Türkiyə mediası Qarabağ haqda: “Artıq vaxt yetişib”
Bizi izləyin

Nida.az

Türkiyə mediası Qarabağ haqda: “Artıq vaxt yetişib”

Ermənistan-Azərbaycan cəbhə xəttində son günlər atəşkəs intensiv olaraq pozulur.


Publika.az xəbər verir ki, Türkiyənin “Anadolu” agentliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan gərginlikdən bəhs edən məqalə dərc edib.


Məqalədə münaqişənin tarixinə və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına diqqət çəkilir: “Atəşkəs 1994-cü ildə imzalanmasına baxmayaraq, təmas xəttində gərginlik heç vaxt bitmədi. Daha əvvəl kiçikçaplı silahlardan istifadə olunurdusa, son dövrlərdə iriçaplı silahlar, ağır artilleriya dövriyyəyə girib. Azərbaycan Müdafiə Nazirliyi əvvəllər atəşkəs pozulanda “qarşı tərəf cavab atəşi ilə susduruldu” deyə bildirirdisə, son günlər bu açıqlama “qarşı tərəfə ağır zərbələr endirildi” sözləri ilə əvəz olunub. Nazirlik son 10 gündə ən azı 10 erməni əsgərinin öldürüldüyünü açıqlayır. Müdafiə naziri Zakir Həsənov bu ilin iyun ayına qədər 60 erməni əsgərinin məhv edildiyini bildirib.

Azərbaycan tərəfi 2015-ci ildə 12 şəhid verib. Rəsmi məlumata görə, onlardan 10-u ermənilərin açdığı atəş zamanı, ikisi isə mina partlaması zamanı həyatlarını itiriblər. Azərbaycan rəsmiləri təkcə avqust ayında Ermənistanın atəşkəsi 836 dəfə pozduğunu qeyd ediblər. Azərbaycan tərəfi xüsusilə sivil vətəndaşların hədəfə çevrilməməsi üçün cəbhə xəttinə yaxın kəndlərdə divarlar hörməyə başlayıb. Tovuzun Əlibəyli kəndində 800, Haccalı kəndində isə 500 metrlik divar tikilib. Ermənistan tərəfinin isə cəbhə xəttindəki kəndləri boşaltdığı iddia olunur”.


Məqalədə qeyd olunur ki, hər iki tərəf sürətlə silahlanır və gərginlik ən yüksək səviyyədə hiss olunur.


“Artıq vaxt yetişib. Səbri tükənən xalqımız, öz yurdlarından qovulan insanlarımız bizdən hərəkətə keçməyimizi və işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir”, - deyə agentlik məqalədə Zakir Həsənovun bəyanatına yer ayırıb.

Məqalədə Serj Sarkisyanın bir neçə gün öncə Moskva səfəri və Vladimir Putinlə görüşü xatırlanır. Vurğulanır ki, Sarkisyan Putinə Azərbaycandan şikayət edib.


“ATƏT-in Minsk qrupu isə indiyə qədər münaqişənin həllində heç bir nəticə əldə edə bilməyib”, - deyə agentlik qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm