REAL seçkidə İsa Qəmbərə qarşı mübarizə aparacaq? - Açıqlama
Bizi izləyin

Nida.az

REAL seçkidə İsa Qəmbərə qarşı mübarizə aparacaq? - Açıqlama

Müsavat Partiyası və REAL noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etməklə bağlı razılığa gəlsə də, bir neçə dairədə tərəflər üz-üzə qalacaqlar.


Publika.az xəbər verir ki, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin namizəd olduğu 15 saylı Yasamal birinci seçki dairəsindən REAL hüquqşünas Vəfa Rüstəmin namizədliyini irəli sürüb. Həmçinin 9 saylı Binəqədi ikinci seçki dairəsində Müsavat Nemət Kərimlinin, REAL isə NİDA İdarə Heyətinin üzvü Ülvi Həsənlini namizəd göstərib.


Məsələ ilə bağlı Publika.az-a danışan REAL-ın icra katibi Natiq Cəfərli bildirib ki, Müsavat Partiyası ilə namizədlərin razılaşdırılması və dairələrin bölüşdürülməsi kimi məsələlərdə razılıq olmayıb: “Təmaslarımızda ilkin mərhələdə belə təkliflər səsləndirildi. Lakin bizim qərarımız belə idi ki, hansısa dairədən razılaşdırılmış namizədlərin verilməsinə getmirik. Sadəcə nə REAL-ın, nə Müsavatın, nə də digər siyasi qurumun seçki prosesini tam nəzarətdə saxlamaq imkanı var. Buna görə də danışıqlarımız seçki günü prosesi birgə müşahidə etməklə bağlı idi. Bu baxımdan, biz namizədlərimizi elan edərkən hansısa siyasi partiya üzvünün haradan namizəd verməsi haqda ümumiyyətlə düşünməmişik. Biz öz namizədlərimizi potensial olaraq hansı dairədə güclü olması ehtimalını nəzərə alaraq müəyyənləşdirmişik. Hörmətli İsa bəyin 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olmasını yaxşı qarşılayırıq. Bizim gənc üzvlərimizdən olan hüquqşünas Vəfa Rüstəm də həmin dairədən namizəddir. İmza toplamaq kampaniyasını bu gün yekunlaşdıracağıq”.


9 saylı Binəqədi ikinci seçki dairəsində REAL ilə Müsavatın toqquşmasına gəlincə, N. Cəfərli qeyd edib ki, onların NİDA-ya könül borcu olub: “2013-cü ildə İlqar Məmmədov prezidentliyə namizəd olarkən NİDA üzvləri imza toplama kampaniyasında yaxından iştirak etdilər. Biz də indi onları dəstəkləyirik. Ümumiyyətlə, mən eyni dairədən müxalifətin bir neçə namizədinin olmasında problem görmürəm. Əksinə, düşünürəm ki, bu, diqqəti daha çox artıracaq və nəzarət etmək imkanını genişləndirəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm