Kreml İrəvanın arxasından çəkilir: Qarabağ üçün yeni imkan
Bizi izləyin

Nida.az

Kreml İrəvanın arxasından çəkilir: Qarabağ üçün yeni imkan

Son günlər Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində Rusiyanın müşahidə olunan addımları fonunda, ermənilərin ruslara açıq nifrət yağdırması da diqqətdən qaçmır. Ekspertlərə görə, Ermənistan Rusiyanın Azərbaycana silah satmasını qəbul edə bilmir və bu, erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin fitilləndirilməsində unikal vasitə kimi istifadə olunur. Hərçənd rəsmi İrəvanın Moskvadan asılı olduğu aydın məsələdir. Amma bir çox hallarda Serj Sarkisyan hökumətinin mərkəzdənqaçma meyilləri, xüsusilə Avropaya doğru nəticəsiz də olsa, müəyyən cəhdlər etməsi müşahidə olunur.


Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi isə avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsində Moskvanın İrəvana verdiyi dəstəkdən imtina etməsi kimi aktual sualları gündəmə gətirir. Doğrudur, Kreml bu münaqişədən regiondakı varlığını davam etdirmək məqsədilə istifadə edir, amma o da gözləniləndir ki, Rusiya ona təpik atan vassalını cəzalandırmaq üçün yönünü dəyişdirə və münaqişəni Bakının xeyrinə həll edərək Azərbaycanın dəstəyini təmin edə bilər. Bununla Cənubi Qafqazdakı siyasi mənzərə də fərqli istiqamətdə dəyişə bilər.


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov da Publika.az-a açıqlamasında Ermənistan-Rusiya münasibətlərinin pisləşdiyini bildirib: “Ermənistan KİV-lərində anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Ümumiyyətlə, bu ölkənin mediasında qərbyönümlü siyasətçilərin Moskvaya hücumlarına həmişə yer verilib. Lakin son günlərdə bu kampaniya daha da sürətlənib. Düzdür, bu, Ermənistanın Rusiya vassallığından imtina etməsi deyil. Yəni bu məsələ faktiki olaraq mümkün deyil. Amma rusofobiyanın güclənməsi müşahidə olunur. Misal üçün, Ermənistanda Rusiya hərbçilərinin və diplomatlarının oxuduğu rusdilli təhsil müəssisələri bağlanıb, Slavyan Universiteti ölkədən çıxarılıb, rus dilində yayımlanan radio və televiziya yoxdur, rusdilli nəşrlərin demək olar ki, hamısı ləğv olunub. Xüsusilə, Gümrüdə rus hərbiçisinin bir ailəni qətlə yetirməsindən sonra ruslara nifrət şiddətli dərəcədə artıb”.


Politoloq qeyd edib ki, Rusiyanın Azərbaycana silah satması da erməniləri hiddətlənir: “Halbuki, Moskva Ermənistana pulsuz, yaxud çox aşağı qiymətə silah verir. Düzdür, bu silahlar köhnədir, amma istifadə qabiliyyətini itirməyib. Ermənilərsə buna görə ruslara minnətdar olmaq istəmirlər. Ermənilər həm də ona görə qıcıqlanırlar ki, Rusiya borcların silinməsi əvəzinə bu ölkənin strateji sektorlarını öz nəzarətinə götürür. Burada şəxsi münasibətlər də rol oynayır. Putin Prezident İlham Əliyevlə qarşılıqlı münasibətlərə malik olsa da, Sarkisyanı demək olar ki, saymır. Digər tərəfdən, Rusiya Cənubi Qafqazda öz ambisiyalarını əsas götürərək Türkiyə ilə Azərbaycanın münasibətlərinin pisləşməsi üçün əlindən gələni etmir. Erməniləri qıcıqlandıran amillərdən biri də budur. Təbii ki, yüz illərdir davam edən erməni-rus münasibətlərinin pisləşməsi regionda vəziyyəti dəyişə bilər. Bu, strateji baxımdan bizim də xeyrimizədir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm