Sərdar Cəlaloğlu 10 illik sirri açdı: “BBC Əli Kərimli üçün mitinq ssenarisi yazmışdı”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu 10 illik sirri açdı: “BBC Əli Kərimli üçün mitinq ssenarisi yazmışdı”

“Milli Şura artıq yoxdur, bu təşkilat sadəcə Əli Kərimlidən ibarətdir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şura üzvlərinin seçkinin boykot edilməsi ilə bağlı çağırışlarına münasibət bildirərkən deyib.

ADP sədri AXCP sədri Əli Kərimlinin apardığı siyasətin mahiyyətini açıqlayıb: “Bütün müxalifət seçkini boykot edəndə, o, seçkiyə tək gedib, bütün müxalifət seçkiyə gedəndə, o, boykot edib. Burada bir niyyət var, hamıdan ayrılanda hakimiyyətin siyasi konyunkturasına uyğun olursan. Əli Kərimli müxalifətlə nə zaman bir yerdə olub ki, indi də bir yerdə olsun? O, həmişə çalışıb ki, ortalığa müxalifətdən fərqli mövqe qoysun və o fərqə görə də özünün fərdi və qrup maraqlarını təmin etsin. Yadımdadır, 2005-ci ildə parlament seçkilərində sonuncu mitinqimizdə çox ciddi mübahisə oldu. Əli Kərimli belə təklif elədi ki, meydanda qalaq, guya hansısa dəstək olacaq, İsa Qəmbər dedi ki, aldığım məlumata görə bu, provokasiyadır, meydanda qalmaqla bütünlükdə aksiyaların qarşısı alınacaq. Sözün düzü, o vaxt Əli Kərimli mənə beynəlxalq səfirliklərin adından elə inandırıcı məlumatlar verdi ki, mən demokratik beynəlxalq qüvvələrin dəstəyinin olacağına inandım. Amma sonra hadisələr göstərdi ki, Əli Kərimli kino çəkdirirmiş, özü də baş roldadır, guya Azərbaycanda siyasi mübarizənin lideridir. Sonda noyabrın 26-da mitinqin dağıdılması ssenariyə daxil imiş. Əli Kərimli meydandan çıxır, meydanda bunu döyürlər. BBC-nin çəkdiyi kinoya baxdım, orada epizodların bir çoxu gizli şəkildə edilmiş şeylər idi. Guya AXCP-çilər qala divarlarından şəhərə nələrsə yayırlar, bunlar həqiqətə uyğun deyildi, ssenari yazılmışdı. Guya AXCP-nin sexi varmış, orada qırmızı köynəklər istehsal edirlər”.

S. Cəlaloğlu qeyd edib ki, Əli Kərimli öz marağı üçün hər şeyi - müxalifəti, mübarizəni, əqidəni də qurban verməyə hazırdır.

“Bu adam siyasət adamı deyil, siyasətdə biznesmen kimi iştirak edib. Həmişə də qazanclı çıxıb. Elçibəy iqtidarında da, Heydər Əliyev hakimiyyəti vaxtında da qazanclı çıxıb. Görünür, bəzi münasibətlər korlanıb, indi də hökumətə radikal mövqedə durmaqla qazanc əldə etmək istəyir. Bir çox kanallarla onun necə maliyyələşməsi bizə də məlumdur. Bunlar hamısı siyasi oyundur. O, seçkini boykot etmir, sadəcə olaraq siyasi boykot adı altında müəyyən qazanc götürmək istəyir.” Özü bilər, işi irəli olsun”, - deyə ADP sədri bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm