• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan və İran arasında siyasi məsləhətləşmələr keçirilib

  • Nida.az
  • 13 Mart 2014 19:10
  • 470 Baxış
Azərbaycan və İran arasında siyasi məsləhətləşmələr keçirilib

Martın 13-də Bakıda Azərbaycan və İran İslam Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Publika.az-ın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, İran nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhimpur başçılıq ediblər.

Görüşdə X.Xələfov Azərbaycanın İranla münasibətlərə önəm verdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, enerji, turizm, humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

Həmçinin X.Xələfov Azərbaycan ilə İran arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyinə toxunaraq, mütəmadi olaraq müxtəlif səviyyələrdə dialoqun aparıldığını qeyd edib, iki ölkə arasında münasibətlərin səviyyəsinin regionda sabitlik və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin faydalı olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan azərbaycanlı nazir müavini, ölkəmizin ərazisinin 20%-nin, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 km-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasının, regionda sülh və təhlükəsizliyin təmin edilməsinin, davamlı iqtisadi inkişafın qarşısında əsas maneə olduğunu bildirib. X.Xələfov Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını qeyd edib, eyni zamanda, Azərbaycanın işğal altında olan və nəzarətsiz qalmış ərazilərinin region üçün əsas təhlükə mənbəyi olduğunu vurğulamışdır. O, münaqişənin həll olunması üçün dünya birliyi, xüsusilə də region dövlətləri tərəfindən Ermənistana təsir göstərilməsinin vacibliyini qeyd edib.

İran xarici işlər nazirinin müavini İ.Rəhimpur Azərbaycana səfərindən məmnun olduğunu bildirib, ölkəmizin İran üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanla regional və beynəlxalq müstəvidə əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. Azərbaycanın xarici siyasətini dünyada gedən proseslərə uyğun olaraq uğurla aparıldığını bildirən İran rəsmisi son 22 ildə ölkənin olduqca inkişaf etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR