Fəttah Heydərov: “Bu cür qondarma sənədlər Azərbaycanı ayıq-sayıq olmağa vadar etməlidir”
Bizi izləyin

Nida.az

Fəttah Heydərov: “Bu cür qondarma sənədlər Azərbaycanı ayıq-sayıq olmağa vadar etməlidir”

“Avropa Azərbaycan dövlətinin və prezidentinin yürütdüyü müstəqil siyasətə paxıllıq edir”.

Publika.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında Milli Məclisin regional məsələlər komitəsinin sədr müavi, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib.

“Azərbaycan xalqının iradəsinə və dövlətinin müstəqilliyinə qarşı Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamənin müzakirəsi doğru addımdır. Bu qətnamə demoqoqiya, yalan, böhtan və anti-sülh xarakter daşıyır. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilən məsələlərin heç biri doğru deyil. Bu qətnamə reallığı əks etdirmir. Çünki bu gün Azərbaycana gələn xarici qonaqların hər biri etiraf edir ki, Azərbaycan dünyada inkişaf edən və nümunəvi dövlətdir”.

F.Heydərov bəyan edib ki, indi dünyanın ayrı-ayrı yerlərində qanlı müharibələr və münaqişələr baş verir: “Ancaq Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Azərbaycan da regionun ən güclü və sabit ölkəsidir. Azərbaycan region üçün əhəmiyyətli ölkədir. Bu gün bəzi anti-milli dairələr erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. Məhz bu səbəbdən də bu cür böhtan xarakterli sənəd qəbul olundu. Hesab edirəm ki, bu cür qondarma sənədlər Azərbaycanı ayıq-sayıq olmağa vadar etməlidir. Biz bu cür sənədlərə qətiyyətlə cavab verməliyik”, - Fəttah Heydərov əlavə edib.

“Avropa Parlamentində qəbul edilən sənəd Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir”. Bunu isə Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, saxta erməni soyqrımı ilə bağlı böyük fond yaradılıb. Bu fonddan Azərbaycana ləkə atmaq üçün maliyyə ayrılır: “Şimali Amerikada, Latın Amerikasında, Avropa ölkələrində bu maliyyədən Azərbaycana qarşı istifadə edilir. Baxın, qəfildən Avropa deputatları Qarabağa səyahətləri başladılar. Söhbət demokratiya və insan hüquqlarından getmir. Bütün bunların başında lobbi təşkilatı durur. Təbii ki, Azərbaycan və Türkiyənin güclənməsini istəməyən qüvvələrdə bu işdə var. Nəhayət, Azərbaycanda bütün dinlər və millətlər tolerant formada yaşayır. Bu da onların işini pozur. Azərbaycana qarşı olan hər bir deputatın seçki dairəsində etiraz bildirilməlidir. Avropa Parlamentinin qarşısında da aksiyalar olmalı, etirazlarımız ifadə olunmalıdır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə diasporu bu işdə aktiv olmalıdır. Azərbaycan böyük qardaş istəmir. Bu, bizə lazım deyil. Kimsə də bizə böyük qardaşlıq etmək iddiasına düşməsin. Azərbaycan müstəqil dövlətdir. Biz bu xətti müdafiə etməli və irəli aparmalıyıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm