İrəvan təşvişdə: Sərkisyan hökumətin fövqəladə toplantısını keçirdi
Bizi izləyin

Nida.az

İrəvan təşvişdə: Sərkisyan hökumətin fövqəladə toplantısını keçirdi

Ermənistan prezidenti Serj Sərkisyan hökumətin fövqəladə toplantısını keçirib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

Toplantıda “İldırım-2015” strateji komanda-qərargah hərbi təlimləri haqqında danışılıb. Məlumata görə, nazirlər təlimlərin ssenarisi, müəyyən vəziyyətlərdə yaranan problemlər və onların aradan qaldırılması yolları barədə fikirlərini bildiriblər.

Ermənistan prezidenti qeyd edib ki, təlimlərdə son məqsəd real hadisələr halında ərazi bütövlüyü və ölkənin təhlükəsizliyinin təmin edilməsidir.

Qeyd edək ki, Ermənistanda “İldırım-2015” kod adı altında komanda-qərargah təlimləri başlayıb. Təlimlərin başlaması qəfil xarakter daşıyıb və əhali arasında təşviş yaradıb. Ermənistanın Azərbaycanla sərhəd rayonlarından əhalinin kütləvi evakuasiyasına hazırlıq başladığından ermənilər irimiqyaslı müharibənin yaxınlaşmasından qorxuya düşüblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan əhalini sakitləşdirmək üçün kütləvi evakuasiya hazırlıqlarının bu gün başlayan hərbi təlimlərin ssenarisinə daxil olduğunu açıqlayıb. Ovanisyan deyib ki, hərbi təlimlər “planlaşdırılmış xarakter” daşıyır və sentyabrın 6-na qədər davam edəcək.

“KİV-lərdə sərhədyanı bölgələrdən əhalinin kütləvi evakuasiyasına hazırlıq getdiyinə dair xəbərlər doğrudur, Ancaq bu, təlimlərin bir elementidir”,- Ovanisyan deyib.

Ermənistan Müdafiə Nazirliyi rəsmisinin bildirdiyinə görə, bu məqsədlə Tavuş vilayətində müvafiq böyük təlim bazası yaradılacaq, gecələmək üçün xüsusi zonalar ayrılacaq və evakuasiya zonaları müəyyən ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm