Baş redaktorlardan Avropa Parlamentinə etiraz
Bizi izləyin

Nida.az

Baş redaktorlardan Avropa Parlamentinə etiraz

Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. Liberal Demokratlardan ibarət fraksiyanın (ALDE qrup) hazırladığı qətnamədə Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının pozulduğu, normal seçki mühitinin olmadığı iddia olunur və Avropa Xarici Siyasət İdarəsi ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etməməyə çağırılır. Qətnamədə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqinə də çağırışlar edilir.

Rəsmi Bakı artıq AP-nin qətnaməsinə cavab verib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu qərarı “Avropa Parlamenti artıq reallıq hissini itirib və oyuncağa çevrilib” - deyə şərh edib.


Publika.az media orqanları rəhbərlərinin AP-nin qərəzli qətnaməsi və onun arxasında duran məqamlarla bağlı fikirlərini öyrənib.


“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı hesab edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərarları və bu qərarların kimlər tərəfindən təqdim edilməsi, həmçinin qərarın qəbul edilməsində seçilən zaman həqiqətən də bu qurumun oyuncağa çevrildiyini sübut edir: “İlk növbədə, qətnaməni təqdim edən ALDE qrupuna nəzər salaq. Avropa Parlamentinin anti-Azərbaycan qərarları, demək olar ki, həmişə bu qrup tərəfindən gündəmə gətirilir. Bu, təsadüfdürmü? Təbii ki, yox. Faktlar göstərir ki, Avropa Parlamentinin öz prinsiplərindən kənar qərarlar qəbul etməsinə təsir göstərən erməni lobbisi bu qrupun tərkibində də yer alır. Misal üçün, Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsi nəticəsində Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad edilməsi zamanı Avropa Parlamentinin “narahatlığını” ifadə etməsi də məhz bu qrup tərəfindən təklif olunmuşdu.
Bu və digər faktlar Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qərar və qətnamələrin arxasında erməni lobbisinin olduğunu göstərir”.


A.Camalqızı qeyd edib ki, AP-nin məlum qətnaməsinin Azərbaycanda seçki öncəsi qəbul edilməsi də qaranlıq məqsədlərə xidmət edir. Onun sözlərinə görə, bu, Azərbaycandakı seçki haqda öncədən mənfi ictimai rəyin formalaşdırılmasına xidmət edən addımdır: “Görünür, uzun zamandır başlanan anti-Azərbaycan kampaniyası hələ də davam edir. Avropa Parlamentinin bu qətnaməsi də onu deməyə əsas verir ki, Qərbdəki anti-Azərbaycan dairələri seçkilərlə bağlı bəyanat və qərarlarını indidən hazırlayıblar. Sadəcə olaraq, altına imza və tarix qoymaq qalıb. Bunun özü ortada Azərbaycana qarşı ciddi qərəzin olduğunu göstərir”.


A.Camalqızı Avropa Parlamentinin Avropa ölkələrində insan hüquq və azadlıqlarının pozulmasına göz yumduğunu diqqətə çatdırıb.


“Polis zorakılığı, rasizm, miqrantların pozulan hüquqları, jurnalistlərin küçənin ortasında öldürülməsi və s. Avropadan hər gün bu tipli xəbərlər gəlir. Amma Avropa Parlamenti kimi qərəzli strukturlar bunları görmək və Avropanı bürüyən problemləri həll etmək əvəzinə, Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqe sərgiləməklə məşğuldur. Bütün bunlar deməyə əsas verir ki, Avropa Parlamenti müəyyən qrupların maraqlarına xidmət edir və onların əlində alətə çevrilib”, - deyə o vurğulayıb.


Lakin A.Camalqızı bu qətnamənin Azərbaycana heç bir təsirinin olmayacağını düşünür. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz xalqının daha yaxşı yaşaması və ölkənin daha da güclənməsi istiqamətində fəaliyyətini davam etdirir: “Ölkəmizin inkişafının qarşısını almağa hesablanmış bu cür qərəzli qətnamələr heç bir önəm daşımayacaq. Azərbaycan xalqı öz Prezidentinə, Prezidentsə öz xalqına arxalanır. Bu birlik bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir”.


“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hesab edir ki, AP-nin qətnaməsinin müddəaları öncədən hazırlanıb: “Bu qətnamə konkret qüvvələrin maraqlarına xidmət edir. Burada ilk məqsəd Avropa Birliyi və Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədinə xidmət edir. Əgər Avropa Birliyi demokratiyanın inkişafında maraqlıdırsa, o zaman seçkidə müşahidə aparmağın əleyhinə olmazdı. Göründüyü kimi, məqsəd seçki öncəsi münasibətlərə xələl gətirməkdir”.


E.Mirzəbəyli qeyd edib ki, Avropa Parlamenti bu qətnamə ilə Azərbaycanda keçiriləcək seçkilərə münasibətini öncədən ortaya qoydu: “Yəni Azərbaycan onların tələbələrini yerinə yetirməsə, seçkinin nəticələrini şübhə altına qoyacaqlar. Burda yalnız subyektiv yanaşmalar var. Bir çox məqamlarda isə öz nüfuz vəkillərinin müdafiə mövqeyi görünür”.


“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli və islamafob münasibət göstərdi: “Avropa Parlamenti sübut etdi ki, bu qurum əslində öz əsasnaməsində olan fəaliyyət istiqamətlərini deyil, milli dövlətlərin daxili işlərinə qarışmaq yolunu tutub”.


Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü deyil və AP-nin bu qətnaməsi heç bir hüquqi əsasa malik deyil: “Madam ki, Avropa Parlamenti öz fəaliyyətini insan hüquq və azadlıqlarının üzərində qurur, o zaman ədalətli olmalıdır. Belə bir böyük qurum Azərbaycanda heç bir tədqiqat aparmadan, sorğu keçirmədən, seçki mühitini öyrənmədən qərəzli mövqelər ortaya qoyur. Bunun özü açıq qərəzin olduğunu sübut edir”.


H.Babaoğlu qeyd edib ki, bu qurum Azərbaycanla bağlı qərarını ölkə daxilindəki “5-ci kolon”dan aldığı məhdud informasiyalar əsasında qəbul edib: “Lakin bu qərarın heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkədə seçki mühiti var. Bütün bunları Azərbaycan xalqı bilir. Azərbaycanda keçirilən seçkinin taleyini də xalq həll edir. Bu qərar Azərbaycanda hər hansı siyasi prosesə təsir etmək gücünə sahib deyil. Əksinə, bu, Avropa Parlamentini gözdən salır”, - deyə H.Babaoğlu bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm