İlham Əliyev Texniki-Humanitar Liseydə olub
Bizi izləyin

Nida.az

İlham Əliyev Texniki-Humanitar Liseydə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, təhsil ocağının binası 1963-ci ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verildi. Qeyd edildi ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb.

Liseyin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Nəsimi rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.

Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.

Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış oldu.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Texniki-Humanitar Liseydə də bütün sinif otaqları, fənn kabinetləri ən müasir səviyyədə qurulub. Lisey yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Qeyd olundu ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur. Texniki-Humanitar Lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində liseyi bitirən 112 məzunun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 17-si 600-dən yuxarı bal toplayıb.

Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm