İlk siyasi partiyalar bloku qeydə alındı
Bizi izləyin

Nida.az

İlk siyasi partiyalar bloku qeydə alındı

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda gündəliyə daxil olan MSK-nın 31 avqust 2015-ci il tarixli iclas protokolunun təsdiqi, səlahiyyətli nümayəndələrin qeydə alınması, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar blokunun qeydə alınması, bəzi seçki dairə komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsi və cari məsələlərə baxılıb.

Yuxarıda qeyd olunan məsələlər səsə qoyularaq qəbul edilib. Bununla da, Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək ilk siyasi partiyalar bloku MSK tərəfindən qeydə alınıb.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının, Müsavat partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

MSK sədri M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, qeydə alınan Seçki Bloku fəaliyyətə sentyabrın 5-dən başlamalıdır.

Xatırladaq ki, “Azadlıq-2015” seçki bloku 04 fevral 2015-ci il tarixdə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar partiyası, Azərbaycan Demokrat Partiyası (ADP), Böyük Azərbaycan Partiyası (BAP), Vətəndaş Həmrəyliyi Partiyası (VİP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azadlıq partiyası və Azərbaycan Xalq Partiyası (AXP) tərəfindən təsis olunub.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 8 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Qeydə alınan səlahiyyətli nümayəndələr arasında Yeni Azərbaycan Partiyasından (YAP) 2 nəfər, Ümid Partiyasından 23 nəfər, Milli Dirçəliş Hərəkatı Partiyasından 19 nəfər, Müsavat Partiyasından 65 nəfər, Ana Vətən Partiyasından (AVP) 12 nəfər, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 19 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 12 nəfər, Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) isə 7 nəfər MSK tərəfindən təsdiqlənib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm