Rusiya saytından separatçı “Qarabağ sorğusu” – təxribat və ermənilərin yalanı
Bizi izləyin

Nida.az

Rusiya saytından separatçı “Qarabağ sorğusu” – təxribat və ermənilərin yalanı

Rusiyanın levada.ru saytının keçirdiyi rəy sorğusunda respondentlərin 42 faizi Krımın, Cənubi Osetiya və Abxaziyanın, Dnestryanı ərazilərin, həmçinin Dağlıq Qarabağın müstəqil dövlət olması fikrini dəstəkləyir.


Publika.az xəbər verir ki, aparılan sorğunun hansı dərəcədə real olması şübhəlidir. Çünki bu ərazilər birbaşa Rusiyanın iştirakı ilə işğal olunub və rusların buna əks münasibət göstərməsi təəccüblü olardı. Lakin Ermənistan KİV-nin bu məsələ üzərindən təbliğat kampaniyası aparması, “Ruslar Dağlıq Qarabağın müstəqilliyini tanıyır” başlıqlı məlumatlar yayması diqqət çəkir.


Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu sorğunun birmənalı qarşılanmadığını deyib: “Birincisi, sorğuda cəmi 800 nəfər iştirak edib. Sosioloqlar mənimlə razılaşar ki, 140 milyonluq Rusiya əhalisinin fikrinin 800 nəfərin dedikləri ilə eyni olmasını düşünmək yanlış olardı. İkincisi, respondentlərin 39 faizi bu suala cavab verməkdə çətinlik çəkib. Deməli, insanların bu məsələlərlə bağlı son dərəcədə aşağı məlumatlıdır”.


Onun sözlərinə görə, Dağlıq Qarabağın adının bu sorğuya salınması Rusiya KİV-də oturuşmuş erməni lobbisi tərəfindən gerçəkləşdirilib.


“Əgər sabah Rusiya telekanallarında ermənilərin Qarabağda minlərlə insanı qətlə yetirdiyi və milyondan çox insanın qaçqın düşdüyü faktları gündəmə gəlsə, o zaman ruslar fikirlərini asanlıqla dəyişdirə bilərlər. Eyni zamanda, bu sorğunun yalan olduğuna dair faktlar var. Misal üçün, sorğuda deyilir ki, Dağlıq Qarabağda Azərbaycana birləşmək istəyən erməniləri sayı 2013-cü ildən 2014-cü ilə qədər 5 faizdən 10 faizə qalxıb. Halbuki erməni məlumatlarında bunun 9 faizdən 14 faizə qədər artdığı bildirilir. Bunun özü sorğuda ciddi nöqsanların olduğunu göstərir”, - deyə R. Musabəyov bildirib.


Politoloq qeyd edib ki, rusların Dağlıq Qarabağ haqda nə düşündüyü maraqsızdır: “Əsas olan Azərbaycan vətəndaşlarının bu haqda fikirləridir. Bizim vətəndaşların və dövlətin iradəsi ərazi bütövlüyümüzü bərpa edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm