• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Putinin arqumentlərinə qarşı Qarabağ faktoru qoyulacaq” – Türkiyəli politoloq

  • Nida.az
  • 22 Sentyabr 2015 17:22
  • 634 Baxış
“Putinin arqumentlərinə qarşı Qarabağ faktoru qoyulacaq” – Türkiyəli politoloq

“Türkiyə ilə Rusiya arasında xüsusilə son günlər bəzi problemlər yaranıb. Suriya böhranında Türkiyə bir istiqamət üzrə, ABŞ-Avropa Birliyi blokunun istəyi ilə hərəkət edərək Rusiya ilə bölgədə qarşı-qarşıya gəldi. Bu müddətdə ABŞ ən azı 5 siyasi taktika dəyişdirsə də, Türkiyə Suriya siyasətində yeni addımlar atmadı. Beləliklə, Suriya böhranının ağrısını Türkiyə çəkməyə başladı”.


Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Azərbaycan və Türkiyə liderləri də daxil olmaqla bir çox ölkə rəhbərinin sentyabrın 23-də keçiriləcək Moskva görüşünü şərh edərkən deyib.


Onun sözlərinə görə, Türkiyə Suriya siyasətində ona təyin edilən rolu deyil, öz geosiyasi maraqları istiqamətdə hərəkət edə bilsəydi, bu gün Rusiya ilə qarşı-qarşıya gəlməyəcəkdi: “Tarazlaşdırılmış və bölgə şərtlərini ön planda tutan bir xarici siyasət Türkiyə üçün çox önəmlidir. Rusiya Suriyada tətbiq etdiyi siyasətə uyğun olaraq artıq hərbi yardım variantlarını da dövriyyəyə salıb. O, bununla Türkiyə ilə qarşı-qarşıya qalmağı da gözə alıb. Gərgin atmosfer fonunda Ərdoğanın Moskva səfəri olduqca önəmlidir. Fikrimcə, Türkiyə “Türk axını” layihəsi məsələsində qərbli müttəfiqlərinin təzyiqi ilə hərəkət etməklə, Ukrayna böhranından sonra Rusiyanın üzərində əldə etdiyi təsir imkanlarını itirmək həddinə gəlib”.


H. Oktay hesab edir ki, Rusiya-Türkiyə münasibətlərində iki qırılma nöqtəsi olduğu bir vaxtda Qarabağı yeni bir müzakirə mövzusu olaraq masaya gətirmək Ankara üçün bir fürsətdir: “Bu, görüşlərdə ən azından Rusiyaya qarşı irəli sürülə biləcək bir həmlə ola bilər. Bu baxımdan, Rusiyanın irəli sürəcəyi iki məsələyə - Suriya və “Türk axını”na qarşı Türkiyə və Azərbaycan Dağlıq Qarabağ məsələsini qaldırmalıdırlar. Əliyev, Ərdoğan və Putin üçtərəfli şəkildə Suriya, “Türk axını” və Qarabağ məsələsini müzakirə edəcəklər”.


H. Oktayın fikrincə, son dövrlər TANAP və “Türk axını” layihələrinin birləşməsi kimi məsələlərin gündəmə gələ bilməsi ehtimalı var.


“Rusiyanın alternativ olaraq gördüyü və üzərində ciddi şəkildə dayandığı “Türk axını” layihəsi Ukraynanı enerji dəhlizi rolundan çıxarır. Bu layihənin gerçəkləşməsi Rusiyanın əlini gücləndirəcək. Buna görə də Qərb Türkiyəyə təzyiqlər edərək, “Türk axını” layihəsinin təxirə salınması, hətta ümumiyyətlə ləğv edilməsi üçün çalışır. Əslində “Türk axını” və TANAP-ı birgə düşündükdə həm Rusiya, həm də Azərbaycan, dolayısı ilə Xəzər dəhlizi üzərindən rahat şəkildə qaz qaynaqlarını Avropa bazarına çıxara bilər. Beləliklə, Rusiyanın qazı Ukrayna deyil, Türkiyə və Yunanıstan üzərindən Qərbə daşına bilər. Avropa Birliyi bunun reallaşmaması üçün bütün mümkün təzyiqlərdən, hətta təhdiddən istifadə edir.

Son dövrlər PKK-nın Türkiyədə terror aktları törətməsi, hətta boru kəmərlərinə qarşı hücumlar etməsi TANAP layihəsinin “Türk axını” ilə birləşməsi ehtimalına qarşı hazırlanmış plandır. Ərdoğan və Əliyev Putinlə üçtərəfli görüşdə bu 3 məsələni ön plana çıxararaq, Suriya, “Türk axını”, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı irəliləyişlərə nail ola bilərlər”, - deyə türkiyəli politoloq vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR