Qüdrət Həsənquliyev: “Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamə ilə bağlı çıxış edib.

Publika.az-ın məlumatına görə, deputat elan edib ki, o, parlamentin sədri Oqtay Əsədovun dediyi qənaəti bölüşür: “Qətnamə əslində Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin zədələnməsinə xidmət edir. Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkin deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındılar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur. Bir dəfə Avropa Parlamentinin üzvlərinə dedim ki, 5-6 nəfərə görə Azərbaycana qarşı sanksiya tətbiq etməyi gündəmə gətirirsiniz, bəs milyona qədər insanı qaçqın hala salan, on minlərlə insanı qətlə yetirən, insanları əlil edən işğalçı Ermənistana qarşı belə sanksiya haqda danışmırsınız, gündəmə gətirmirsiniz?”

Q.Həsənquliyev daha sonra Yaxın Şərqdə baş verən duruma diqqət çəkib: “Yaxın Şərqi qana boyadılar. Misiri qana buladılar. Misirdə demokratiya qurdular? Bir generalı digər generalla əvəzlədilər. Suriya rifah dövləti idi, nə günə qoydular? Dövləti dağıtdılar. Liviyanı nə günə qoyduqları bəllidir. Bu qətnamə qərəzlidir. Fikrimcə, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması, dövlətin öz torpaqlarının azad edilməsi məsələsində ciddi addımlar atması ilə bağlıdır. Vurğulayıram ki, təhlil edəndə görünür ki, bu qətnamə ermənilərə xidmət edən, Avropa Parlamentinin marağına xidmət etməyən sənəddir”.

BAXCP sədri daha sonra qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentinin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini zənn etmir: “Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm