• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Bağlı qapı siyasəti: Putin Sarkisyanı Moskvaya niyə çağırmışdı? – TƏHLİL

  • Nida.az
  • 8 Sentyabr 2015 18:42
  • 2 111 Baxış
Bağlı qapı siyasəti: Putin Sarkisyanı Moskvaya niyə çağırmışdı? – TƏHLİL

Siyasətdə bağlı qapılar təkcə sirləri gizlətmək üçün deyil, həm də protokol qaydalarının tapdandığı yerdir.

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı – çoxları onu Rusiyanın “vassalı” adlandırır – Serj Sarkisyanı Moskva ətrafında yerləşən “Novo-Oqarevo” iqamətgahında qəbul etdi. Bura Kremldən uzaqda yerləşir, lakin görüş yenə bağlı qapılar arxasında keçirildi. Bu cür görüşlər bağlı qapılar arxasında ona görə keçirilir ki, detalların açıqlanması istənmir və olduqca mühüm məsələ müzakirə edilir. Dünya siyasətində belə təcrübə kifayət qədərdir. Rəsmi məlumatı bir kənara qoysaq, Putinin Sarkisyanla bərabərhüquqlu səviyyədə ikitərəfli əlaqələri müzakirə etmək niyyəti yox idi. Əks təqdirdə, bu səfər rəsmi səviyyə daşıyar və erməni prezident üçün protokol qaydasına uyğun şəkildə fəxri qarovul dəstəsi düzülərdi. Bütün bunlar baş vermədi. Sadəcə, Sarkisyan getdi, görüşdü və sonra mətbuata bunları dedi: “Rusiya prezidentinə ikitərəfli münasibətlərin inkişafında və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətindəki səylərinə görə təşəkkür etdim”.

Sarkisyan Putinə şikayət etməyə də vaxt tapıb. “Azərbaycan tərəfi iriçaplı silahlarla hücum edir və biz məcbur olub cavab veririk. Bu məsələni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbə toplantısında da qaldıracağıq”, - deyə o, bir ölkənin liderindən çox, hansısa bölgənin təyin olunmuş nümayəndəsi kimi danışır. Amma haqsız da deyil, axı Ermənistanın heç də azad ölkə olmadığı məlum məsələdir.

Daha sonra Sarkisyan Gümrüdə erməni ailəsini qətlə yetirən rus hərbçisinin cəzalandırılmasını Ermənistan məhkəmələrinə həvalə etdiyi üçün də Putinə təşəkkür edib. Bunun özü də Ermənistanın Rusiyanın qarşısındakı vəziyyətini və vəzifələrini aydın şəkildə ifadə edir.

Amma Sarkisyan Moskvaya təkcə Putinə təşəkkür etmək üçün getməmişdi. Putinin onu yanına çağırması, başqa ölkə prezidentlərinin qəbulundan fərqli qaydada qəbul etməsi və öz iqamətgahında görüşməsi Sarkisyanın danlanıldığı ehtimalını artırır. Onun görüşlə bağlı mətbuata təşəkkür dolu açıqlamaları da bunu deməyə əsas verir.

Görünür, bağlı qapılar Putinə yalnız detalların gizlədilməsi üçün lazım olmayıb. O həm də öz “vassalı” ilə protokol qaydalarından uzaq, istədiyi dildə danışmaq üçün bu formatı seçmişdi.

Sarkisyanın Moskvaya çağırılması səbəbləri açıq şəkildə ortadadır.

a) İrəvanın mərkəzdənqaçma meyillərinə son qoymaq;

b) NATO-nun Gürcüstanda hərbi baza açması və Rusiyanın Qafqazdakı qalasını yoxlamasının zəruriliyi;

Və nəhayət,

c) Dağlıq Qarabağ münaqişəsi.

1. Rusiyanın Qərblə qarşıdurmasında üzləşdiyi çətinliklər Ermənistanın “böyük qardaşına” qarşı çıxmasına şərait yaradıb. Bu ilin iyun ayında İrəvanın mərkəzində Rusiyadan alınan elektrik enerjisinin bahalaşdırılmasına qarşı keçirilən “elektromaydan” hadisələri də bunu sübut etdi. Söhbət əhalinin Rusiyaya nifrətindən getmirdi, əsas məsələ Sarkisyan rejiminin bu nifrəti idarə edərək, Moskvaya “xalqım səni istəmir” mesajını vermək və güzəştlər qopartmaq idi. Hansı ki etirazçılar meydanlardan çəkilmədən Moskva İrəvanın istədiyi güzəştləri və silah üçün 200 milyon dollar krediti verdi. Həmin ərəfədə Sarkisyanın Brüsselə səfəri də diqqət çəkdi. Qeyd etmək lazımdır ki, Brüsselə səfərindən sonra Sarkisyanın Moskvaya ilk səfəridir. Bu amil Vladimir Putinin Sarkisyandan hesabat istədiyini deməyə əsas verir.

Lakin İrəvanın mərkəzdənqaçma meyilləri bununla bitmir. Təxminən bir ay öncə Ermənistan tərəfi İrandan dəmiryol xətti çəkmək istəyini elan etdi.

Bu layihə hansısa üçüncü qüvvənin maraqlarına zərbə vuracağından asılı olmayaraq, reallaşacaq”, - deyə erməni rəsmiləri bəyan etdi.
Bu, açıq şəkildə Kremlə meydan oxumaq idi və Ermənistanın işğal siyasətinin nəticəsi olaraq Azərbaycan və Türkiyə tərəfindən salındığı blokadadan çıxış yolu olaraq seçilib. İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması və Qərbə açılış etməsi fonunda İrəvanın Tehranla yaxınlaşması Kremlin Qafqazdakı qalasının əlindən çıxması təhlükəsini yaxınlaşdırır. Məhz buna qarşı Rusiya təcili şəkildə Abxaziya dəmiryol xəttinin inşasını sürətləndirdi. Çünki bu yol istifadəyə veriləcəyi təqdirdə, Ermənistanın Rusiyaya quru yolu ilə çıxışına ümidlər yaranacaq və İrəvanın Tehrana doğru irəliləməsində bəhanələri aradan qaldıracaq.

2. Ermənistanın mərkəzdənqaçma meyillərinin sürətləndiyi bir vaxtda NATO-nun Gürcüstanda hərbi bazasını açması Rusiyanın Cənubi Qafqaz perspektivlərinə təhlükələr yaradır. Nəzərə almalıyıq ki, Ermənistan Avrasiya İttifaqında təmsil olunsa da, Avropa Birliyi İrəvanı Moskvanın caynağından qurtarmaq üçün bütün vasitələrə əl atır. Bu isə Ermənistanın Rusiyadan üz döndərməsini asanlaşdıra bilər. Hesab etmək olar ki, Sarkisyana Putinin qərargahında bu məsələlərlə bağlı xəbərdarlıqlar edilib və “səhv addım atmaması” tövsiyələri verilib.

3. Regiondakı siyasi proseslər, həmçinin Rusiyanın Qafqazdakı qalasını – Ermənistanı itirmək təhlükəsinin yarandığı bir vaxtda Moskva üçün Qarabağ kartı avtomatik olaraq gündəmə gəlir. Hesab etmək olar ki, Moskva Qarabağ kartını gündəmə gətirməklə bir neçə hədəfi eyni anda vurmaq niyyətindədir:

- Qərbin münaqişənin həllində təşəbbüsü ələ almasının qarşısını almaq, dolayısı ilə ABŞ-ın Cənubi Qafqaza uzanan əllərini baltalamaq;
- Ermənistana əsl ağasının kim olduğunu göstərmək;
- Azərbaycanı özünə tərəf meyilləndirmək və əgər mümkün olarsa, münaqişəni Bakının xeyrinə həll etməklə, onun dəstəyini tamamilə təmin etmək;
- Beləliklə, Cənubi Qafqazda güc balansını öz xeyrinə çevirmək.


Rusiya baş diplomat Sergey Lavrovu Bakıya göndərdikdən sonra Sarkisyanın Moskvaya çağırılması Putin-Sarkisyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin prioritet müzakirə mövzusu olduğunu göstərir. Hesab etmək olar ki, Rusiyanın münaqişənin həlli üçün aparılan danışıqları yerindən tərpətmək üçün planı var və bu plan Bakıda Lavrovla Azərbaycan rəhbərliyi arasında müzakirə olunub. Sarkisyan da Moskvaya məhz planın detalları ilə tanış olmağa dəvət edilib, bir növ ona ssenarinin gerçəkləşdirilməsi diktə olunub. Bu planın konkret nədən ibarət olduğu haqda müxtəlif versiyalar mövcuddur, amma hələlik dəqiq heç nə bilinmir. Putin-Sarkisyan görüşünün detallarının açılmaması, ümumiyyətlə görüş haqda Rusiya tərəfinin susması, Ermənistan tərəfinin isə qısa informasiya verməsi ortada ciddi amillərin olduğu ehtimalını gücləndirir. Lavrovun Bakı səfəri haqda da geniş informasiyanın yayılmadığını əsas götürsək, ehtimal etmək olar ki, danışıqların detallarının açıqlanmaması haqda ümumi razılıq var.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR