Deputat: “Avropa Parlamentinin qətnaməsi təsadüf sayıla bilməz”
Bizi izləyin

Nida.az

Deputat: “Avropa Parlamentinin qətnaməsi təsadüf sayıla bilməz”

“Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi “qətnamə” qərəzdən başqa bir şey deyil”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov bildirib.

Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlərin heç biri konkret faktlara əsaslanmır. Onun sözlərinə görə, bu, sadəcə olaraq, Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir.

F.Muradov qətnamədə insan hüquq və azadlıqlarının pozulması hallarını “qınayan” Avropa Parlamentinə elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib: “Bu gün Avropanın özündə insan haqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada, demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil”.

Deputat bildirib ki, qətnamədə əsas qərəzli məqam vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan “nöqsanlar”dır: “Bu qətnamə layihəsini hazırlayanların, deyəsən, Azərbaycandan heç xəbəri yoxdur. Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı. Bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir. Azərbaycanın bugünkü inkişafı və regionda nüfuzu, təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşərik ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir.

Bu gün bizim əsas məsələmiz torpaqlarımızın işğaldan azad edilməsidir. İşğalçı Ermənistan isə cəbhə xəttində hər gün təxribatlara əl atır. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqe ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz. Görünür ki, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm