• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlham Əliyev bir sıra obyektlərin açılışında olub - YENİLƏNİB

  • Nida.az
  • 17 Sentyabr 2015 18:33
  • 978 Baxış
İlham Əliyev bir sıra obyektlərin açılışında olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə tamamilə yeni və keyfiyyətli mərhələ başlayıb. Ölkədə müasir məktəb binaları, yeni tədris korpusları inşa olunur, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib.

Yeni məktəb binalarının inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin binasının inşası bunu bir daha aydın göstərir. Regionlarda bu cür məktəb binalarının yaradılması həm də ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

Dövlətimizin başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.

Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb. Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlətimizin başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gedib.

Publika.az-ın məlumatına görə, dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

***

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.

Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.

Möhtəşəmliyi ilə diqqəti cəlb edən Bayraq Meydanı kürdəmirlilər və rayona gələn qonaqların hər birinin qəlbində iftixar və qürur hissi oyadır. Bütövlükdə, geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl yerlərindən birinə çevrilib.

***

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Bu proses Kürdəmir rayonundan da yan keçməyib. İndiyədək rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yollar müasir vəziyyətə gətirilib. Növbəti yenidənqurma işləri Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunda həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Xəlsə kənd sakini Hacıoğlan Hacıyev dövlətimizin başçısına sakinlərin ürək sözlərini çatdırdı.

Sonra müəllim Elmira Şıxəliyeva çıxış etdi.

Carlı kənd sakini Gülməmməd Eyvazov da həmyerlilərinin minnətdarlıq hisslərini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların inşası, müasir səviyyədə yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.

Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkənin nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, bilavasitə dövlətimizin başçısının sərəncam və göstərişləri əsasında dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla həyata keçirilir. Onlardan biri də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsidir.

“Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.

Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib. Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, Nazirçay və Girdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib.

Dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı inşaatçılarla görüşdü, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı muzeyin yerləşdiyi Qələbə parkına gəldi.

Məlumat verildi ki, parkda İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə son vaxtlar tamamilə yenidən qurulub. Parkda fəvvarələr yenilənib, geniş abadlıq və yaşıllıq işləri görülüb. Bir sözlə, park şəhər əhalisinin istirahət yerinə çevrilib.

Tarixi keçmişimizə həssas münasibət dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs yerlərin bərpası yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikintisi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Bu proses ölkənin bütün regionlarını əhatə edir. Kürdəmirdəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Kürdəmirin tarixini əks etdirən çoxlu sayda eksponat var.

Bu muzey 33 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. İndi isə Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən bu maddi-mədəniyyət mərkəzi tamamilə yenilənib və eksponatları zənginləşdirilib.

Dövlətimizin başçısı Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeydə əsaslı yenidənqurma işlərinə 2014-cü ildən başlanılıb. Əlavə tikinti-quraşdırma işləri aparılaraq ümumi sahəsi 400 kvadratmetrə çatdırılıb. Burada iki yeni salon tikilib, əməkdaşlar üçün iş otağı və digər xidməti otaqlar yaradılıb.

Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var. Bu mədəniyyət ocağının mövzu-ekspozisiyası 4 salonda 7 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir.

Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotolar yerləşdirilib.

Muzeyin birinci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XVI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. Vaxtilə rus çarı II Nikolayın Kürdəmirdəki şərab zavodunun açılışında iştirakını əks etdirən foto tarixiliyi ilə diqqəti cəlb edir. Üçüncü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir. Burada erməni terroruna, xüsusilə 1918-ci ildə ermənilərin Kürdəmirdə törətdikləri qırğınlara həsr olunan çoxlu sayda foto və sənədlər toplanıb.

Kürdəmirin tanınmış ziyalılarına həsr olunan bölmədə isə rayonun yetişdirməsi olan tanınmış insanlar barədə geniş məlumatlar toplanıb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin tarixi, mühüm layihələrin açılış mərasimləri də xüsusi bölmədə nümayiş etdirilir.

Muzeydə aparılan təmir-tikinti işləri çərçivəsində ərazi abadlaşdırılıb, geniş yaşıllıq işləri görülüb, yeni fəvvarə inşa olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR