Əliyev-Ərdoğan-Putin görüşündə “Qarabağ masası”: Kreml saatı kimin xeyrinə işləyəcək? – TƏHLİL
Bizi izləyin

Nida.az

Əliyev-Ərdoğan-Putin görüşündə “Qarabağ masası”: Kreml saatı kimin xeyrinə işləyəcək? – TƏHLİL

Bakı-Moskva-Ankara üçbucağında yeni mərhələ başlaya bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlərin anons edildiyi bir vaxtda Prezident İlham Əliyevin Moskvada Ərdoğan və Putinlə bir araya gəlməsi bu coğrafiyada yeni şəkilləndirmələrə də yol aça bilər. Bakının Moskvadan, Ankaranın Bakıdan, Moskvanın hər ikisindən öz istəkləri var.


Sentyabrın 23-də Rusiyanın paytaxtında Cümə Məscidinin açılışı olacaq. Həmin gün Kremlin qülləsindəki saatın kimin xeyrinə işləyəcəyi sualı maraqlıdır. Rəsmi məlumata görə, sözügedən tarixdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, İran, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin dövlət rəhbərləri də mərasimə qatılacaqlar.


Qərblə münasibətləri ip üstündə olan Putin üçün NATO üzvü Türkiyədən tutmuş, Cənubi Qafqazın ən önəmli ölkəsi olan Azərbaycan, eləcə də Mərkəzi Asiyanın əsas oyunçuları və ABŞ-ın yaxın müttəfiqi statusunu daşıyan şeyxlərlə Moskvada bir araya gəlmək kimi yaxşı fürsət ola bilərmi?! Kremlin rəhbəri Avrasiyanın geosiyasi proseslərini ən azından müzakirə etmək və bəzi razılıqlar qazanmaq imkanı qazanacaq. Bu həm də Qərbə əla “əzələ nümayişi” olacaq.

Kreml toplantısında bizim üçün diqqət çəkən ən mühüm məqam isə Azərbaycan, Rusiya və Türkiyə liderlərinin üçtərəfli görüşləridir. Təbii ki, Azərbaycan-Rusiya, Rusiya-Türkiyə ikitərəfli görüşləri də mümkündür.

- Dağlıq Qarabağ
- Enerji faktoru

Üç liderin Moskva divarları arxasında müzakirə edə biləcəyi ən əsas məsələlər bunlardır. Digər məqamlar isə bu iki məsələnin altında gəlir. Toplantıda sentyabrın ilk günlərində Moskvanın baş diplomatı Lavrovla Bakıya göndərdiyi, daha sonra Sarkisyanı Kremlə çağırıb təqdim etdiyi “Qarabağ planı”nın Vladimir Putin və İlham Əliyev arasında yaxın təmasda nəzərdən keçirilməsi gözlənilən məsələdir. Lavrovun səfəri öncəsi Məmmədyarovun Ankarada məsləhətlər aparması prosesdə Türkiyənin də əsas oyunçu olduğunu göstərir. Bu baxımdan, Əliyev - Ərdoğan - Putin üçlüyünün gündəliyində Qarabağ müzakirəsi prioritetdir. Ötən həftə Türkiyənin yeni XİN rəhbəri Firudun Sinirlioğlunun Bakı-Soçi marşrutu üzrə səfərə çıxması da üç liderin müzakirə etməli olduğu çox vacib məsələlərdən xəbər verir.

Ehtimala görə, görüşün Dağlıq Qarabağ punktunda masaya yatırılacaq maddə Rusiyanın yeni planıdır. Hesab etmək olar ki, Rusiya münaqişənin həllində heç vaxt olmadığı qədər maraqlıdır və bunu Azərbaycanın xeyrinə etmək istəyir. Sadəcə olaraq, özünün çıxarlarının da təmin olunmasına çalışır.

Misal üçün, ABŞ kəşfiyyatına yaxınlığı ilə seçilən “Stratfor” beyin mərkəzinin 21 sentyabr tarixli “Dağlıq Qarabağ qambiti” adlı təhlilində deyilir: “Bakı torpaqların qaytarılmasını rəsmi şəkildə prioritet istiqamət elan edib, lakin Ermənistanın patronu Rusiyanın mövqeyinə görə ciddi hərəkətə keçə bilmir. Bu status-kvo Rusiyanın Kiyevdə Qərblə toqquşduğu 2014-cü ildən sonra dəyişdi. Rusiya qəfildən Ermənistan üçün az etibar edilən patrona çevrildi. Ukrayna münaqişəsi Rusiyanın təhlükəsizlik zolağına zərbə vurdu və tətbiq olunan sanksiyalar iqtisadiyyata zərər verdi. Eyni zamanda, Azərbaycan Qərb üçün daha qiymətli oyunçuya çevrildi. Çünki Bakı Rusiyanın enerji təchizatına alternativ təklif edə bilmişdi. Bundan sonra Azərbaycan tərəfi təmas xəttində mövqelərini möhkəmləndirdi və açıq şəkildə Ermənistan ordusuna ciddi zərbələr vurdu. Ermənistan və Rusiya zəiflədiyi bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi gücləndi. Son aylar danışıqlar prosesində diplomatik fəaliyyətin görünməmiş səviyyəsi müşahidə olunur. Bunun özü Dağlıq Qarabağda status-kvonun tezliklə dəyişəcəyini deməyə əsas verir”.


Bəli, Vaşinqton mənzilli beyin mərkəzinin təhlilindən də göründüyü kimi, Rusiya münaqişənin həllinə “hə” deyir. Həqiqətən də, 2014-cü ildən sonra Avrasiyada kartlar qarışdı və Ukraynanı faktiki itirən Moskva üçün Cənubi Qafqazın çəkisi artdı. Çünki Qərb təhlükəsi daha yaxından hiss olunmaqdadır. NATO gürcü torpaqlarında hərbi baza açmaqla Kremlə açıq meydan oxudu. Bu, kobud desək, Kremlin divarları dibində adam öldürməyə bənzəyir, yəni “sənə öz evində hakim olaram” mesajıdır. Belə bir vaxtda Qərb üçün enerji faktoruna görə əvəzolunmaz oyunçuya çevrilən Azərbaycanın dəyəri Kreml üçün ikiqat artır. O da vurğulanmaldır ki, rəsmi Bakı anti-Rusiya kampaniyasında ehtiyatlı manevrləri də unudulmayıb.

Beləliklə, Moskva “Madrid prinsipləri” əsasında (Rusiya üç həmsədrin irəli sürdüyü prinsipləri əsas götürməklə prosesdə “özbaşbaşnalıq” etmədiyini nümayiş etdirir) Qarabağ üçün həll planı hazırlayır, Azərbaycanın dəstəyini qazanmaqla Cənubi Qafqazda oynanılan kart oyununda əlini gücləndirir, lakin özü üçün “nəfəslik” də saxlayır: Qarabağdan çıxarılan erməni hərbi birləşmələrin yerinə rus əsgərləri.

Qeyri-rəsmi məlumatlara görə, (bu məlumatlar Rusiya KİV-i tərəfindən yayılıb – red.) Rusiyanın “Qarabağ planı” belədir:


- Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarır və ətraf yeddi rayon Azərbaycana qaytarılır. Qarabağa erməni hərbi birləşmələrinin yerinə rus əsgərləri beynəlxalq sülhməramlılar adı altında yerləşdirilir. Həmçinin Laçın dəhlizi də saxlanılır.


Bu, prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan böyük addımdır. Amma mahiyyət etibarilə Rusiyanın bölgədə hərbi təsir imkanlarına sahib olmasını təmin edir. Plan hazırdır, lakin görünür, Azərbaycanın Ermənistanla deyil (İrəvan burada Moskvanın vassalı olaraq kənarda qalır) birbaşa Rusiya ilə apardığı danışıqlarda razılığa gəlinməyən məqamlar var. Razılığa gəlinməyən əsas məsələ isə rus əsgərlərinin bölgəyə yeridilməsi ola bilər. Çünki rəsmi Bakı bunun işğalın daha uzun müddətə davam etməsi olduğunu yaxşı anlayır. Prosesdə Türkiyənin də iştirakı ortaq məxrəcə gəlmək üçün qızğın danışıqların getdiyindən xəbər verir. Bakı yaranmış şansı buraxmaq istəmir və Ankara ilə aparılan məsləhətləşmələrdə Rusiyanın qarşısına şərt qoyulur: “Münaqişə plana uyğun həll olunur, lakin sülhməramlıların tərkibində türk və rus əsgərləri bərabər şəkildə yer alacaq”. Bu, yeddi rayonun qaytarılması fonunda Azərbaycan üçün sərfəlidir.


Rusiyanın razılaşmaq ehtimalı böyükdür. Çünki dalana dirəndiyi bir vaxtda özünə tərəfdaşlar qazanmaq üçün Kreml hər şey etməyə, hətta Ermənistanı belə gözdən çıxarmağa hazır kimi görünür. Bir tərəfdən NATO-nun sərhədlərinin dibinə qədər “desant çıxarması”, digər tərəfdən, “Türk axını” layihəsinin dondurulması ilə enerji amilində uduzması Moskvanı təcili nəsə etməyə vadar edir. Hesab etmək olar ki, Moskva görüşündə tərəflər bu məsələləri masaya yatıracaqlar. Lakin o da faktdır ki, olduqca qapalı saxlanılan prosesdə hər oyunçunun öz marağı var.


Rusiya: Dediyimiz kimi, çətin vəziyyətdə olan ruslar Qarabağ münaqişəsini həll etməkdə maraqlı tərəf kimi görünürlər. Lakin Kremlin Azərbaycanın qarşısında iki şərti olacaq:


1. Azərbaycan Avrasiya İttifaqına daxil olmalı.
2. Qarabağa sülhməramlılar yerləşdirilməli.


Azərbaycandan “Rusiya birliyinə” daxil olması uzun zamandır istənilir. Amma Bakının Rusiya faktoru qarşısında “torpaqlarımı işğal edən Ermənistanla eyni ittifaqda ola bilmərəm” kimi yaxşı imkanı var. Moskva yeddi rayonu qaytarmaqla Bakının ittifaqa daxil olmaması üçün əsas gətirməsinin qarşısını almaq istəyir. Eyni zamanda, rus əsgərlərini bölgəyə salmaqla Qarabağı əlində “kozır” olaraq da saxlayır.


Türkiyə: Ankaranın tarix boyu Cənubi Qafqazda təsir imkanlarına sahib olmaq siyasəti Rusiya ilə toqquşub. Regionda Bakının güclənməsi Türkiyəyə də sərf edir. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünün bərpasında əsas maraqlı tərəf odur. Münaqişənin həll olunması Azərbaycanı regionda daha güclü gücə çevirəcək, Ermənistanla Türkiyə sərhədi açılacaq, türk iş adamları bu ölkədən pul qazana biləcəklər. Həmçinin, siyasi baxımdan Ermənistan Rusiyanın qanadı altından çıxa biləcək. Bu dolayısı ilə Qərbə də sərf edən ssenaridir. Lakin Ankaranın Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqına Ermənistanı da qoşmaqla regionu bütövlükdə ələ alması maraqları da mövcuddur. Bunun özü də Qərbə sərfəlidir. Çünki belə olacağı təqdirdə Rusiyaya qarşı regionda Türkiyə faktoru yaranacaq və Qərb anti-Rusiya mübarizəsini Türkiyə üzərindən yürüdəcək. Lakin güman ki, Ankaranın özünün perspektivdə prosesdən daha qazanclı çıxmaq kimi planları olmamış deyil. Əks təqdirdə, bu oyuna girməkdən çəkinərdi, xüsusilə PKK kimi böyük dərdinin olduğu bir zamanda.


Azərbaycan: Bakının əsas məqsədi ərazi bütövlüyünün bərpasıdır və bunun üçün bir çox qurbana hazır olduğunu deyir. Lakin rəsmi Bakının ağıllı manevrlərə sahib olduğu da faktdır. Hesab etmək olar ki, Azərbaycan Rusiyanın “Qarabağ” planına razı olaraq, onun iki şərtinə özünəməxsus korrektlər edəcək.


1. Ətraf yeddi rayon qaytarılacağı təqdirdə Qarabağda erməni hərbi birləşmələrinin yerini tutacaq sülhməramlıların tərkibi bərabər şəkildə türk və rus əsgərlərindən ibarət olacaq. Qarabağda status-kvonun müəyyən edilməsinə qədər sülhməramlılar bölgədə qalacaq, daha sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət veriləcək.


2. Rusiyanın “Avrasiya İttifaqına daxil ol” şərti başqa “qurbanla” əvəz olunacaq. Bakı Moskvaya enerji savaşında dəstək verə bilər. Bu dəstək isə Türkiyənin “Türk axını” layihəsində paralel olaraq iştirakına göz yummaqdır. Hesab etmək olar ki, indiki şəraitdə Rusiya çıxarları baxımından buna razı ola bilər. Bununla Moskvanın Bakını birliyə dəvət çağırışı ən azı qeyri-müəyyən müddətə təxirə düşə bilər. Görünür, Azərbaycan Moskvada “enerji faktorunu” əsas kart olaraq masaya qoyacaq.

Moskva görüşdən sonrakı dövr üçün baş verəcəklər bir çox qaranlıq məqamlara işıq tutacaq. Lakin o fikri də müdafiə etmək olar ki, münaqişənin yuxarıda göstərilən formada həlli və bölgədə tarazlığın dəyişməsi Qərbin, yəni ABŞ-ın da marağına uyğun gəlir. Türkiyənin oyunda iştirakı Vaşinqtonu arxayın edən amildir. Güman ki, ABŞ-ın da dövriyyəyə buraxdığı öz şərtləri var və prosesdə bunlar da nəzərə alınır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm