“Avtoritar idarəetməyə meyillidir” – yaxın silahdaşından Əli Kərimliyə zərbə
Bizi izləyin

Nida.az

“Avtoritar idarəetməyə meyillidir” – yaxın silahdaşından Əli Kərimliyə zərbə

AXCP-nin sədr postuna iddialı olan Sahib Kərimli partiyanın hazırkı sədri Əli Kərimlinin zəif tərəflərini açıqlayıb.


Publika.az xəbər verir ki, S. Kərimli Əli Kərimlinin cəmiyyətlə təmasının zəif olduğunu diqqətə çatdırıb: “O, 20 ildən çoxdur ki, lider həyatı yaşayır, cəmiyyətlə təması zəifdir, müxtəlif səbəblərdən dəyişən sosial münasibətləri yaxşı bilmir, ünvanladığı mesajlarda hədəf qruplarını doğru seçmir. Avtoritar idarəetməyə meyillidir, kadrları bacarıqlarına görə yox, itaətkarlığına görə seçir. İdarəetmədə özünə güvənir, fərqli düşüncəyə dözümlü deyil. Partiya həm də ictimai institutdur, lakin AXCP də kadr hazırlığı sahəsində maarifləndirici fəaliyyət olmayıb. AXCP ideoloji boşluqdadır, akademik fəaliyyətlər ümumiyyətlə yoxdur. Partiyada sənədləşmə işi çox zəifdir, yeni informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadə olunmur. Resursların idarə olunmasında şəffaflıq və hesabatlılıq yoxdur. Partiya strukturlarının bir çoxu fəaliyyətsizdir, sınaqdan çıxmış mexanizmləri fəaliyyətsizləşdirməyə meyillidir”.


“Sədr olduğu 15 ildə müsbət nəticələr əldə olunmayıb”


Daha sonra o, AXCP sədrinin komanda və dost seçimində səhvlər buraxdığını bildirib: “Komandasını və dostlarını tez-tez itirir, insanlarla münasibətlərdə ardıcıl deyil. Partiya 15 ildə onlarla önəmli siyasi şəxsləri itirib, strukturları zəifdir. İctimai sektorda və real müxalifətdə olan tanınmış nüfuzlu adamlarla şəxsi münasibətləri korlamağa meyllidir. Siyasətin təbiətinə zidd olaraq, fərdlərdən və ya hər hansı strukturdan küsülü qalmağa, kommunikasiyanı tam və ya fasilələrlə kəsməyə həvəslidir. Demokratik qüvvələrin geniş koalisiyasını yaratmaq imkanları minimumdur. Sədr olduğu 15 ildə müsbət nəticələr əldə olunmayıb, məramnamə öhdəlikləri yerinə yetirilməyib. Partiyanı hakimiyyətə gətirə bilməyib”.


O, niyə Əli Kərimlidən yaxşıdır?


S. Kərimli AXCP sədrliyinə iddialı olmağının səbəblərini açıqlayıb.


“Siyasi fəaliyyətim dövründə hər kəsin fəaliyyətini yaxından müşahidə edib, doğru və ya yanlışlarını təhlil etmişəm. Heç kimlə konfliktim yoxdur, hər kəslə dialoqa açığam. Bir siyasətçi kimi iddialı olsam da, idarəetmədə kollegiallığın əhəmiyyətini yüksək qiymətləndirirəm. Bütün sahələr üzrə mütəxəssis qrupları ilə işləmədən uğur qazanmağın mümkün olmayacağına inanıram. Uğuru paylaşmaqdan zövq alıram. Çox başın ümumi mənafe üçün birgə çalışması daha münasibdir, faydalıdır. Çox sayda, fərqli sosial qruplardan şəxsi dostlarım var. Komplekslərim yoxdur. Dost dediklərimin heç birinin, məni, şirnikləndirici vədlər qarşısında satacağına inanmıram. Dost itirməyim yadıma gəlmir, bu illər ərzində onların ciddi dəstəyini görmüşəm. Sevginin paylaşdıqca gözəlləşdiyinə, gücün birlikdə olduğuna inanıram. Region ölkələrini və Azərbaycanın əksər bölgələrini gəzmişəm, insanları ilə yaxın təmaslarım olub. İnsanların nə düşündüklərini, həyat qayğılarını öyrənməyə və müşahidə etməyə çalışmışam. Bu, mənə, verəcəyim mesajların hədəfə çatması baxımından imkanlar qazandırıb. Həbsxana həyatı yaşamışam. Mindən çox adamın yaxın müşahidəsi altında birgəyaşayışın çətinliklərini öyrənmişəm. Əhəmiyyətli həyatı təcrübələrim var. Siyasi fəaliyyətim dövründə, mövcud şərtləri nəzərə alıb, yaşamağım üçün müxtəlif biznes layihələrim olub. Qeydiyyatda olduğum Ərazi Vergilər idarəsində nümunəvi vergi ödəyicisi hesab olunmuşam. Gəlirlərim və əmlakım haqqında şəffaf hesabat verə bilərəm. İllərdir partiyadaxili demokratiyanın gücləndirmək üçün ardıcıl fəaliyyətlər göstərmişəm, partiya daxilindən və ictimai sektordan ciddi dəstəyim olduğuna inanıram. Yeni siyasi iddialarımla, həm də yeni sima hesab oluna bilərəm və gəncliyin ruhuna daha yaxınam. Siyasi ritorikam və münasibətlərim imkan verir ki, milli demokratik qüvvələrin geniş birliyinin yaradılmasında önəmli rol oynayım”, - deyə o bildirib.


S. Kərimli AXCP-nin sentyabrın 27-də demokratik seçki keçirəcəyinə inandığını deyib: “Qalib gələcəyimə hər gün daha çox inanıram, tərəfdarlarım durmadan artır. Şərəfli cəbhəçilər mənə, bu böyük etimadı göstərməsələr, sıravi cəbhəçi olaraq fəaliyyətimi davam etdirəcəm və bundan qürur duyacam”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm