Media orqanları seçkidən pul qazana biləcəkmi? - SORĞU
Bizi izləyin

Nida.az

Media orqanları seçkidən pul qazana biləcəkmi? - SORĞU

Parlament seçkilərinə rəsmən start verilib. Bir qədər sonra namizədlərin təbliğat-təşviqat, reklam kampaniyası dönəmləri üçün hazırlıqlar başlayacaq. Dünyanın inkişaf etmiş ölkələrində seçki həm də media üçün çox gəlirli dönəm hesab olunur. Namizədlərin təbliğat materialları, fotoları, müsahibələri... ödənişli əsaslarla media orqanlarına təqdim olunur, nəticədə mətbuat orqanları xeyli qazanc əldə edir.

Azərbaycanda isə media orqanları üçün vəziyyət tamamilə fərqlidir. Xüsusən çap mediası 2010-cu ildən etibarən seçkilərdən maddi baxımdan xüsusi gəlir əldə etmir. Namizədlər daha çox üzünü elektron KİV-lərə, xüsusən də telekanallara tutur. Tirajına, oxunma faizinə və oxucular arasında populyarlığına görə seçilən çap mediası isə ölkə miqyasındakı bu mühüm siyasi hadisədən sanki qəsdən uzaqlaşdırılır. Bununla belə, ümumi vəziyyət maraqlıdır. Saytlar və qəzetlər seçki kampaniyasında pul qazana biləcəklərmi? Qiymət prayzı çıxarılıbmı? İqtidar-müxalifət fərqi qoyulacaqmı? Məsələn, daha öncə bəzi media orqanlarında pulsuz təbliğat materialı yerləşdirən müxalifətçilər üçün indi eyni şanslar qüvvədə olacaqmı?

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, seçki dönəminin girməsinə baxmayaraq, sönüklük hiss olunur. Onun sözlərinə görə, namizədlər gözləmə mövqeyindədir. Müsahibimizin fikrincə, bu, yaxın günlərdə açıqlanacaq YAP siyahısı ilə bağlıdır:

“Həmin vaxt artıq hər kəs öz dairəsini müəyyənləşdirəcək. Faktiki müraciətlər var. Amma gözlənilən səviyyədə deyil”. Müsahibimiz bildirdi ki, ötən seçkilərlə müqayisədə reklam şərtlərində və tariflərdə ciddi dəyişiklik yoxdur. Ə.Süleymanov qəzetə, sayta müraciət edən hər bir namizədə qapıların açıq olduğunu bildirdi.

“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı isə “Yeni Müsavat”a açıqlamasında vəziyyətin ürəkaçan olmadığını bildirdi. Dedi ki, seçki əhval-ruhiyyəsi bizim istədiyimiz və yaxud bizə xeyir verə biləcək səviyyədə deyil:

“Bunun da səbəbləri var. Müxalifət partiyaları seçkini, demək olar, hazırlıqsız və həvəssiz qarşıladı. Bütün potensial namizədlər Yeni Azərbaycan Partiyasının məlum siyahısını gözləməkdədir ki, özü ilə bağlı konkret qərar verə bilsin. Bu səbəblərdən də medianın parlament seçkiləri ilə bağlı reklam bazarından yüksək gəlir əldə edəcəyini güman eləmirəm. Hələ ki 1-2 nəfəri çıxmaq şərtilə, bizə reklamla bağlı müraciət edilməyib. Ola bilsin, YAP-ın seçki siyahısı açıqlanandan sonra belə müraciətlər çoxalsın”.

A.Camalqızı dedi ki, iqtidar-müxalifət bölgüsü ilə bağlı onların mövqeyi ortadadır. Konkret hədəfləri olduğunu deyən müsahibimiz radikal çıxışları ilə tanınan müxalifətçilərə tribuna verməyəcəklərini vurğuladı:

“Amma normal, konstruktiv müxalifətçilik edən hər kəslə - reklam şərtlərimizi qəbul etdiyi halda - əməkdaşlığımız mümkündür. Mən həmişə bu fikirdə olmuşam ki, müxalifətçilik - düşmənçilik deyil, bir dünyagörüşüdür. Ölkəsinin uğurlarına sevinən və bu uğurlarda az və ya çox dərəcədə qatqısı olan hər hansı bir müxalifətçi ölkəsinə heç bir xeyir verməyən ”dekorativ“ iqtidaryönlüdən daha lazımlıdır”.

A.Camalqızı reklam qiymətlərinin həmişəki kimi olduğunu və dəyişmədiyini də bildirdi. Onun sözlərinə görə, qiymətlər mövcud reklam tariflərinə uyğun tərtib olunub və seçki ilə bağlı heç bir artım nəzərdə tutulmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm