• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ATƏT-in Azərbaycana müşahidəçi göndərməmək qərarına YAP-dan reaksiya

  • Nida.az
  • 12 Sentyabr 2015 14:05
  • 374 Baxış
ATƏT-in Azərbaycana müşahidəçi göndərməmək qərarına YAP-dan reaksiya

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəldən məqsədi ondan ibarət idi ki, müxtəlif bəhanələr gətirərək parlament seçkilərində Azərbaycana müşahidəçi göndərməsinlər”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ATƏT DTİHB-nin Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsinə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, DTİHB bu və ya digər bəhanələrlə Azərbaycan hökumətinin, Azərbaycan Parlamentinin, Mərkəzi Seçki Komissiyasının müşahidəçi göndərmək dəvəti ilə bağlı problemlər yaradırdı: “Mərkəzi Seçki Komissiyası və ayrı-ayrı aidiyyəti qurumlar Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar həm müxtəlif Avropa institutlarına, həm MDB Parlament Assambleyasına, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, o cümlədən ayrı-ayrı ölkələrin parlamentlərinə və seçki komissiyalarına seçkilərin azad, ədalətli, demokratik keçirilməsini müşahidə etmək üçün müşahidəçilər göndərilməsi ilə bağlı müraciətlər edib”.

Millət vəkili qeyd edib ki, bu müraciətlərə və Azərbaycanın mövqeyinə baxmayaraq, istər Avropa Şurası Parlament Assambleyasından, istərsə də ATƏT-dən və xüsusilə DTİHB-dən elə adamlar seçilib bu müşahidə missiyasına daxil edilmişdi ki, onların bir hissəsi Azərbaycanın icazəsi olmadan işğal olunmuş Dağlıq Qarabağ ərazisində bu və ya digər tədbirlərdə iştirak ediblər, bəziləri də Ermənistan parlamenti ilə həmin ölkələrin parlament dostluq qruplarının rəhbərləridir: “Yəni bu cür adamları xüsusilə seçib müəyyənləşdirmişdilər ki, Azərbaycan hökuməti növbəti dəfə etiraz etsin və bunlar da bəyan etsin ki, Azərbaycan müşahidəçilərin gəlməsini istəmir. Bilirsiniz ki, Azərbaycan iqtidarı belə bir şərt qoyub ki, Azərbaycandan icazəsiz Dağlıq Qarabağ ərazisinə gedən siyasətçi, iş adamı, müğənni, yazıçı, şair, yəni kimliyindən asılı olmayaraq hər kəs qara siyahıya daxil edilir və Azərbaycana buraxılmır”.

Onun sözlərinə görə, DTİHB ayrı-ayrı dövlətlərə 15 nəfərdən artıq müşahidəçi göndərmir: “Azərbaycanda 125 seçki dairəsi fəaliyyət göstərir və Azərbaycan hökuməti hər dairəyə bir nəfər qısamüddətli müşahidəçi və 10-a yaxın uzunmüddətli müşahidəçi göndərməyi təklif edib ki, bu da kifayət edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçki haqqında öz fikrini bildirsin”.

S.Novruzov bildirib ki, DTİHB-nin və digər bu kimi qurumların rəyi artıq bəllidir: “Seçkilərin necə keçirilməsindən asılı olmayaraq, bunların rəyi artıq yazılıb. Sadəcə olaraq bunlar müxtəlif bəhanələr axtarırlar”.

YAP rəsmisi əlavə edib ki, Azərbaycanda seçkinin taleyini xalq həll edir, xalqın iradəsi ilə formalaşır: “Bəzən belə fikirlər ortaya atırlar ki, guya müşahidəçi olmasa, filan partiya iştirak etməsə seçkilər demokratik hesab olunmur. Seçki qanunla keçirilir və qanunla keçirilən seçki azad, demokratik və şəffaf seçkidir. Azərbaycanda da həmişə ədalətli, demokratik, şəffaf və qanuni seçkilər keçirilir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR