Seçkiyə getməyən ADP sədri: “Bu, boykot deyil” - MÜƏMMA
Bizi izləyin

Nida.az

Seçkiyə getməyən ADP sədri: “Bu, boykot deyil” - MÜƏMMA

Azərbaycan Demokrat Partiyası bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina edib.

Partiyadan Publika.az-a verilən məlumata görə, bu barədə ADP-nin Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. İclasda partiyanın seçkidə iştirakı müzakirə olunub və iştirak etməmək barəsində qərar qəbul edilib.

Qərara görə, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, Ali Məclisin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini bu gündən dayandırıblar.


Qərar son vaxtlar Azərbaycanla Qərbin müvafiq institutları arasında münasibətlərin gərginləşməsi və ATƏT-in parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə əsaslandırılır.

“Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci maddəsinin 1-ci bəndinə əsasən, partiya üzv və tərəfdarlarının seçmə və seçilmə hüququnun məhdudlaşdırılması kimi yozula bilməz”, - deyə qərarda qeyd olunub.

S.Cəlaloğlu Publika.az-a açıqlamasında iştirak etməmək qərarının seçkini boykot etmək olmadığını bildirib: “Biz indiki situasiyada seçkidə iştirak etməyin məqsədəuyğun olmadığını hesab etdik və müvafiq qərarımızı verdik. Lakin bu, boykot deyil. Çünki biz üzvlərimizin seçkidə iştirakını məhdudlaşdırmırıq. İstənilən üzvümüz fərdi qaydada seçkiyə qatıla və mübarizə apara bilər. Bu, onların konstitusion hüququdur”.


Qeyd edək ki, bir müddət öncə ADP-nin “Qarabağ” blokunda birgə təmsil olunduğu Ümid Partiyası ilə seçkiyə gedəcəyi deyilirdi. Məlumatlara görə, iki partiya arasındakı gərginlik son anda vəziyyəti dəyişib.


S.Cəlaloğlu isə bununla razılaşmır. O, “Qarabağ” blokunun seçki bloku olmadığını, ADP-nin seçkidə iştirak etməməsinin isə şəxsi qərarı olduğunu bildirib. Ümid Partiyasına isə uğurlar arzulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm