Ceyms Uorlik: “Təmas xəttində gərginlik çox yüksəkdir”
Bizi izləyin

Nida.az

Ceyms Uorlik: “Təmas xəttində gərginlik çox yüksəkdir”

“Dağlıq Qarabağ “dondurulmuş münaqişə” deyil. Təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik çox yüksəkdir. Biz atəşkəsin pozulması hallarından və tərəflərin artilleriya da daxil olmaqla ağır silahlardan istifadə etməsinə dair xəbərlərdən narahatıq. Bununla belə, mən inanıram ki, tərəflər həmsədrlərin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardırlar”.


Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “BBC Azərbaycan"a müsahibəsində deyib.


Onun sözlərinə görə, həmsədrlər hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşür: “Biz BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşərkən gərginliyin azaldılması və atəşkəsə ciddi riayət edilməsi gündəlyimizdəki əsas məsələ olacaq”.


Amerikalı həmsədr təmas xəttində toplardan və ağır silahlardan istifadəni yolverilməz adlandırıb: “Biz xüsusilə də dinc əhali arasında itkilərdən narahatıq və tərəfləri belə zorakılıqların qarşısının alınması üçün bütün mümkün addımların atılmasına çağırmışıq. Biz situasiyanın sabitlərşdirilməsi naminə tərəflər arasında etimadın və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılması üçün tədbirlərimizin müzakirəsini davam etdiririk”.


C. Uorlik ötən il Karnegi fonunda çıxışı zamanı toxunduğu məqamları xatırladaraq qeyd edib ki, tərəflər onun münaqişənin həlli üçün göstərdiyi elementləri və prinsipləri tanıyır: “Çatışmayan Ermənistan və Azərbaycanda sazişin əldə olunması üçün siyasi iradədir. Mən bir neçə yerdə dəfələrlə demişəm ki, prezidentlər müharibə ritorikası ilə danışmaqdan əl çəkməli və ictimaiyyətlərini sülhə hazırlamalıdırlar. Həmsədrlər tərəflərlə birlikdə sazişin detalları üzərində işi davam etdirirlər, lakin sazişin yekunlaşdırılması ilk növbədə prezidentlərin siyasi iradəsindən asılıdır”.


Amerikalı həmsədr qeyd edib ki, “xalq diplomatiyası” Ermənistan və Azərbaycan xalqları arasında etimad yaradılması üçün çox mühümdür.


“Biz bütün dünya boyunca sülh proseslərində görmüşük ki, siyasi danışıqlar aşağıdan gələn səylərlə tamamlanır. Belə səylər müharibədən əzab çəkmiş adamlar arasında münasibətlərin yaxşılaşmasına və sülhdən faydalanmasına imkan yaradır. Ermənistan və Azərbaycan arasında gərginlik çox yüksək olsa da, həmsədrlər iki ölkənin insanlarını bir araya gətirməyə çalışırlar. Bu mənada Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları da istisna təşkil etmirlər. Mən dəfələrlə demişəm ki, bütün tərəflər həmsədrlərlə bir araya gəlib münaqişədən təsirlənmiş insanların maraqları naminə müzakirələr aparmalıdırlar. Su problemi bu təşəbbüslərdən ən göz qabağında olanıdır. Ümid edirəm ki, tərəflər su ehtiyatlarının bölüşdürülməsi sahəsində əməkdaşlığın müzakirəsi üçün masa arxasına gələ bilərlər. Həmsədrlər bu məsələdə onlara köməklik göstərməyə hazırdırlar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm