib. 100 il öncə Həsən Sabbahın yaratdığı deyilən müasir kamikadzelərdən heç bir ölkə sığortalanmayıb. Onlar hər an hər yerdə peyda ola bilirlər.


XXI əsrdə dünya Taliban, Əl-Qaidə və İŞİD terrorunu dadıb. Hərçənd bütün bunların arxasında hansısa qüvvələrin dayanmasına dair yetərincə iddia və arqumentlər mövcuddur. Misal üçün, məşhur qərbli araşdırmaçı Lorreta Napoleoni yazır: “Terror o qədər yaxşı biznesdir ki, heç kəs onun kökünü kəsmək istəmir”.


Napoleoniyə görə, terrorun arxasında dayananlar da məhz Qərbdəki qüvvələrdir.


Terrorçular yaxşı birja oyunçularıdır. 9/11-dən (Nyu-Yorkda 11 sentyabr hadisələri –red.) öncəki həftə müəyyən sahələrdə qeyri-adi qiymət yüksəlişi müşahidə olunmağa başladı. Misal üçün, daşıma, sığorta və enerji sahələrində. 9/11 hücumuna cəlb olunmuş “American Airlines” və “US Airlines” kampaniyalarının hissələri hədəf alınmışdı. Oxşar məlumatlar sığorta sahəsində də müşahidə olundu. Hücum sonrası həftəsonu Almaniyanın Bundesbankının prezidenti Ernst Velteke qəbul etdi ki, terrorçular tərəfindən “insider-tradinq” həyata keçirilib və əlavə etdi ki, əmtəə bazarı da hədəf seçilib. Sentyabrın 12-si neftin qiyməti 13 faizdən çox, qızılın qiyməti 3 faiz qalxdı. Qiymətlər həftə boyu qalxmağa davam elədi”, - deyə yazır.


Və təbii ki, bütün bunların arxasında siyasi maraqlar da mövcuddur. ABŞ-ın keçmiş dövlət katibi, hazırda bu ölkənin prezidenti olmağa iddialı Hillari Klinton özünün “Çətin Seçim” (Hard Choices) kitabında dolayısı ilə İŞİD-i ABŞ-ın yaratdığını və bununla Yaxın Şərqin coğrafiyasında dəyişiklərə nail olacaqlarını etiraf edir.


Terrorun kimlər tərəfindən və niyə dəstəkləndiyi, müasir “xilafəti” hansı qüvvələrin və nə üçün yaratdığına dair yetərincə ehtimallar, arqumentlər sadalamaq olar. Əsas olan, bu terrorun hədəfi ola biləcək ölkələr və son dövrlər yaranan təhdidlərin mahiyyəti, bizim üçünsə Azərbaycanın bu təhlükədən hansı dərəcədə sığortalanmasıdır.


Azərbaycanın yerləşdiyi coğrafiya, xüsusilə Şimali Qafqazda 20 ildən artıq bir müddətdə radikalizmin mövcudluğu bu təhlükəni aktuallaşdırır. Bu günə qədər müxtəlif radikal qruplaşmalar, elə İŞİD-in özü tərəfindən də Azərbaycana praktiki və qiyabi təhdidlər olsa da, hüququ-mühafizə orqanlarının ayrılığı nəticəsində bu təhdidlərin qarşısı vaxtında alınıb. Amma bu, təhlükənin tam aradan qalxdığı demək deyil. Xüsusilə, İŞİD qruplaşması tərkibində hələ də azərbaycanlıların döyüşməsi bu təhlükəni daim ön planda saxlayır. Yerli və xarici ekspertlərin fikrincə, İŞİD tərkibində müxtəlif ölkələrdən vuruşan döyüşçülər öz ölkələri üçün həmişə təhlükə mənbəyi olaraq qalmaqdadır. Çünki onlar geri qayıdarkən, özləri ilə təhlükəli cihad fikirlərini də evlərinə gətirirlər.


Bu günlərdə sosial şəbəkələrdə yayılan videogörüntü təhlükənin Azərbaycan üçün aktuallığını bir daha sübut etdi. Belə ki, videoda İŞİD-in azərbaycanlı döyüşçüləri danışır və Azərbaycan vətəndaşlarını cihada səsləyirlər. Bu çağırışın ciddi nəticələri olmasa belə, ona qulaq asıb “cihada” yollananların olması ehtimalı mövcuddur. Xüsusilə gənc nəslin terror qruplaşmasına qoşulması ehtimalı böyükdür. Çünki İŞİD özünə tərəfdarları toplayarkən əsasən gənc nəslin nümayəndələrinə üz tutur və bu təbliğat xüsusilə sosial şəbəkələr üzərindən aparılır. “Youtube”, “Twitter”, “Facebook” kimi böyük sosial şəbəkələr İŞİD-in təbliğat kampaniyasının əsas vasitələridir. Terror təşkilatı son dövrlər “İnstagram”, “Vkontakt” kimi şəbəkələrə də sıza bilib.


Terrorçular sosial şəbəkələrdən iki istiqamət üzrə istifadə edir.

1. Öz güclərini nümayiş etdirmək və qorxu yaratmaq
2. Yeni üzvləri cəlb etmək


Siyasətşünas-filosof Jon Grey yazır: “Cihadçılar sosial şəbəkələrdən olduqca peşəkarcasına istifadə edirlər. Veb-saytlarında hesabat formatında detallarınadək qəbul etdikləri qərarlar, keçirdikləri əməliyyatlar, intiharçı hücumlar, qətllər, edamlar, cəzalandırmalar barədə məlumatlar yerləşdirilir. İŞİD düşmənlərini necə cəzalandırdığını lentə alıb internetdə yerləşdirir. Bu, düşünülmüş, illərlə təkmilləşdirilən bir strategiyadır. Başı kəsilmiş, edam olunmuş düşmənlərinin videosunu çəkib yaymaqla İŞİD bir neçə məqsədinə nail olur: qarşıduran tərəfi dərhal vahiməyə salır, qorxu və dəhşət hissi yaradır, nəzarətdə olan ərazilərdə onların yolundan dönənləri nə gözlədiyini nümayiş etdirərək, camaatın canında tabeçilik hissini dərinləşdirməyə çalışırlar”.


Beləliklə, “xilafətin” gücü nümayiş olunur və təşkilata qoşulub sonradan peşman olanlar geri qayıtmaq üçün qorxuya qalib gələ bilmirlər.


Yeni üzvlərin cəlb edilməsi üçün də sosial şəbəkələr İŞİD üçün əvəzedilməz vasitədir. Misal üçün, bu ilin əvvəlində təşkilata qoşulan britaniyalı müsəlman qız Ayşə eyni üsulla cəlb olunub.

Günlərin birində onun “Facebook” hesabına “Sən çox cazibədarsan” mesajı gəlir. 17 yaşlı yeniyetmə qız üçün bu olduqca romantik ismarışdır. Ona yazan gənc “Sən çox gözəlsən. İndi bu zinəti yad gözlərdən qorumaq, örtmək vaxtı yetişib. Sən artıq tanrıya, cənnət və cəhənnəmə inandığın vaxt, biri sənə deyir ki, bunu-bunu etməsən, cəhənnəmə yollanacaqsan” deyə bildirir.


Ayşə İŞİD-çi gəncin toruna düşür və Suriyaya yollanır.


“Cihada çıxan həmin gəncə, nə qədər ki o sağ idi, ona qoşulmaq istəyi yaranırdı. O şəhid olandan sonra isə ona cənnətdə qovuşmaq istəyirsən”, - deyə Ayşə bildirir.


Göründüyü kimi, İŞİD gənc oğlan və qızları asanlıqla öz toruna sala bilir.

Qeyri-rəsmi məlumatlara görə, terror təşkilatının tərkibində 100-ə qədər azərbaycanlı döyüşür ki, onların əksəriyyəti gənclərdir. Bu şəxslər də onları Suriya və İraqa aparan İŞİD-çilərlə əsasən sosial şəbəkələr vasitəsilə təmas yaradıblar. Hazırda dövlət səviyyəsində buna qarşı aparılan mübarizə Azərbaycandan İŞİD-ə qoşulanların sayını xeyli azaldıb. Amma unutmaq lazım deyil ki, onlar hər birimizin evindəki kompüterdə peyda ola bilərlər. Bu baxımdan, dövlətlə yanaşı cəmiyyət olaraq da buna qarşı mübarizə aparmalı, gənclərin tora düşməsinin qarşısını almalıyıq. Məşhur ifadədə deyildiyi kimi: “Hər birimiz öz evimizdən başlamalıyıq”.


Asif Nərimanlı










Xəbər lenti

DAHA ÇOX XƏBƏR