• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli mümkün yol kimi qəbul olunur”

  • Nida.az
  • 15 Sentyabr 2015 16:24
  • 395 Baxış
XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli mümkün yol kimi qəbul olunur”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valteri qəbul edib.


XİN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu vurğulayıb.


E. Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunmasının beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1994) saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və ərazilərinin işğalı qınanılır, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiq olunduğunu deyən nazir qətnamələrdə işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu qeyd edib.


O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasıyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərpa olunmasına xidmət edəcəyini deyərək, buna qarşı yalnız Ermənistanın çıxış etdiyini nəzərə çatdırıb.

Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən nazir münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğulayıb.


Elmar Məmmədyarov 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə daha bir təsirli formada cavab verdiyini diqqətə çatdırıb.


Nazir Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyişdirilməsi və Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsinin Ermənistan tərəfindən Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulması olduğunu qeyd edib və ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar qarşısında bu məsələnin davamlı şəkildə qaldırılacağını bildirib .

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada Minsk Qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. Əlavə edib ki, Minsk qrupunun bütün üzvləri, eləcə də müqabil beynəlxalq təşkilatlar da münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin digər müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR