Prezident Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib
Bizi izləyin

Nida.az

Prezident Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Siyəzən rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.

Məlumat verildi ki, layihə zonasındakı 12 min 137 hektar sahənin 6 min 972 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 5 min 165 hektarda mövcud əkin sahələrinin su təmınatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılan torpaqların 2300 hektarında kollektor-drenaj şəbəkələrinin tikintisi layihələndirilib. Siyəzən rayonundakı 6 min 972 hektar torpaq sahəsi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Burada da suvarma üçün əsas su mənbəyi yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarıdır. Layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Bildirildi ki, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 2015-ci ilin əvvəlindən meliorativ tədbirlərin aparılmasına başlanılan iki sahədən ibarət olmaqla cəmi 1466 hektar ərazidə meliorativ tədbirlərin və suvarma şəbəkəsinin tikintisi işləri tamamlanıb. Yeni suvarılacaq torpaqların 24 hektarı dövlət, 1151 hektarı bələdiyyə və 249 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır. Yeni suvarılacaq 1424 hektar torpaq sahəsinin 866 hektarında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilib. Bu mərhələdə 42 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun ərazisində əlavə olaraq 1738 hektar torpaq sahəsinin suvarılması təmin ediləcək ki, ondan 1115 hektarı yeni suvarılan torpaqlardır. Həmçinin 623 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Yeni suvarılacaq torpaqların 58 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub. Cari ildə Siyəzən rayonu üzrə ümumilikdə 3 min 204 hektar torpaq sahəsi istifadəyə veriləcək. Bunun 2 min 539 hektarını yeni suvarılan torpaqlar təşkil edəcək, eyni zamanda, 665 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. 2016-cı ildə isə 8933 hektar suvarılan torpaq sahəsinin istifadəyə verilməsi planlaşdırılır ki, bunun da 4433 hektarı yeni suvarılan əkin sahələri olacaq, həmçinin 4500 hektar mövcud əkin sahələrinin su təminatını yaxşılaşdırılacaq. Bununla da layihənin tam başa çatdırılması nəzərdə tutulur. Bu torpaqların 1376 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Dövlətimizin başçısına yağışyağdırma üsulu ilə suvarma sistemi və layihə çərçivəsində Şabran rayonu ərazisində görülən işlərlə bağlı da məlumat verildi. Bildirildi ki, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə hazırlanan layihədə 28 min 497 hektar torpaq sahəsinin 14 min 38 hektarında meliorativ tədbirlər aparmaqla yeni suvarılan torpaqların istifadəyə verilməsi və 14 min 459 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılacaq 14 min 38 hektar torpaq sahəsinin 1709 hektarı dövlət, 8089 hektarı bələdiyyə və 4240 hektar torpaq sahəsi xüsusi mülkiyyətə məxsusdur. Hazırda Şabran rayonu üzrə meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir.

Hər üç rayonun "Samur-Abşeron suvarma sisteminin yenidənqurulması" layihəsindən bəhrələnməsi məqsədilə bu rayonlarda meliorativ tədbirləri paralel aparmaqla tədricən 2-3 il ərzində layihənin tam başa çatdırılması nəticəsində iri kənd təsərrüfatı müəssisələrinin yaradılması, eləcə də fermer təsərrüfatlarının su təminatının yaxşılaşdırılması mümkün olacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılıb. 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq verib. Həmin tapşırığın icrası ilə əlaqədar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhimdar Cəmiyyətinin (ASC) sifarişi ilə Türkiyənin “Təməlsu” məsləhətçi şirkətinin hazırladığı, “Evrascon” ASC və “Körpü-Bina-Tikinti” MMC tərəfindən icra olunan layihələrə əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən yeni suvarılan torpaqlarda aparılacaq meliorativ tədbirlər Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.

Dövlətimizin başçısına “Samur – Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsi barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ilin iyul ayının 22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb. Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə və 855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ABŞ istehsalı olan, ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

Bildirildi ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm