Əliyevlə Nazarbayevin Qarabağ sövdələşməsi: Sarkisyanın qorxusu gerçəkləşir
Bizi izləyin

Nida.az

Əliyevlə Nazarbayevin Qarabağ sövdələşməsi: Sarkisyanın qorxusu gerçəkləşir

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslərin irəliləməsi “ya sülh, ya da müharibə” tezisini yenidən gündəmə gətirib. Son hadisələr və siyasi manevrlər müharibə ehtimalını gücləndirir. Ermənistan tərəfinin artıq gizlədə bilmədiyi qorxusu da diqqəti müharibə variantının üzərində gətirir.

Publika.az xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Astanada keçirilən türkdilli dövlətlərin toplantısında Qarabağın azad olunması haqda çıxışı, həmçinin, Ermənistanın Zəngəzuru da işğal etdiyini bildirməsi İrəvanı ciddi şəkildə təşvişə salıb. Xüsusilə Avrasiya İttifaqında birgə təmsil olunduğu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İlham Əliyevin bu mövqeyini dəstəkləməsi Serj Sarkisyan rejiminin narahatlığına səbəb olub.

Misal üçün, Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan bu barədə qorxusunu dilə gətirib.

“Avrasiya İttifaqı təhlükəsizlik problemlərini həll etməyə malik deyil. Hesab etmək olar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu maraqlandırmır. Əks təqdirdə Nursultan Nazarbayev Azərbaycan Prezidentinə Astana və İrəvanın eyni hərbi blokun üzvü olduğunu və təhlükəsizlik məsələsində öhdəliklərini xatırladardı. Lakin Nazarbayevin İlham Əliyevin nitqi haqda heç nə demədi. Şübhə yoxdur ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə, Qazaxıstan onlara hərbi yardım göstərəcək”, - deyə Ermənistan rəsmisi bildirib.

Sentyabrın 15-də Tacikistanda işə başlayan KTMT-nin sammitində Serj Sarkisyanın Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsi İrəvan rejiminin qorxu içində olduğunu bir daha nümayiş etdirdi. Sammitdən öncə - sentyabrın 8-də Ermənistan prezidenti Vladimir Putinin hüzurunda da Azərbaycanı ittiham etmiş və məsələni KTMT-nin Düşənbə sammitində qaldıracağını bildirmişdi.

Rusiyanın “Nezamisimaya qazeta” nəşri sammit haqda hazırladığı məqalədə təmas xəttindəki gərginliyə toxunur və vəziyyətin ümidsiz olduğuna diqqət çəkir: “Vəziyyət tamamilə mürəkkəbləşdi. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiq edirlər. Yaxın vaxtlara qədər ümidverici amillərdən biri BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün olacağına dair idi. Lakin bu baş tutmadı və tərəflər yalnız XİN rəhbərləri səviyyəsində masaya oturacaq”.

Bu arada Düşənbə sammitinin yekununda qərara alınıb ki, Rusiya Müdafiə Nazirliyinin bazasında KTMT-nin Böhrana Reaksiya Mərkəzi yaradılsın. Bununla yanaşı, sentyabrın 30-dan oktyabrın 4-nə kimi Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2015” kod adı altında təlimlərin keçirilməsi üçün razılığa gəlinib. Təlim çərçivəsində KTMT qüvvələrinin operativ və döyüş hazırlığının təkmilləşdirilməsi nəzərdə tutulub.

Bu, faktiki olaraq Sarkisyanın istəklərinə uyğundur. Xüsusilə Prezident İlham Əliyevin sərt bəyanatları və addımlarından təşvişə düşən Ermənistan prezidenti bununla həm Bakıya “tək deyiləm” mesajını verəcək, həm də öz xalqı qarşısında “güc nümayişi” göstərəcək. İrəvan artan müharibə ehtimalına qarşı KTMT-ni qalxan olaraq istifadə edir. Lakin burada diqqət çəkən bir neçə məqam var.

1. Son günlər Bakı-Moskva təmaslarında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll ediləcəyinə dair informasiyalar yayılır. Xüsusilə Rusiya nəşrləri Rusiyanın yeni planının olduğunu, bu plana əsasən Ermənistanın güzəştə məcbur ediləcəyini yazırlar. Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfərində bu planın detalları müzakirə edilib. Daha sonra Moskvaya çağırılan Sarkisyanın da önünə şərtlər qoyulub. ABŞ-ın nüfuzlu “Stratfor” mərkəzi də Rusiyanın Qarabağı bir sıra şərtlər müqabilində Azərbaycana qaytaracağını yazır. Beləliklə, Bakının son manevrləri və dünyada yaranmış hazırki siyasi situasiya Rusiyanın Ermənistanın arxasından çəkildiyinə dair ehtimalları artırır.

2. KTMT-nin müharibə olacağı təqdirdə Ermənistana hansı formada dəstək verəcəyi sual altındadır. Çünki Bakı-Moskva danışıqları fonunda Rusiyanın öz “NATO”-sunu Ermənistan üçün hərəkətə keçirəcəyi şübhəli görünür. Digər tərəfdən, təşkilatda Qazaxıstan faktoru diqqətdən qaçmamalıdır. Ermənistan Avrasiya İttifaqına daxil olmaq istəyərkən Nazarbayevin İlham Əliyevin istəyini nəzərə alaraq, Sarkisyanın qarşısına “Qarabağ şərtini” qoyması faktı unudulmayıb. Görünür, Bakı-Astana münasibətləri təkcə ikitərəfli münasibətlər bitmir, ortada türk faktoru və liderlərin şəxsi münasibətləri də böyük rola malikdir. Ermənistan XİN rəhbərinin müavini S. Koçaryanın “Azərbaycan müharibəyə başlayacağı təqdirdə, Qazaxıstan onlara hərbi yardım göstərəcək” deyə təşvişli sözləri də təsadüfi deyil. Bu baxımdan, Sarkisyanın “KTMT gedişi” və özünə qalxan axtarışları gülünc görünür.

Bu kontekstdə Ermənistanın “Lragir” saytının iddiası diqqət çəkir.

“KTMT-da sədrlik Ermənistana keçdi. Lakin güman ki, bu sədrlik formal xarakter daşıyacaq və blokun hərəkətlərə heç bir təsir etməyəcək. Blokun hərəkətləri ümumiyyətlə nisbi anlayışdır, çünki bu yalnız kağız üzərində olan təşkilatdır. Sadəcə olaraq, Rusiya bunu öz geosiyasi məqsədləri üçün saxlayır və Ermənistan nə vaxtsa nəzarətdən çıxmaq istəsə, ona qarşı istifadə edəcək. Digər tərəfdən, bu blok heç də İrəvanın düşündüyü kimi Ermənistanı qorumayacaq. Əksinə, müharibə olacaqsa, ona arxadan zərbə endirəcək”, - deyə saytın məqaləsində bildirilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm