• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Şahdağ Turizm Mərkəzi" QSC yaradılır

  • Nida.az
  • 10 Sentyabr 2015 19:21
  • 273 Baxış
"Şahdağ Turizm Mərkəzi" QSC yaradılır

Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Qusar rayonu ərazisində, Qafqazın şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və ərazisi 2 min hektardan artıq sahəni əhatə edən Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildən başlanılmışdır. Layihələndirmə, tikinti, təchizat və idarəolunma işlərinə bir sıra xarici ölkənin təcrübəli şirkətləri cəlb olunmuşdur.

Kompleksin ərazisində 3, 4 və 5 ulduzlu hotellərin, mehmanxanaların, kanat və xizək yollarının, idman qurğularının və digər sosial obyektlərin tikintisi nəzərdə tutulub. Hazırda Kompleksdə dünya standartlarına uyğun 500 yerlik 3 hotel, uzunluğu 6 min metrdən artıq olan 7 kanat yolu, 13 min metr olan 11 dağ-xizək enişi turistlərin istifadəsinə verilmişdir. Kompleksə on kilometrlərlə uzunluqda yüksəkgərginlikli elektrik və fibro-lifli rabitə xətləri, qaz, su kəmərləri, avtomobil yolları çəkilmişdir. Kompleksdə layihə üzrə nəzərdə tutulan obyektlərin tikintisi tam başa çatdıqdan sonra hər gün 10 min turisti qəbul etmək mümkün olacaq, iş yerlərinin sayı isə 5 minə çatdırılacaqdır.

Sərəncamda qeyd olunur ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

Müəyyən edilir ki, Cəmiyyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

- Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Mədəniyyət və Turizm Nazirliyinə Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi; Cəmiyyətin sədrinin və sədrin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

- Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etmək; Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən tikintisi başa çatdırılmış obyektlərin Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etmək; Cəmiyyətin ərazisinin hüdudlarını müəyyənləşdirərək təsdiq etmək; Cəmiyyətin balansında olan, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına inşa edilmiş obyektlərə çəkilən xərclərin onun nizamnamə kapitalına yönəldilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşrılıb.

Mədəniyyət və Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması və maliyyələşdirilməsi ilə bağlı təkliflərini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin və onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirəcəklər.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR