• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ermənilər mənə görə toyu azərbaycanca keçirdilər...” - CƏBHƏ XƏTTİ

  • Nida.az
  • 25 Sentyabr 2015 10:43
  • 1 910 Baxış
“Ermənilər mənə görə toyu azərbaycanca keçirdilər...” - CƏBHƏ XƏTTİ

Bu dəfə “Cəbhə xətti”mizdə Fəxrəddin Mətləb oğlu Səfərovdur.

1952-ci ildə Fizuli rayonunun aşağı Yağlavənd kəndində anadan olub. Orta məktəbi qonşuluqdakı Böyük Bəhmənli kəndində bitirib. 1969-cu ildə Gəncə Pedoqoji İnstitutuna qəbul olub. Bitirəndən sonra təyinatını əvvəl Yardımlı rayonuna, sonra isə Dağlıq Qarabağa veriblər. İnstitut illərində güləşlə məşğul olduğu üçün müxtəlif ölkələrdə yarışlarda iştirak edib. Yaxşı güləşdiyi üçün Moskvaya gedib və Lomonosov adına MDU komandasını birinci yerə çıxarıb. Buna görə də qayıdanda təyinat yerini öz arzusu ilə seçməyə icazə verirlər. Beləliklə, təyinat Yardımlıdan Şuşaya dəyişilb. 1974-cü ildə Şuşada Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. Paralel olaraq həm də Şuşada güləş məşqçiliyi də edib və özü də müxtəlif yarışlara qatılıb.

Qarabağ birinciliyində yaratdığı komanda ilə uğurlu nəticələr əldə edib.

Şuşada heç kimin ağlına belə gəlməzdi ki...

- Şuşa çox fərqli bir yer idi. Təhsilə, savada xüsusi önəm verilirdi. Şuşada savadsıza, mədəniyyətsizə yer yox idi. 63 yaşıma kimi Almaniyada hərbi xidmətdə olmuşam, Rusiyanın bir neçə şəhərində olmuşam, amma bütün gördüyüm şəhərlər içində Şuşa tamam fərqli məkan idi. 1975-76-cı illərdə Almaniyada hərbi xidmətdə olanda da yaxşı güləşmişəm. Yaxşı güləşdiyimə görə institutdan sonra ikinci dəfə SSRİ idman ustalığına namizədlik qazanmışam. 1974-cü ildən Şuşa işğal olunan günə qədər orda müəllim işləmişəm.

- Ermənilərə qarşı mübarizəniz necə oldu? Proses necə başladı?

- Şuşada heç kimin ağlına belə gəlməzdi ki, ermənilərlə belə konfliktlər yaşayaq. Güləşdə erməni şagirdlərimdən Azərbaycan çempionu, SSRİ çempionları çıxanları var idi. Hətta erməni tələbələrimdən biri qız qaçırtmışdı. Qızın atası barışığa razı olmurdu. Uzun müddət sonra mənim xahişimi yerə salmadı və toya razılıq verdi. Xankəndində onun toyunda yoldaşımla iştirak etmişik. Böyük toy məclisi idi. İrəvandan gələnlər, Dağlıq Qarabağdan gələnlər çox idi. Toyun tamadası ayağa durdu, azərbaycan dilində dedi ki, yoldaşlar, bizim Şuşadan iki qonağımız var. Onlar erməni dilini bilmirlər. Gəln onlara xatir toyu Azərbaycan dilində davam etdirək. Və sonuna qədər toy Azərbaycan dilində davam etdi. İrəvandan gələnlərin bəziləri, bizim dili bilməyənlər ermənicə danışırdılar. Amma Qarabağdan olanların hamısı bizim dili bilirdilər və danışırdılar. Yəni böyük bir toyu bizim dilimizdə keçirən bir millətdən müharibə, xəyanət gözləmirdik. Belə faktlar var idi. Amma mən ildə bir-iki dəfə Stepanakertdə (indiki Xankəndi) “Dinamo” güləş zalına komanda aparırdım. Orda hiss edirdim bizə qarşı aqressiv olmaqlarını. 1976-dan üzü bəri bu soyuqluq başlayırdı. 1988-ci ilə kimi bir olmuşuq. Hətta 1988-ci ildə Qusarda ağırlıq daş qaldırma üzrə Azərbaycan birinciliyinə mənimlə birlikdə erməni uşaqlar da getmişdi. Onda mən artıq ailə qurmuşdum. Ən yaxşı nəticə göstərdim. Amma Azərbaycan yığmasının tərkibində qalmadığım üçün ikinci yer yazdılar. Yarışlarda soyuqluq hiss olunurdu. O dövrdə Allahverdi Bağırovun yaratdığı “Qarabağ” futbol komandası var idi. Gəncə futbol komandası gələndə oyuna baxmağa Stepanakertə gedirdik. Onda ermənilərin bizə qarşı münasibətini görürdük. Kollektiv bir yerə yığılanda azərbaycanlıya qarşı aqresiya və soyuqluqları hiss olunurdu.

Gördük şəhərdə təlatüm var...

- Neçənci ildə vəziyyət tam gərginləşdi?

- 1988-ci ildə vəziyyət gözləmədiyimiz halda kəskin surətdə dəyişdi. Mən hələ də müəllim işləyirdim. Mənim dil-ədəbiyyat kabinetim Qarabağda birinci yerə çıxmışdı. Artıq şagirdlərim Nizami Gəncəvinin 840 illiyi ilə əlaqədar olaraq Gəncəyə apardığım yarışda hamısı birinci yerə çıxmışdı...

Respublikaya 30 yer verilmişdi. Şuşadan gedən 10 şagirdin hamısı birinci yer tutmuşdu. Yerdə qaldı 20 yer, onlar da respublika üzrə paylanıldı. Yəni Şuşa, bax belə məsuliyyətli yer idi. İndi də həmin məsuliyyəti hiss edirik. Artıq işıq yandırmarıq, artıq su işlətmərik. Bunlar hamısı Şuşadan qalan vərdişlərdir.

1988-ci ildə 4 yoldaşla təsadüfən Ağdama gəlmişdik. Gördük şəhərdə təlatüm var. Xankəndində də balaca mitinqi eşitmişdik. Yenə də əhəmiyyət vermirdik. Amma artıq gördük ki, ermənilər baş qaldırıblar. Buna görə onlara dəstək verən var. Çünki bu ermənilərin qabiliyyəti deyildi. İndi tarixən həmişə belə deyirik. Deyirik, erməni qorxaqdır. Amma qorxaq olsa da, həmişə də tarixən torpaqlarımızı alıblar. Belə deyək də, 1918-ci ildə Bakını gəlib işğal etmişdilər. Bakıdan Salyana qədər, bu tərəfdən də Quba-Qusara qədər işğal eləmişdilər. Bu, danılmaz faktdır. Bəlkə də mən bir az qarışdırıram. Amma 1988-1990-cı illərdə rus ordusundan yaxşı istifadə etmək olardı. Erməni pul xərclədi. Amma bizimkilər xərcləmədi. Bu faktdır. Kimsə çıxsın desin ki, mən rus ordusuna pul xərcləmişəm. Manuçarovun daş karyeri var idi, çıxdı, rus ordusunun 366–cı batalyonunun bütün pulunu verdi. Daşaltında bizimkilərlə rus ordusunun mübahisəsi düşdü. Polkovnik dedi ki, siz bizə tüpürürsünüz, daş atırsınız. Amma onlar araq verir. İçki verir. Hətta qadın da verir. Rusdan siyasətlə istifadə edə bilmədik. Azadlıq meydanında azadlığımızı təmin elədik, bu, başqa. Amma elə Azadlıq meydanında siyasi manevrimizi etməliydik. Rusa pul verib istədiyini edə bilirdin. Rusa pulu verirdin, ermənin kəndini tutub alırdı. Bizimlə döyüşən erməni deyildi. Erməni bir nəfər, iki nəfər olurdu. Qalanı rus ordusu idi. Texnika rusun idi, silah rusun idi. Döyüşən rus idi. Postlarda ermənilər dayanırdılar. Amma hücum əməliyyatlarında ruslar iştirak edirdilər. Bu mənim döyüş haqqında şəxsi mülahizələrimdir. Ağdamdan qayıdandan sonra getdim hərbi komissarlığa. Artıq vəziyyət kəskinləşməyə başladı. Hərbi komissarlığa girəndə, Tahir Hüseynov var, indi Ağcabədi institutunda müəllim işləyir, çox vətənpərvər dostumuzdur. Mən onu 23 ildi Şuşadan çıxandan görməmişəm. Mən içəri girəndə dönüb komissara dedi ki, gördün, mən dedim ki, birinci Fəxrəddin müəllim gələcək?!. Mən könüllü ərizə verdim ki, Milli Orduda və yaxud polisin tərkibində ermənilərə qarşı mübarizə aparım. Beləliklə, biz yavaş-yavaş dəstələr yaratdıq. Yollarda vəziyyət pis idi. Ruslarla gedib-gəlirdik. Yaratdığımız dəstələr əvvəlcə polis idarəsi tərəfindən slahlandırılırdı. Kim tapa bilirdisə, özü tapırdı. Məsələn, mən özüm qayınımın maşınını götürüb Arana qədər gəzdim, bir neçə silah tapdım. Onlar da primitiv silahlar idi. Avtomat deyildi. Ov tüfəngi-filan. Sonradan artıq səhv eləmirəmsə, Nazirlər Kabineti tərəfindən Milli Ordunun yaranması ilə əlaqəli sərəncam imzalandı. 1991-ci il noyabr ayının əvvəllərində bizim batalyon formalaşmağa başladı. Şuşa könülli özünümüdafiə batalyonu yarandı. İlk komandir Əhədi seçdik. Bir neçə gün sonra məsləhətləşdik, Şuşada tikinti dairəsində işləyən hərbçi Məmməd Abdullayevi tapdıq. Keçmiş hərbçi idi. Rus ordusundan tərxis olunmuşdu. Məmmədi çətinliklə gətirdik. Döyüşən qüvvələrin bəzisi qəbul edirdi, bəzisi qəbul etmirdi. Bu, təbii idi. Məmməd müəllimi komandir təyin edəndən sonra batalyon formalaşmağa başladı. Hardasa bir ay sonra o da istefa verdi. O dövrdə belə idi ki, batalyon komandiri səhərə kimi avtomat əlində əsgərlə birlikdə postda durmalı, döyüşdə qabaqda getməliydi. Amma Məmməd müəllimin yaşı buna imkan vermirdi. Və bir gün zabit heyəti yığıldı, o da başda olmaqla məni qəfildən postdan çağırdılar. Mən ona qədər adi əsgər idim. Bir neçə dəfə Dadaş Rzayevlə, Zaur Rzayevlə əməliyyatlarda olmuşam, Almaniyada xidmət etdiyimə görə də özümə görə hərbi baxışım var idi.Verdiyim təkliflər uğurlu olmuşdu. Bir neçə kəndin qaytarılmasında mənim təklifimlə hücum etmişik və əməliyyatı mən qurmuşam. Uğurlu olub. Bir əsgər də itki verməmişik. Mənə batalyon komandiri olmağı təklif edəndə dedim, qətiyyən bu vəzifənin öhdəsindən gələ bilmərəm. Ali təhsilli olsam da, zabit olsam da, komandirlik edə bilmərəm. Bu mənim vəzifəm deyil. Ağır məsuliyyətdir. Məsləhətdirsə, hərbi komissarlığa deyək. Bakıdan nümayəndə dəvət edək. Bu məsələ iyirmi günə qədər davam elədi. Mən gedirdim döyüşürdüm. Bakıdan bir nəfər Əliyev, ya Abdullayev familiyalı bir nəfər gəldi Şuşaya. Bəstəboy sarı dolu zabit idi. Mən onda döyüş vaxtı ermənilərdən zenit pulemyotu götürmüşdüm. Onu görəndə dedi ki, bunu burda hərbi hissənin həyətində niyə saxlamısınız? Bu pulemyotu götürüb çıxın Qırxqız dağlarına. Yüksəklikdən gələn erməni hərbi vertolyotlarını vuraq... Vertolyot gələr bir gün Qırxqıza, sizi çıxardarıq. Dedim, komandir, bəlkə vertolyot bir ay gəlmədi. Çıxartmaq məndəndir. Mən getdim. Pulemyotu maşına qoyub apardıq Şuşanın Şırlan kəndinə. Orda məktəblilər kömək elədi, pulemyotu hissə-hissə söküb ata bağladıq. Çıxdıq Qırxqız dağına. Bir aya qədər o Qırxqız dağında qaldım. İlk dəfə erməni hərbi vertolyotunu mən vurmuşam. Dağın başında Alp çəmənləridir. Ordan baxanda bütün Qarabağ qalır ayaq altında. Çox yüksəklikdir.

1992-ci ilin yanvar ayının əvvəlləri idi. Pulemyotu yığıb hazırladıq. Onun üstündə koordinatları götürmək üçün snayperi var idi. Quruldu, hazırlandı. Elə pulemyotu qoymuşduq, gördük Ermənistan tərəfdən vertolyot gəlir. Elə mövqe tutmuşduq ki, görünmürdük. Atəş açdım, vura bilmədik. Çox yaxından keçdi. Hətta küləyini belə hiss elədik. Pulemyotun lenti 108 patron tuturdu. Hamısını düzmüşdük. Atan kimi pulemyot aşdı. Ayaqlarını yerə bərkitməmişdik. Bizim təcrübəsizliyimdən oldu. Orda yenidən yeri qazıb ayaqlarını basdırdıq. Su tökdük. Daha doğrusu, su da yox idi. Qarı əridib tökdük. Dondu. Elə bil ki, buzla qaynaq elədik. Bir neçə gün gecələr də otururduq. Kənddən bizə çörək gətirirdilər. 3 əsgər idik. Həmin vertolyota aşağıdan da çoxlu güllə atdılar. Amma onlar atan avtomat idi. Vetolyot keçib getmişdi. Səhv etmirəmsə, 1992-ci il yanvar ayının 13–ü idi. Çünki biz orda bir neçə gün qalmışdıq. Tarixi yaxşı bilmirdik. İki həftədən çox idi ki, dağın başındaydıq. Gördük ki, vertolyot Xankəndindən qalxdı Ermənistana gedir. Mən başladım atəş açmağa. Gördük ki, vertolyotdan tüstü çıxır. Biz tərəfə döndü. Bir dəfə fırlandı. Yenə də keçdi dağın arxasına. Biz artıq onu görmədik. Ayın 13, ya 14-ü kəndin sovet sədri bizə atlı göndərib poçt işçiləri ilə bir yerdə. Oğlanın adını unutmuşam, amma bizə kömək edirdi. Bizi muştuluqladı ki, vertolyotu vurmusunuz, Laçının Şəlbə kəndinə düşüb. Vertolyotu vurduğumuza görə bayram elədik orda. Bizə şəhərdən, sonra Turşsu kəndindən də xəbər gəldi ki, vertolyotu vurmusunuz. Amma təəssüf ki, vertolyotda iki nəfər ekipaj olmuşdu ancaq. Vertolyot yanmışdı. İçində odun olmuşdu. Amma sonra bir vertolyotu da 17-də vurduq. O vertolyotda 6 nəfər olmuşdu. Həmin dövrdə general Tacəddin Mehdiyevi Daşaltı əməliyyatına görə tənqid elədilər, istefa verdi. Amma adam çox vətənpərvər, igid adam idi. Əslində, o əməliyyat çox tələsik əməliyyat idi. Biz ona hazır deyildik. Televizorda da bu haqda müzakirə gedir. Şəhər artıq bilirdi ki, Daşaltına hücum olunacaq. 23 il keçib, bu gün də bu qədər təkmilləşmiş texnika ilə mübarizə aparırıq ki, cəbhə xəbərləri getməsin. Hər yay nə qədər yalan söhbətlər gedir. Mən bu il Başkənddə idim. Ordan da Ağcakəndə getmişdim. Orda elə şad xəbərləri eşidib sevindiyimdən tələsik həvəslə qayıtdım ki, nəsə olub. Amma xəbərlər yalan imiş. İkinci Daşaltına bir neçə yol var. Umumiyyətlə, gərək Daşaltına girilməzdi. Çünki ora quyunun içidir. Quyunun dibinə düşsən, ağzını bağlasalar, qalacaqsan orda. Əksinə, yüksəkliklərə getmək lazım idi. Ona görə də deyirəm ki, o tələsik əməliyyat idi. Vertolyotlar vurulan ərəfədə Tacəddin Mehdiyev özü Şuşada idi. Bizim Şuşa İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov məni də çağırtdırdı. Məni Tacəddin müəllim ilə tanış elədilər. Dedi ki, Fəxrəddin erməni vertolyotlarını vurub. O da əlimi sıxdı. Oğlu da yanında idi. Hər vertolyota görə 100 min pul mükafat yazılsın, növbədənkənar ev verilsin, maşın verilsin. Açığı, əvvəl etiraz elədim. Çünki birincisi, həmin dövrdə 20 Yanvar şəhidlərinin maddi vəziyyətini nəzərə alırdıq. Bizdəki vətənpərvərlik eşqi böyük idi. Sevgi deyildi, eşq idi. Sevgi olan yerdə vüsal var, qovuşmaq var. Amma eşq vüsalsız olur. Allaha eşq kimi. İndi o qədər bizi narahat edən fikirlər var ki. O dövrdə orduda pərəkandəlik idi, o dövrdə kim necə istəyirdisə, elə hərəkət edirdi. İmkan olmur ki, bir diskusiya aparılsın, o dövrdə olan döyüşçülər, Müdafiə Nazirliyinin əməkdaşları yığılsınlar, bir yerdə xalqa açıqlama versinlər. Şuşa könüllü özünümüdafiə batalyonuna Bakıdan gələn hər hansı ən aşağı zabit çini leytnantdırsa, o gəlib Müdafiə Nazirliyinin adından göstəriş verib və batalyon “yox” deyib. Bu, olmayıb axı. Biz ancaq bir şeyin əziyyətini çəkmişik . Silah tapmamışıq. Ona görə də mən Tacəddin Mehdiyeva etiraz elədim. Dedim ki, cənab general, o pullar 20 Yanvar şəhidlərinin qəbirüstü abidəsinə xərclənsin. Bilirdim axı büdcəmizdə pul yoxdur. Bu təşəbbüs müsbət də qəbul olundu. Ondan sonra Kərkicahan kəndinin geri qaytarılmasında da yaxından iştirak elədim.

1991-ci il dekabr ayının 26-da ermənilər hücum edib Kərkicahanı işğal etmişdilər. Hətta onda Bakı batalyonundan gələn uşaqlardan şəhid olanlar olmuşdu. Meyitləri qalmışdı. 1991-ci il dekabr ayının 28-də əməliyyat qurduq. Zaur Rzayev, Şuşa polisinin müavini Eldəniz Quliyev və Kobra ləqəbli komendant Ələkbər Ələsgərov əməliyyat qurdular. Biz, Şuşa polisi, Zaur Rzayevlə gələn döyüşçülər - Bakı batalyonu və Şuşa könüllüləri. Zaur Rzayev onda podpolkovnik idi. Sonra general oldu. İndi rəhmətə gedib. Şuşada onun əziyyəti çox idi. Özü də bizimlə qaynayıb-qarışmışdı. Səhər tezdən hücum eləməli idik. Mən çıxdım qabağa, dedim, olar mən də döyüşçü kimi öz təklifimi verim? Dedi, buyur.

Bir-birimizi öldürə bilərdik

... Geyindiyimiz paltar Sovet ordusunun paltarı idi. İstifadə etdiyimiz silah da eynidir. Səhra döyüşü ilə dağ döyüşünün fərqi çoxdur. Səhra belədir ki, 10-20 metr geri çəkilirsən, səngər qazıb irəlini rahat görə bilirsən. Dağda isə bu, mümkün deyil. Bir metr geri çəkilən kimi irəlini görə bilmirsən. Dağ döyüşündə uşağın biri çətin yerə düşdü, çıxa bilmədi, o biri rahat yolla tez qalxıb qabağa getdisə, mən irəlidəkini vura bilərəm. Biz bir-birimizi öldürə bilərik. Özü də sübh tezdən hücuma keçirdik. Dedilər, təklifin nədir? Dedim, hamımızda ağ sarğı cunası var. Hamımız qolumuza bağlayaq. Bu təklif bəyənildi. O qaydada da biz hücum elədik. 1991-ci il dekabrın 28-də orda polkovnik 3 batalyona 6 ədəd səs eləyən şar verdi. Tapşırdı ki, görsəniz kütləvi itki verirsiniz, onda havaya bir şar atırsınız. Çünki onda rabitəmiz yox idi. Göyə atılan şardan batalyon geri çəkilsin. Biz hücum elədik və kəndi götürdük. Mən lap arxada dayanmışdım. Çünki iki PK plemyot verilmişdi mənə. O pulemyotlarla dağın yuxarı hissəsində dayanıb atəş açırdım. Amma uşaqlar qabaqda döyüşürdülər. Gecə qəfildən göyə şar atıldı. İtki vermədən kəndi almışıq, meyitləri də çıxartmışıq. Mən çığırırdım ki, bu, nə deməkdi? İndi də deyirəm ki, onda heç birimizin ağlına gəlmədi ki, bu 6 şarı kimə verdiyimizi bilirik. Soruşaq ki, şarı kim atıb. Bəlkə də zabitlərin ağlına gəlmişdi. İndi səmimi etiraf edirəm ki, gör biz nə dərəcədə düşünməmişik. İndi bu qorxusundan atıb, ya qəsdən atıb, bilinmir. 1991-ci il dekabr ayının 29-da gecə Şuşada mədəniyyət sarayının qabağına yığıldıq. Uşaqlar biri ac, biri susuz, biri yorğun idi. Hamı paylandı evlərə. Hərə bir tikə çörək yeyib yığışdıq yenə. Mədəniyyət evinin qarşısında gördük bir hərbi texnika durub. Soruşduq, bu nədi? Dedilər BRDM maşınıdır. Şuşaya gələn ilk hərbi texnika idi. Amma silahı yox idi. Deməli, adi maşından heç bir fərqi də yoxdur. Dedilər, Rəhim Qazıyev gətirib. Rəhim Qazıyevin özünü də gördük. Yığıldıq, söhbət elədik Rəhim Qazıyevlə, onunla gələn yoldaşlarla. İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da ordaydı. Şəhərin aktivləri heç kim yatmayıb ki, kəndi qaytaraq. Biz yenidən tədbir görüb getdik Qaybalı kəndinə. Həmin o BRDM-in də ilk sürücü Firdovsi oldu. Polis rəisinin birinci müavini Eldəniz Quliyev olub, mən olmuşam, rəhmətlik Habil, Pərviz, İlham olub. İndi onlardan sağ qalan İlhamla mənəm. Qalanları şəhid olublar. Batalyonu götürüb getdik Qaybalı kəndinə. Qaybalı kəndindən şəhərlə əlaqə yaratdıq. Səhərə yaxın idi. İcra başçısına dedim ki, doktor, Kərkicahanı səhər məndən istə. Mən hələ döyüşçülərin ən zəifi idim ha. Mən səngərdə arxada dayanırdım, döyüşçülər basıb gedirdilər qabağa Xankəndinin içinə qədər. Elə ürəkli oğlanlar var idi yanımızda. Səhər tezdən hücum edib Kərkicahanı qaytardıq. Ağır döyüş gedirdi. Bir neçə şəhidimiz oldu. Bir batalyon olmalıdır 400-500 nəfər. Amma biz tam heyətlə döyüşə bilmirdik. Silah yox idi. 70-ə yaxın silah var idi. Silah sayı qədər də döyüşçü hesablamaq lazımdır. Şuşa işğal olunan günü əsgər oturub daşın üstündə ağlayırdı. Deyirdi, komandir, Şuşa yanır, amma bizim silahımız yoxdur döyüşməyə. Mən səhər nə deyəcəm? Həmin oğlanın adı Vətəndir. İndi sağdır. Yasamalda yaşayır. Görmüşəm ki, qoşulub əsgərlərə gedir. Ən ağır mövqedə biz döyüşmüşük. Tar sexində. Deyirdi ki, komandir, Allah eləməmiş, uşaqlardan ölən olsa, silahını götürərəm. Durmuşam da burda. Döyüşçülərdə bu ruh var idi. İndi bilirsiniz, bəzən mən irad da tuturam. Adını çəkmək istəmədiyim teleşirkətin prezidenti ilə də görüşmüşəm. Dedim ki, filan faktları göstərirsiniz. Bu faktların Azərbaycan xalqına heç bir xeyri yoxdur. Ayıbdır. O döyüşən, canavar kimi, pələng kimi hayqırıb ermənin üstünə dik gedən, Habil kimi gedib Daşaltında erməniyə əyilməyib ölən oğullarımızdan danışsınlar. Çığıra-çığıra əlində pulemyot getdi ermənin üstünə. Şəhid oldu. Harda qaçan, qorxan var, onu niyə göstərirsən? Bu “qaçıbdır” sözü – “ordumuz qoyub qaçıbdır” sözü umumiyyətlə yaraşmır. Bizim lüğətimizə yaraşmır. Geri çəkilib, uduzmuşuq, o, ayrı şeydir. Bax, indi 2015-ci ildir, teleşirkətlər gedirlər cəbhə xəttindən çəkilişə. Məsələn, Tovuzun Əlibəyli kəndinə. Kəndin ən yazıq, ən yetim, ən arıq, ən zəif adamından müsahibə götürürlər. Halbuki o kənddə canavar kimi oğlanlar var. Erməni görür də bunu. Sən bunu niyə işıqlandırırsan? Televiziya müsahibə alır: “Qorxmursunuz?” Hətta bu kəndin camaatı geri çəkilməyib. Evlərində təsərrüfatları ilə məşğuldurlar. Yaxud müsahibə alır ki, düşmənlə üz-üzüzəsiniz, kənddə vəziyyət necədir? Cavab fərqli olur: “qorxuruq”, “ qorxmuruq” deyənlər var. Belə çıxır, əhali ilə erməninin arasında dayanan Azərbaycan ordusu yoxdur hə? Bu, necə məntiqdir? Axı o kəndin sakini deyəndə erməni ilə üz-üzəyik, belə çıxır, onda ordu yoxdur.

Şuşa necə getdi - anbaan

- Ən uğurlu əməliyyatlarınız hansı olub?

- Şuşada döyüşlər gedəndə hücum edib Kərkicahanı azad elədik. Demək, səngərdəki ermənilər bizə atəş açır. Habil rəhmətlik də yanımdadır...

Ardı var

Nihad Cəbrayıl

(axar.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR