“Rus əhalisinin sıx olduğu digər postsovet respublikaları da ...” – İDDİA
Bizi izləyin

Nida.az

“Rus əhalisinin sıx olduğu digər postsovet respublikaları da ...” – İDDİA

“Rus əhalisinin sıx olduğu digər postsovet respublikaları da ...” – İDDİA

“Krım yarımadasındakı vəziyyət Baltik respublikaları, Azərbaycan və rus əhalinin sıx olduğu digər keçmiş sovet respublikalarını haqlı olaraq qorxudur”.Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin rəhbəri, tarixçi Əsgər Əsgərov radionun əməkdaşına müsahibəsində deyib.

Ə.Əsgərov qeyd edir ki, rus əhalisinin sıx olduğu bütün postsovet respublikalarının Rusiyanın Krıma müdaxiləsindən narahat olmasında kifayət qədər əsaslar var:

“İmperiyaların bir qaydası var: Parçala və hökmranlıq et. Azərbaycanda bir çoxları Rusiyanın həm Dağlıq Qarabağ probleminini gərginləşdirmək, həm də Azərbaycanı zəiflətmək məqsədi ilə qarşı tərəfə yardım etdiyinə və bu məsələdə baş rol oynadığına inanır. Rusiya 2008-ci ildə Gürcüstana müdaxilə edəndə azərbaycanlıların çoxu Rusiyanın gələcəkdə eyni səbəbdən Azərbaycanı da işğal edəcəyindən qorxdu. Hazırda eyni vəziyyət Ukraynada yaşanır və bu narahatlığı daha da artırır. Bu vəziyyət keçmiş sovet respublikalarının ən böyük qorxusunu gerçəyə çevirir. Eyni zamanda haqqında danışılan ölkə yalnız Azərbaycan deyil. Rus əhalisinin sıx olduğu Baltika respublikaları, Qazaxıstan və Orta Asiya respublikaları da eyni qorxu içindədir”.

“Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin rəhbəri qeyd edir ki, rus liderlərin siyasəti ilə üst-üstə düşür:

“Rusiya 1853-cü ildə Krım yarımadasındakı provaslav rusları qorumaq bəhanəsi ilə Osmanlı İmperiyası və müttəfiqləri İngiltərə ilə Fransaya qarşı müharibə etdi. Üç il davam edən müharibədə Rusiya məğlub olsa da, daha sonra bölgəni ələ keçirə bildi. Stalin dövründə Krım tatarları yarımadadan sürgün edildi. Məsələnin maraqlı tərəfi isə odur ki, Krım 1954-cü ildə - Ukraynanın Rusiya tərəfindən işğalının üç yüzüncü ildönümündə Ukraynaya hədiyyə edildi. İndi isə Krımı geri almağa çalışır. Rusiyanın siyasəti dəyişməyib. Amma yaşadığımız əsrin şərtləri fərqlidir, fərqli bir dünyada yaşayırıq. Birləşmiş Millətlər Təşkilatı var, ölkələrin ərazi bütövlüyü ciddi əhəmiyyət verilən bir mövzudur”.

Ə.Əsgərov deyilənlərin əksinə olaraq, yeni bir dünya müharibəsinin başlayacağını güman etmir.

“Rusiya artıq ən böyük hərbi güc deyil. Nüvə dövründə yaşayırıq və bu da tarazlığı təmin edir. Ancaq Rusiyanın davranışları dünyadakı digər oyunçuların mövqeyinə təsir edə və həssas güc tarazlığının pozula biləcəyi bir domino effekti yarada bilər. Rusiyanın Krımı udmasının heç də asan olacağına inanmıram. Rusiya bunun əvəzinə ödəməli ola bilər. Hesab edirəm ki, Qərb ictimaiyyəti Rusiyanın təcavüzkar davranışının əvəzini ödəməsini təmin etmək üçün hər cür addım atacaq”, - Ə.Əsgərov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm