Bir “təsadüf” və Ərdoğanın çıxardığı nəticə: Türkiyə nədən müharibəyə girdi? – TƏHLİL
Bizi izləyin

Nida.az

Bir “təsadüf” və Ərdoğanın çıxardığı nəticə: Türkiyə nədən müharibəyə girdi? – TƏHLİL

Hər şey 2012-ci il 7 fevral “MİT böhranı” ilə başladı və Türkiyəni sadəcə bir təsadüf xilas etdi. Ərdoğan əməliyyat olunmaq üçün İstanbuldakı özəl xəstəxanaların birinə yola düşür, həmin anda Ankara prokurorluğu Milli İstihbarat Təşkilatının şefi Hakan Fidanı ifadə almaq üçün dəvət edir.
O Hakan Fidan ki, ona Türkiyədə “Siyasətin gizli qəhrəmanı”, yaxud “dövlətin sirr küpü” deyirlər və 1968-ci ildə doğulan gənc adam Ərdoğanın ən yaxınındakı fiqurdur. Ərdoğan sonradan hədəfin özü olduğunu deyəcəkdi.


... Türkiyə saatı ilə 16:30: Ərdoğan əməliyyat üçün yola çıxır.


Saat 16:55: MİT şefinin iş saatının bitməsinə dəqiqələr qalmış prokurorluq onu ifadə verməyə çağırır, lakin o, həmin vaxt Baş nazir olan Ərdoğanla danışmadan getməkdən imtina edir. Ərdoğanla əlaqə alınmır, “dövlətin sirr küpü” keçmiş prezidenti Abdulla Güllə telefon əlaqəsi yaradır. Həmin ərəfədə Ərdoğan kortejini yolda saxlayır və əməliyyatdan öncə yaxın bir qohumunu ziyarət etmək istədiyini deyir. Əməliyyat təxirə salınır, ardınca Hakan Fidan Baş nazirlə əlaqə yarada bilir və “yerində qal” əmrini alır. Amma polis artıq MİT-in girişində idi. Yeganə yol silahlı qarşıdurmaya getmək olsa belə, “sirr küpünü” polisə təslim etməmək seçilir. Ərdoğanın mühafizə ordusu onu polisə vermədən qaçıra bilir.


Türkiyənin müasir siyasətini araşdıranlar əsas məqsədin Hakan Fidan üzərindən Ərdoğanı devirmək olduğu fikrini müdafiə edirlər. Belə ki, Hakan Fidan Baş nazirin nümayəndəsi kimi Osloda PKK liderləri ilə görüşmüşdü və bu ilin iyul ayında alt-üst olan “çözüm sürəcini”, yəni terror təşkilatı ilə sülh dövrünün başlanmasının əsasını qoymuşdu. Oslo danışıqlarının səs yazısını internetdə yayaraq, Hakan Fidanın həbsinə şərait yaradacaq bir ssenari tətbiq olundu.

Məqsəd Hakan Fidanın dilindən Oslo danışıqlarını Ərdoğanın təşkil etdiyi kəlməsini çıxarmaq və onu devirmək idi”, - türkiyəli yazar Əbdülqədir Selvi həmin prosesləri belə şərh edir.


Ehtimallar güclüdür, Ərdoğanı devirmək istəyirdilər. Lakin söhbət yalnız onun şəxsiyyətindən getmir, həmin dövrdə dövlətin başında Ərdoğan deyil, qeyrisi olsaydı belə və bu şəxs 30 ildən artıq Türkiyə dövlətinin baş ağrısına çevrilən PKK problemini həll etməyə cəhd göstərsəydi, eyni ssenari ona qarşı da tətbiq olunacaqdı.

Çünki bu savaş Türkiyənin xarici siyasətinə ən böyük əngəl olan kart kimi həmişə istifadə olunur və bu kartın aradan qalxması Qərb güclərinə, ABŞ, eləcə də bu coğrafiyada ən böyük güc olmağı planlaşdıran İsrailə sərf etmirdi. Həmin vaxtdan etibarən, Türkiyədə camaat problemi ortaya çıxdı. Polis gücləri, Ərdoğanın qollarına qandal taxmaq istəyən prokurorlar da ABŞ-ın Pensilvaniya ştatında oturan Gülənə bağlı idi. Yəni düymə okeanın o tayından basılmışdı, proses camaat tərəfindən reallaşdırılacaqdı. Bir təsadüf – yaxud da əksi – Türkiyəni xilas etdi. Daha sonra 17 və 25 dekabr hadisələri də AKP-ni devirmək və Türkiyəni daha idarəolunan dövlət halına gətirmək cəhdləri də baş tutmadı. Beləliklə, ABŞ və İsrail kəşfiyyatının Türkiyənin içinə qədər uzanan qolları kəsildi.


PKK ilə sülh bağlandığı həmin dönəmdən bu günə qədərki 3 il ərzində Türkiyənin xarici siyasəti sanki məngənə arasından çıxa bildi. Daxili stabilliyi olan dövlətin dünyada söz sahibinə çevrilməsi asandır. Təcrübə bunu deməyə əsas verir. İstər Yaxın Şərq, istər Avrasiya, istərsə Avropa siyasətində Ankara bir çox uğura imza atdı. Regionda öz mövqelərini möhkəmləndirdi, Azərbaycanla birləşərək güclü geocoğrafi gücünü təmin etdi.

Bir neçə ay öncə Vaşinqtonda mənzillənən “Stratfor” mərkəzinin rəhbəri Corc Fridman deyirdi: “Ankara və Bakının Tiflisi də öz aralarına alaraq qurduqları ittifaq yaxın gələcəkdə böyük söz sahibi olacaq”.


Bütün bunlar Türkiyənin PKK ilə sülh bağladığı dövrdə reallaşıb. “MİT böhranı”nı ona görə xatırlatdıq ki, Türkiyənin güclənməsini istəməyən, onun daim daxili problemləri ilə məşğul olmasında maraqlı olan qüvvələr bu sülhə qarşıdır. Göründüyü kimi, AKP hökuməti bu planda ən böyük əngəl idi. Amma camaatın ölkədəki gücü aradan qaldırılmışdı. Belə olan təqdirdə, eyni hədəfə doğru başqa yol seçildi.


7 iyul parlament seçkilərində kürdlərin siyasi partiyası olan HDP gözlənilmədən baryeri aşdı, AKP isə öz təkhakimiyyətliyini qura bilmədi. Çünki Türkiyədən uzaqlaşdırılan həmin güclər seçkidə HDP-nin güclü çıxması, AKP-nin zəifləməsi üçün hər şeyi etmişdilər. Bu, siyasi baxımdan həm AKP-yə sərf etmirdi, həm də 30 ildən artıq müddətdə Türkiyədə anaların göz yaşına səbəb olan PKK-nın leqal olaraq dövlətə sızmasına aparırdı. AKP kimi MHP və CHP də fakt qarşısında qalmışdı. Seçkinin ardınca koalision hökumətin qurulması danışıqları başladı.

Amma ilk gündən koalision hökumətin nə AKP-yə, nə də Türkiyəyə sərf etmədiyi aydın məsələ idi. Bununla AKP öz tək hakimiyyətlilik arzusundan vaz keçməli, Türkiyə isə PKK problemindən sonra ikinci daxili problemlə qarşılaşmağa razı olmalı idi. “Nə yaxşı ki, koalision hökumətin qurulması prosesi baş tutmadı”. Türkiyədə gələcəyi görən siyasətçilər məhz belə düşünürlər. Və qəfil “çözüm müddəti” alt-üst oldu və Türkiyə PKK-ya müharibəyə başladı. PKK-çılar müharibəyə görə AKP-ni, hökumət isə terror təşkilatını ittiham etməyə başladı. Lakin ortada dəqiq olan bir məsələ var: Ərdoğan Türkiyənin taleyini 2012-ci ildəki “təsadüflərə” bağlamamaqda israrlı idi.


Hazırkı böyük müharibənin başlaması səbəbləri diqqət çəkir. İyulun 22-də Suruçda terror aktı törədildi, ardınca PKK-nın atəşkəsdən sui-istifadə edərək Türkiyənin daxilində silahlandığı haqda faktlar ortaya çıxdı. Terror təşkilatı türk əsgərləri şəhid etdi və Ankara düyməyə basdı. İlk baxışdan, hər şey çox qarışıq görünür, amma hər şeyə rəğmən, Ərdoğanın ağıllı oynadığı faktı danılmazdır.


Türkiyə nədən PKK-nı vurdu?


PKK-ya qarşı müharibədə Türkiyənin haqlı olduğu dəqiqdir. Lakin atəşkəsin davam etdiyi bir vaxtda bunun nədən indi başlaması suallar doğurur. O məlumdur ki, PKK türk əsgərlərini şəhid etməklə dövlətə başqa yol buraxmadı. Amma ortada daha düşündürücü səbəblər də mövcuddur.


1) Bu müharibə ilə Türkiyə seçicisinin gözündə HDP-nin nüfuzunu sıfıra endirdi. Əminliklə demək olar ki, noyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində kürd partiyası baryeri aşa bilməyəcək. Seçki öncəsi keçirilən rəy sorğuları da bunu göstərir. AKP-nin növbəti seçkidə tək hakimiyyət qurması üçün lazım olan səsi toplayacağı ehtimalı böyükdür. Hətta PKK-ya qarşı müharibədən sonra AKP-ni dəstəkləyən bir qisim kürdlər ondan üz döndərsə belə, Ərdoğan əsas prinsipi düşməni məhv etmək olan millətçilərin səsini qazana biləcək. Bu həm AKP-nin seçki nəticələrinə təsir edəcək, həm də Türkiyəni HDP bəlasından xilas edəcək. Bu arada, PKK və İŞİD-i vurmaqla başlanan terrorla mübarizə əməliyyatları 3 aylıq müddət olaraq seçilmişdi. Bu müddət məhz noyabrın 1-də başa çatacaq.


2) Seçki nəticələri Türkiyənin daxili məsələsi olsa da, onun qarşısında duran iki əsas problem də mövcud idi:

a) Onilliklərdir davam edən PKK təhlükəsi.


b) Türkiyə sərhədlərinə qədər gələn və ölkə daxilində gizli formada fəaliyyət göstərən İŞİD.


İŞİD amili ortaya çıxandan bəri ABŞ Türkiyəni bu qüvvəyə qarşı müharibəyə girməsini təmin etməyə çalışır, əksər vaxtlar buna görə Ankaraya təzyiq də edirdi. Bunun dövlət üçün təhlükəli gələcək vəd etdiyini görən Ərdoğan isə imtina yolunu seçmişdi. Lakin hökumət İŞİD-in ölkə üçün ciddi təhlükəyə çevrildiyinin də fərqində idi. Belə bir dilemma qarşısında qalan Ankara məqam gözləyir, bütün gücünü İŞİD-ə qarşı sərf etməklə, PKK-nın güclənməsinə səbəb olmaq istəmirdi.

Və qəfil Türkiyə aktiv müharibəyə qoşuldu. Ehtimal etmək olar ki, Ankara onu İŞİD-ə qarşı müharibəyə girməsini istəyən Vaşinqtonla razılığa gəlib: Türkiyə İŞİD-ə qarşı aktiv əməliyyatlara qoşulur, İncirlik hərbi bazasını müəyyən qədər koalisiya qüvvələrinin döyüş təyyarələri üçün açır, əvəzində ABŞ Ankaranın PKK-nı vurmasına göz yumur. Beləliklə, Ankara bir zərbə ilə təhlükə hesab etdiyi hədəfləri eyni anda vura bilir. Öz sərhədlərini İŞİD-dən təmizləyir, Qərb mətbuatının “Ankara İŞİD-ə yardım edir” damğasını alt-üst edir, Türkiyədə leqal qüvvəyə çevrilmə təhlükəsi yaranan PKK-nı məhv edir və seçkini öz xeyrinə, ümumilikdə dövlətin lehinə çevirə bilir.


Hələlik Türkiyənin bu müharibədə dövlət olaraq qazanan tərəf olduğu görünür. Hər şey isə noyabrın 1-dən sonra daha dəqiq bilinəcək.


Asif Nərimanlı







Oxumağa davam et
Reklam
Reklam

Gündəm