• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Leyla Əliyeva Romada BMT-nin nümayəndəsi ilə görüşüb - FOTO

  • Nida.az
  • 2 Sentyabr 2015 19:48
  • 323 Baxış
Leyla Əliyeva Romada BMT-nin nümayəndəsi ilə görüşüb - FOTO

Sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.

Publika.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, əvvəlcə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini əks etdirən təqdimatlar, müzakirələr oldu. Qurumun Korporativ Kommunikasiya ofisinin direktoru Enrike Yevis Leyla Əliyevanın tədbirdə iştirakından məmnunluğunu bildirdi.

Sonra FAO və onun missiyası barədə ətraflı məlumat verildi, təşkilatın özəl sektorla tərəfdaşlıqları, Azərbaycanda və bölgədə Resurs Mobilizasiyası proqramı, qurumun təbii resurslar və iqlim dəyişikliklərinə dair fəaliyyətinin davamlı idarəetməsi ilə bağlı görülən işlərdən danışıldı.

Təşkilatın xoşməramlı səfiri Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verildi və binadakı plenar iclas zalı ilə tanışlıq oldu.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşdü. Görüşdən məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlardan məmnunluqla danışan Joze Qratsiano da Silva ölkəmizə səfərindən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə keçirdiyi görüşlərdən danışaraq, dövlətimizin başçısının 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı təşkilatın baş ofisində olmasını məmnunluqla xatırlatdı. Qeyd etdi ki, Azərbaycanda yoxsulluğun azaldılması sahəsində görülən işlər dünya ölkələri üçün bir nümunədir. O, bu baxımdan Azərbaycanda yoxsulluğun səviyyəsinin 5 faizə enməsini xüsusi vurğuladı və bu sahədə görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etməsindən danışaraq ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva son illərdə Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən islahatları və ölkəmizdə fermerlərə yüksək səviyyədə dövlət dəstəyinin göstərildiyini diqqətə çatdırdı. Leyla Əliyeva Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mühüm layihələr və IDEA İctimai Birliyi barədə məlumat verdi, gələcəkdə FAO ilə birlikdə bir sıra layihələrin reallaşdırılacağını bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin FAO çərçivəsində icra olunan layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətinin vacibliyini də vurğuladı.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.

Görüşdə baş direktor ofisin açılmasındakı səylərinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğulandı ki, ofis ölkəmizlə təşkilat arasındakı münasibətlərin inkişafına töhfəsini verməkdədir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim oldu və qarşılıqlı hədiyyələr təqdim edildi.

Xatırladaq ki, Leyla Əliyeva humanitar və ekologiya sahəsindəki fəaliyyətinə görə FAO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verdi.

Leyla Əliyeva təşkilatın binasındakı zəngin kitabxanaya da baxdı. Məlumat verildi ki, burada FAO-nun media mərkəzi də yerləşir. Ərzaq təhlükəsizliyi məsələsinin ölkələrin milli təhlükəsizliyinin əsas elementlərindən olması ilə bağlı FAO-nun fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Dünyanın 130-dan çox ölkəsində nümayəndəliyi olan təşkilatın qarşısına qoyduğu qlobal vəzifələr və məqsədlər ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıqla mübarizə, təbii resursların, o cümlədən torpaq, su, hava, iqlim və genetik resursların davamlı idarəolunması və yoxsulluğun azaldılmasıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR