• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əli Həsənov: “Xarici KİV əməkdaşları fəaliyyətlərini Azərbaycan qanunlarına uyğun qurmalıdırlar”

  • Nida.az
  • 21 Sentyabr 2015 12:30
  • 204 Baxış
Əli Həsənov: “Xarici KİV əməkdaşları fəaliyyətlərini Azərbaycan qanunlarına uyğun qurmalıdırlar”

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirib.

Əli Həsənov AZƏRTAC-a açıqlamasında deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. Ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər.

Prezidentin köməkçisi bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Hətta xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb. Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır.

Əli Həsənov deyib ki, bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR