Böyük Şərq Planında Qarabağ savaşı - “İlin sonuna kimi müharibə ola bilər”
Bizi izləyin

Nida.az

Böyük Şərq Planında Qarabağ savaşı - “İlin sonuna kimi müharibə ola bilər”

Türkiyəli yazar Selçuk Düzgün “Türkiyə terrora təslim olduğu bir vaxtda Azərbaycan və KKTC-də (Şimali Kipr Türk Cümhuriyyəti – red.) nələr olur?” başlıqlı yazısında Dağlıq Qarabağ və regiondakı digər proseslərlə bağlı maraqlı analiz aparıb.

Publika.az xəbər verir ki, müəllif təmas xəttində yaşanan gərginliyi və Qarabağda baş verə biləcək müharibə ehtimalını şərh edib: “Haqlı olaraq hamımız diqqətimizi Türkiyədə terror hadisələrinə yönəltmişik. Belə bir vəziyyətdə ətrafımızda baş verənlərdən, xüsusilə qardaş ölkələrdə olanlardan xəbərsizik. Adətən, Türkiyədə seçkidən sonra yeni hökumətin ilk səfəri KKTC və Azərbaycana olur. Bu ziyarətlər siyasi, strateji işbirliyinin göstəricisidir və bölgədəki olaylara mesajıdır. Bunun qarşılığında Yunanıstan – yunan Kipri əlaqələri, Rusiya-Ermənistan münasibətləri var. Bu ölkələrin liderləri bir-birlərini tez-tez ziyarət edir və bir çox ortaq iqtisadi, sosial, hərbi layihələrə imza atırlar. Təəssüf ki, Türkiyə bu gün terrorla mübarizəyə görə KKTC-də baş verən gizli oyunları, həmçinin Azərbaycan-Ermənistan sərhədindəki silahlı toqquşmaları görə bilmir. Vaxtilə Girit adası türklərdən qoparılarkən Türkiyə ölkə daxilindəki terrorla mübarizə aparırdı. Azərbaycan müstəqilliyini elan edərkən və Qarabağda qətliamlar törədilərkən, biz yenə terror bəlası ilə üz-üzə idik. Yəni üzərimizdə oynanılan terror oyunları təkcə daxili problemlər yaratmır, həmçinin xarici problemlərə də səbəb olur. Bütün bunlar Türkiyənin uzun müddət ərzində başını qatıb və digər türkdilli xalqlarla əlaqəsini itirib. İndi də eyni proseslər davam edir”.

Müəllif qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədində hər keçən gün gərginlik artmaqdadır. “İllərdir kiçik çaplı silahlarla baş verən qarşıdurmada hazırda böyük çaplı silahlar, ağır artilleriya işə düşüb. Türkiyədəki PKK kimi, Ermənistan da üz-üzə döyüşə bilmir, əvəzində gizli minalı tələlər qurur, sivil vətəndaşlara hücumlar edir. Buna görə də Azərbaycan tərəfi xüsusilə sivil vətəndaşların müdafiəsi məqsədilə cəbhə xəttinə yaxın kəndlərin çevrəsinə divar hörməyə başlayıb. Tovuzun Əlibəyli kəndində 800, Hacallı kəndində isə 500 metrlik divar inşa edilib. Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə son görüşündə Azərbaycanı ittiham edərək erməni mövqelərinə böyük kalibrli silahlardan atəşə tutduğunu iddia edib və özlərinin buna cavab verdiyini bildirib. Moskva təmaslarında Rusiya ilə 200 milyon dollarlıq kredit müqaviləsi imzalayan Sarkisyan bu pulu silahlı qüvvələrin təchizatının gücləndirilməsi üçün istifadə edəcəklərini açıqlayıb”, - deyə məqalədə bildirilir.

S. Düzgün daha sonra bu proseslər haqda danışmağının səbəbini açıqlayır: “Beynəlxalq arenada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilməyənlər yaxın zamanda BOP (Böyük Ortadoğu Projesi – red.) layihəsinin bir qolu olaraq, iki ölkəni müharibəyə təhrik edərlərsə, təəccüblənməyin. Ehtimal ki, müharibə bu ilin sonuna kimi baş verə bilər. Bu müharibə üçün Ermənistan və Rusiya sürətlə hazırlıqlarını həyata keçirdirlər. Digər yandan, Kipr məsələsində də Yunanıstan və yunan Kipri birgə addımlamağı sürətləndiriblər. Təəssüf ki, Türkiyə daxilindəki terror probleminə görə bu məsələlərə diqqət ayıra bilmir. Ona da diqqət edilməlidir ki, yunan Kipri və Ermənistan PKK terror təşkilatının ana mərkəzləridir. Türkiyədə terror aktı törədənlərin böyük bir qismi bu iki ölkədə təlim keçir və ölkəmizə gətirilir. Yunanıstan və Rusiya kimi dövlətlər isə bu terror təşkilatına logistik dəstək verirlər. ABŞ və Avropa Birliyi isə lobbiçilik edir. Başda İran olmaqla qonşu dövlətlərin əksəriyyəti bu terrorçulara yardım edirlər. Belə bir vəziyyətdə Türkiyədə hər kəs milli məsələlərdə birləşməlidir. Əks təqdirdə, 20 il sonra Kiprdə türk varlığı haqda sənədli filmlər çəkmək məcburiyyətində qalacağıq. 20 il sonra Xocalı unudulacaq və daha böyük faciələrin yasını tutacağıq. 20 il sonra Türkiyənin bu bölgəsindən digər bölgəsinə pasportla gediləcək. Ona görə hər kəs ağlını başına toplamalı və bir araya gəlməlidir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm