• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda Qurban bayramı münasibətilə tədbirlər keçirilib - FOTO

  • Nida.az
  • 21 Sentyabr 2015 12:33
  • 667 Baxış
Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda Qurban bayramı münasibətilə tədbirlər keçirilib - FOTO

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Pakistan Sweet Homes” yetimlər evinin İslamabad, Abbotabad və Kəraçidə yerləşən şöbələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Trend-in məlumatına görə, keçirilən tədbirlərdə “Pakistan Sweet Homes”-un direktoru Zamrad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, “Sülh və Diplomatik Tədqiqatlar İnstitutu” düşüncə quruluşunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.Asif Nur çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin tarixi və siyasi əhəmiyyətindən, hər iki ölkəni və xalqı birləşdirən siyasi və mənəvi amillərdən söz açıb, Pakistanın çətin günündə Azərbaycanın hər zaman ona dəstək verdiyini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi humanitar və xeyriyyəçilik layihələrinin də bu dəstəyin təcəssümü olduğunu bildirib.

“Qızıl qəlbli xanım olan Mehriban Əliyeva Pakistanın imkansız insanlarına qarşı həmişə xeyirxah davranıb və xoşbəxtliyi onların arasında yaymağa davam edir. Mehriban xanım kimi Pakistanda xeyriyyəçilik işləri görən şəxsiyyətlər tapmaq çətindir” - deyə o, layihələrin əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən “Pakistan Sweet Homes”-un direktoru Zamrad Xan təşkilatın ölkənin müxtəlif yerlərindəki şöbələrində məskunlaşan 3600 yetim uşağı himayələrinə aldıqlarını, onlara sahib çıxmağın zəruriliyini deyərək bildirib ki, yetimlərə qayğı müqəddəs işdir, ilahi buyruqdur. O, Heydər Əliyev Fondunun xeyriyyəçilik layihələrinin ülvi dəyərlərin, yüksək mədəniyyətin təzahürü olduğunu, bu əməllərin hədər getmədiyini, Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verdiyini qeyd edib.

Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov nitqində Azərbaycanın birinci xanımının adından iştirakçıları salamlayıb, yetimlər evinin uşaqlarına birinci xanımın xoş arzularını çatdırıb və Qurban bayramı ərəfəsində bir araya gəlməyin sevindirici olduğunu ifadə edib. Səfir Fondun Azərbaycanda, Pakistanda və digər ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb.

Səfir D.Şikarov həmçinin, 24-25 sentyabr tarixlərində İslamabad, Abatabad və Karaçı şəhərlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə iribuynuzlu qurbanlıqların kəsilərək kimsəsizlər evinin 3600 sakininə və bölgələrdə məskunlaşan digər ehtiyacı olan insanlara paylanılacağını bildirib.

Mərasimdə yetimlər evinin uşaqları Pakistan mədəniyyətinin elementlərini əks etdirən rəqslər, mahnılar, eləcə də idman hərəkətləri ifa ediblər.

Tədbirin sonunda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Müqəddəs Qurban bayramı münasibətilə kimsəsizlər evində keçirilən tədbir Pakistanın TV kanallarında nümayiş olunub, həmçinin, “Daily Times,” “The News”, “The Nation”, “Nawai Waqt”, “Pakistan Observer”, “Exspress”, “Diplomatic İnsight”, “Pakistan Today”, “Dna News” “The Frontier Post” və digər nüfuzlu qəzetlərdə müxtəlif məqalələr dərc edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR