Rasim Musabəyov: “Putin Sarkisyanı başa salmağa çağırır”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Putin Sarkisyanı başa salmağa çağırır”

“Prezident Putin Serj Sarkisyanı Moskvaya çağırmaqla Ermənistana “öz mövqeyini” başa salmağa hazırlaşır”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan prezidentinin bu gün Rusiyaya nəzərdə tutulan səfərini şərh edərkən deyib.


Onun sözlərinə görə, sentyabrın başlanğıcından təmas xəttində təhlükəli hadisələr müşahidə olunur: “Atəşkəs təkcə yüngül silahlardan deyil, minaatanlarla da müntəzəm olaraq pozulur. Azərbaycanda Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartal-2015” taktiki təlimlər keçirildi. Buna paralel olaraq, Serj Sarkisyan administrasiyası pis ssenarilərə hazırlığı sürətləndirdi. Belə bir hiss formalaşır ki, kənarda müharibə gedir. Hər dəfə vəziyyət təhlükəli olanda Moskva ən yüksək səviyyədə oyuna daxil olur. Ötən həftə Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya gəldi. Bu gün də Serj Sarkisyan Moskvaya çağırılıb. Putinlə Sarkisyanın görüşünün nəticələri ümumi şəkildə olsa da günün sonunda məlum olacaq. Azərbaycana gəlincə, biz təmkinli olmaqdan və ərazilərimizin işğaldan azad olunmasına çağırışlar etməkdən yorulduq. Bunun təsdiqi kimi, Müdafiə Nazirliyinin diplomatik səylərin nəticələrini gözləmədən ən böyük hərbi təlimlərə başlamasını göstərmək olar. Bu təlimlər sentyabrın 6-dan 13-nə qədər davam edəcək və geniş spektri əhatə edəcək. Əgər Kreml həqiqətən ermənilərə təsir etmək niyyətindədirsə, o zaman Azərbaycanın öz hərbi gücünün nümayişi buna əlavə arqument olacaq”.


R. Musabəyov Ermənistan KİV-nin iddialarına diqqət çəkib.


“Erməni mediası iddia edir ki, Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün İrəvanı Qarabağın bir hissəsini qaytarmağa məcbur edə bilər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm