Qüdrət Həsənquliyev iqtidara müraciət etdi
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev iqtidara müraciət etdi

"Bu qətnamə ölkədə baş verəcək mühüm bir siyasi hadisə - parlament seçkiləri öncəsi qəbul olunub. Adətən mühüm siyasi hadisələr öncəsi beynəlxalq birliyin diqqəti bu hadisənin baş verəcəyi ölkəyə yönəlir. Və onlar çalışırlar ki, həmin ölkənin imicini korlaya biləcək qərar qəbul eləsinlər".

Axar.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi geniş müsahibəsində Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini şərh edərkən deyib. Onun sözlərinə görə, bu qərarın qəbul olunmasında erməni lobbisinin və islamafobların fəal işitirak etdiklərinə qətiyyən şübhə yoxdur:

“Hazırda Avropada müəyyən insanlarda islama qarşı düşmən əhval-ruhiyyəsi formalaşıb. Biz bunu müsəlman qaçqınlara münasibətdə də əyani şəkildə görürük. Digər tərəfdən, yaxşı bilirik ki, Avropada erməni lobbisi həddindən artıq güclüdür və bir çox hallarda bəzi siyasətçiləri, o cümlədən Avropa Parlamentinin, beynəlxalq təşkilatların üzvlərini pulla ələ almaqla, şantaj etməklə onların mövqelərini müdafiə etməyə məcbur edirlər. Qətnamənin qəbulunda bu faktorların böyük rolu var. Düşünürəm ki, bu prosesdə rusiyapərəst qüvvələrin də rolu ola bilər. Bilirsiniz ki, Rusiya hazırda Avropaya münasibətdə düşmən mövqedədir. Avropa İttifaqı Rusiayaya qarşı sərt sanksiyalar tətbiq edib və Rusiya da Avropaya qarşı dayanmaq üçün özünə müttəfiqlər axtarır. Avropada Rusiyanın lobbiçiliyini edən qüvvələrin olduğu kimsəyə sirr deyil. Xüsusilə də Almaniyada belələrinin sayı həddindən artıq çoxdur. İndi biz Almaniyada vaxtilə kansler olmuş şəxsin belə Rusiyaya işlədiyinin şahidi oluruq. Onlar da Azərbaycanın Avropa ilə münasibətlərinin kəskinləşməsinə çalışırlar ki, yaranmış vəziyyətdən öz maraqları üçün maksimum istifadə etsinlər. Başqa cür ifadə etsək, çalışırlar ki, istisnasız olaraq ərazi bütövlüyümüzün bərpası naminə Rusiyaya güzəştə gedə biləcəyimiz məsələlərdə, sadəcə, Rusiya bizim mövqeyimizdə dayanır deyə güzəştə gedək”.

Millət vəkili qətnamənin qəbul olunmasında Azərbaycanın Rusiyaya yaxınlaşdığı haqqında bir rəyin yaranmasının da rol oynadığını deyib:

“Avropada bir qrup insanda son zamanlar belə bir qənaət yaranıb ki, Azərbaycan Rusiya ilə yaxınlaşır. Əlaqələr xeyli dərəcədə inkişaf etdirilib, Bakıda Moskva Dövlət Universitetinin filalı açılıb, daha bir ali təhsil ocağının da filalının açılması gözlənilir. Humanitar sahədə mütamadi olaraq forumlar keçirilir, siyasi əlaqələr həddindən artıq genişlənir. Rusiya Azərbaycana ən müasir silahlar satmağa başlayıb, həm də heç bir məhdudiyyət qoymadan. Eyni zamanda Azərbaycan Rusiya əleyhinə qərarlara Avropa Şurasında səs verməyib. Bütün bunlar isə bir qrup insanı qıcıqlandırır ki, Azərbaycan nə üçün Rusiya ilə yaxınlaşır. Amma indi görək, Rusiyanın hakim dairələrinin kişiliyi çatacaq ki, Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ən azından ədalətli mövqe sərgiləsinlər? Azərbaycan insanı da görsün ki, doğrudan da Rusiyanı dəstəkləməyə dəyərmiş…”

Q.Həsənquliyev qətnamənin qəbulunda ordumuzun gücləndirilməsi yönündə atılan ciddi addımları, Azərbaycan hökumətinin və ordusunun son vaxtlar Qarabağı işğaldan azad etmək istiqamətində daha sərt mövqe ortaya qoymasıdır:

“Bu faktlar həm erməni lobbisini, həm də Qərb dairələrini qorxudur. Belə təzyiqlərlə Azərbaycanı küncə sıxışdırmaq, Qarabağı işğaldan azad etmək niyyətindən vaz keçirməyə çalışırlar”.

Millət vəkili Azərbaycan dövlət rəsmilərinin mövqeyinin Avropa Parlamentinə qarşı qəti addımlar atmaq üzərində qurulduğunu da diqqətə çatdırıb:

“Bu qətnəmənin qəbul olunmasında sadaladığım maraqlı dairələrin, o cümlədən ermənipərəst siyasətçilərin, parlamentarilərin də məqsədi bu idi ki, Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsilsin. Yəni indiki halda problemlərin kəskin şəkildə ifadə olunması onların həllinə gətirib çıxarmır, əksinə, daha çiddi ziddiyyətlərə yol açır. Çox güman ki, Azərbaycan iqtidarı qətnaməyə cavab olaraq addımlar atacaq və bu addımla da Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsiləcək. Qəbul olunacaq qərarlara görə, Azərbaycan hökumətini kimsəni qınaması çox çətindir. Eyni zamanda, Avropa Parlamentində də bu qətnamənin qəbulunun yanlış olduğunu başa düşən kifayət qədər insan var. Çünki 202 nəfər təkidlə bu qərarın qəbul olunmasının əleyhinə çıxıb, 72 nəfər bitərəf qalıb. Bu da böyük bir rəqəmdir. Həmin insanlar da başa düşürlər ki, qətnamənin qəbul olunması yanlış qərardır və münasibətlərə ziyan vuracaq. Ona görə də hesab edirəm ki, Azərbaycanın xarici siyasət idarəsi, parlament Avropa Parlamentindəki həmin o 274 nəfərlə əməkdaşlığı davam etdirməlidir. Yəni Avropa İttifaqı ilə bütünlüklə əlaqələri kəsməməlidir. Avropa Komissiyası ilə əlaqələr davam etdirilməlidir. Düşünmürəm ki, Avropa Komissiyası Avropa Parlamentinin qətnaməsində yer alan hansısa məsələlərlə bağlı qərarlar qəbul etmiş olsun. Bu mənə indiki vaxtda az inandırıcı gəlir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan da elə addımlar atmalıdır ki, Avropa Komissiyası da Avropa Parlamenti ilə eyni mövqedən çıxış etməsin. Hər halda, Avropa Komissiyasının komissarı çıxış edərək bu qətnamənin qəbul olunmasına etirazını bildirib. Nəzərə alsaq ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, bu ölkənin Azərbaycanla nə dərəcədə səmimi bir tərəfdaş ola biləcəyinə ciddi şübhələr var. Bu səbəbdən də bizim Avropa ilə münasibətlərimizi tamamilə kəsməyimiz çox ciddi problemlər yarada bilər. Eyni zamanda nəzərə almalıyıq ki, əsas icrac məhsulumuzu – neftimizi biz İsrailə və Avropaya satırıq. Onu da bilirik ki, İsrail Qərbdən asılı bir ölkədir və heç bir halda Qərblə münasibətlərinin kəskinləşməsini istəməz. Bu baxımdan düşünürəm ki, Azərbaycan hökuməti emosiyalardan uzaq və daha ölçülü-biçili qərar qəbul etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm