Bakının müharibə hazırlığı: İrəvan təşviş içində, gözlər Kremlə dikilib – TƏHLİL
Bizi izləyin

Nida.az

Bakının müharibə hazırlığı: İrəvan təşviş içində, gözlər Kremlə dikilib – TƏHLİL

Gözlər Moskvaya dikilib. Bu gün Kremlin divarları arasında prezident Putinin Serj Sarkisyana nələr diktə edəcəyi Qarabağın taleyində mühüm rol oynaya bilər.

Sentyabr ayının ilk günlərindən etibarən Ermənistan cəbhədə təxtibatlarına start verdi. Lavrovun Bakı səfəri ilə eyni gündə erməni hərbi birləşmələri Azərbaycan toyuna hücum etdi, Sarkisyan Xankəndinə səfərə gəldi və təmas xətti boyunca minaatanlar işə düşdü. Bu, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında prezidentlərin, yaxud xarici işlər nazirlərinin görüşünü sabotaj etmək idi və prosesin ilk günündən gözlər yenə Moskvaya dikilmişdi. Çünki Rusiya-ABŞ qarşıdurmasında münaqişənin həllində təşəbbüsün ələ alınması uğrunda kəskin mübarizə gedir. Vaşinqtonun münaqişə tarixində, bəlkə də, ilk dəfə olaraq qəti bəyanatları onun problemi həll etmək və bölgədə hakim olmaq istəklərini açıq şəkildə göstərir. Nyu-York görüşü ciddi dönüş ola bilərdi. Məhz buna qarşı Kremlin təcili dövriyyəyə girməsi, Lavrovun gözlənilməz Bakı səfəri bağlı qapılar arxasında mühüm müzakirələrin getdiyini, cəbhədəki təxribatların da Azərbaycan rəhbərliyini nəyəsə güzəştə getməyə, yaxud nələrdənsə vaz keçməyə razı salmağa hesablanmış addım kimi Moskvanın sifarişi olduğu ehtimalını artırır və bu ehtimal həmişə aktual olaraq qalır.

Lakin geosiyasi xəritədə daşların yerindən oynaması və Rusiyanın hazırkı durumu məsələyə fərqli fon verir.

Müharibə qapımızda? Azərbaycan və Ermənistanın əsl müharibəni xatırladan hərbi təlimləri bu sualı aktuallaşdırır. Belə ki, Bakı və Ankaranın Azərbaycanda keçirdiyi “TurAz” Qartal – 2015” hərbi hava təlimləri İrəvan, dolayısı ilə Rusiya üçün ciddi mesaj idi. İki müttəfiq ölkənin bu addımı təəccüblü olmasa da, yeni siyasi proseslər fonunda diqqətdən yayınmırdı. Ermənistanın cəbhədəki təxribatlarının səbəblərindən birinin də bu təlimlərə cavab olduğu deyilir. Təxribatlarla yanaşı, İrəvan rejimi paytaxt ətrafı bölgələrdə qaçqınlar üçün nəzərdə tutulan düşərgə yaratdı. Erməni KİV-nin məlumatına görə, İrəvanın “Nubaraşen” poliqonunun ərazisində iki gün əvvəl “İldırım-2015” kod adı altında komanda-qərargah təlimləri başlayıb. Təlimlərin başlaması qəfil xarakter daşıyıb və əhali arasında təşviş yaradıb. Ermənistanın Azərbaycanla sərhəd rayonlarından əhalinin kütləvi evakuasiyasına hazırlıq başladığından ermənilər irimiqyaslı müharibənin yaxınlaşmasından qorxuya düşüblər. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan əhalini sakitləşdirmək üçün kütləvi evakuasiya hazırlıqlarının bu gün başlayan hərbi təlimlərin ssenarisinə daxil olduğunu açıqlayıb. Ovanisyan deyib ki, hərbi təlimlər “planlaşdırılmış” xarakter daşıyır və sentyabrın 6-na qədər davam edəcək. Təlimlərin ssenarisinə görə düşərgə həyatı “başqa dövlət”in (Dağlıq Qarabağdakı qondarma rejim nəzərdə tutulur – red.) sağlamlığına təhlükə olan sakinləri üçün nəzərdə tutulub.

Bu, Ermənistan rəhbərliyinin ciddi təşvişdə olduğunu aydın şəkildə göstərir. Bunu Bakıda yaxşı anlayırlar. Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 6-dan 13-nə qədər davam edəcək genişmiqyaslı hərbi təlimləri isə müharibə ehtimalının həqiqətən də qapımızda olduğu fikrini gücləndirir. Başqa formada desək, Azərbaycan işğal olunmuş torpaqlarımızı mənasız sülh danışıqlarından sonra öz ordusunun gücü hesabına almağı planlaşdırır. Bu güc təlimlərdə də özünü göstərir. Rəsmi məlumata görə, təlimlərə 65 minlik şəxsi heyət, o cümlədən ehtiyatdan çağırılmış 6 minədək hərbçi, 700-ə yaxın zirehli texnika, 500-dən çox raket və artilleriya qurğuları, 100-ə yaxın təyyarə və vertolyot, xüsusi təyinatlı bölmələr, hava hücumundan müdafiə qüvvələri, o cümlədən zenit-raket birləşmələri cəlb olunub. Təlimlərin ssenarisinə düşmənin mühasirəyə alınması, müdafiə, əks-hücum və hücum əməliyyatları, şərti hədəflərə intensiv hava zərbələri, uzaqmənzilli raketlərdən hədəflərə dəqiq zərbələr daxil edilib.

Təlimlərin cəbhədə düşmən təxribatlarının davam etdiyi bir vaxtda seçilməsi, həmçinin Lavrovun Bakı səfərinin ardınca və Sarkisyanın Moskvaya çağırılması ərəfəsində başlaması təsadüfi deyil. Ortada ciddi ssenarilərin olması ehtimalı yüksəkdir.


***

Ermənistanın cəbhədəki təxribatları və müharibə ssenarisi üzərində keçirilən hərbi təlimlərinin Moskvanın sifarişi əsasında təşkil olunduğu fikri həmişə mövcud olub. Bu, tarix boyu daşlaşmış fikirdir və heç də yanlış deyil. Amma Rusiyanın girdiyi dalandan çıxmaq üçün manevrlərini müşahidə edəndə başqa versiyalar ortaya çıxır. İlk növbədə Moskvanın Qarabağ münaqişəsinin həlli üçün canfəşanlığının NATO baş katibinin Gürcüstana səfəri və Azərbaycanın qonşuluğunda Şimal Alyansına məxsus hərbi bazanın açılması ilə eyni vaxta düşdüyünə diqqət edilməlidir. NATO-nun gürcülərin torpağında baza açması, bu ölkəyə hər hansı müdaxiləni sıfıra endirir və bu baş verərsə, məsələ Şimal Alyansının avtomatik olaraq işə qarışması ilə nəticələnəcək. Beləliklə, Cənubi Qafqazda kartlar qarışıb və Moskvanın regiona dair planları suya düşür. NATO-nun bölgəyə girişi Rusiyanın Azərbaycanı yanına çəkmək planına da maneə yaradır. Bəs buna qarşı Moskva nə etməlidir? Təbii ki, rəsmi Bakının əsas prioriteti olan Qarabağı ona qaytarmalı, yaxud münaqişənin hər iki tərəfə sərf edən formada həll etməlidir. İkinci yol mümkünsüzdür, çünki Bakı düşmənə güzəştə getmək fikrindən çox uzaqdır və bu, dəfələrlə Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif tribunalarda səsləndirib. Bunu anlayan Rusiyanın öz forpostu olan Ermənistanı güzəştə məcbur etmək yolu qalır. Qafqazı Qərbə təslim etməməyin yeganə vasitəsi budur.

Lavrovun Bakı səfəri də Moskvanın yeni ssenarisi haqda birbaşa Azərbaycan rəhbərliyinin fikrini öyrənməyə hesablanmışdı. Şübhəsiz, bu gün Kremldə Sarkisyana da Bakıdakı müzakirələr haqda diktə ediləcək və razılaşmağa dəvət olunacaq. Bu ehtimaldan çıxış etsək, Lavrovun səfəri günü Ermənistanın cəbhədəki təxribatlarının Rusiyaya mesaj olduğunu düşünmək mümkündür. Son dövrlər Ermənistanın mərkəzdənqaçma yolunu tutması, “Ermənistan Rusiyaya etiraz edə bilməz” fikrini arxa plana keçirir. Bu ilin iyununda İrəvandakı “elektromaydan” da bunu təsdiq etdi. Xüsusilə, Rusiyanın küncə sıxışdırıldığı bir vaxtda İrəvan qaçış manevrlərini sürətləndirib. Deməli, Ermənistan Azərbaycan mövqelərinə Rusiyanın xəbəri olmadan, əksinə Kremlə mesaj vermək niyyəti ilə hücum edib.

Azərbaycanın dərhal genişmiqyaslı hərbi təlimlərə start verməsi isə iki fərqli ssenarini gündəmə gətirir.

Ssenari 1: Proseslərin analizi iddia etməyə imkan verir ki, Qarabağın qaytarılması, ən azından ətraf 7 rayonun işğaldan azad olunmasına Rusiya razılıq verib. Bu gün Sarkisyan Kremldə qarşısına qoyulan ssenaridən imtina edərsə, ən yaxşı halda lokal müharibə ssenarisi tətbiq olunacaq və bu müharibədə Rusiya Ermənistanın yanında yer almayacaq. Azərbaycanın güclü təlimi də Lavrovun Bakı səfərində Rusiya ilə razılaşdırılıb, məqsəd də Sarkisyanın gözünü qorxuda və Moskvada razılaşmağa vadar edə bilər.

Ssenari 2: Lakin hər şey düşündüyümüzn əksinə də ola bilər. Belə ki, Lavrovun münaqişənin həlli üçün Bakıya gətirdiyi təkliflər Azərbaycan rəhbərliyi tərəfindən məqbul hesab olunmayıb. Onun gedişinin ardınca Azərbaycan 65 minlik şəxsi heyət və güclü hərbi texnika ilə təlimlərə başlamaqla, “Yeganə yol budur” mesajını verir.

Hər şey Kreml divarları arxasında Sarkisyanın önünə nələrin qoyulduğu bəlli olandan sonra dəqiqləşəcək, təbii ki, görüşün təfərrüatları bəlli olarsa.

Hər şeyə rəğmən, proseslərdə bir detal Azərbaycanın əlinin güclü olduğunu göstərir. Diqqət edək: Rusiya məsələnin müzakirəsi üçün baş diplomatını Bakıya göndərdi. Ermənistanın birinci şəxsini isə Moskvaya çağırmaqla fərqli münasibət sərgilədi. Bu, Moskvanın Bakının mövqeyi ilə razılaşdığı ehtimalını gücləndirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm