"Əli Kərimli özünü qeyri-qanuni AXCP sədri kimi təqdim edib"
Bizi izləyin

Nida.az

"Əli Kərimli özünü qeyri-qanuni AXCP sədri kimi təqdim edib"

AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) Əli Kərimlinin rəhbərlik etdiyi qrupun 27 sentyabr 2015-ci il tarixdə AXCP adından keçirəcəyi qurultayla bağlı bəyanat verib.

EQTK-dən Trend-ə daxil olan bəyanatda deyilir: “AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi kəsimi qurultay keçirəcək. Təəssüf ki, bu, AXCP-nin yenidən ikiyə bölünməsi faktını rəsmiləşdirir və bu hərəkət ölkənin siyasi həyatında iki AXCP-nin fəaliyyətinə şərait yaratmış olur. Biz dəfələrlə Əli Kərimli və onun rəhbərlik etdiyi dəstəyə təklif etdik ki, vəziyyətdən çıxış yolu Əli Kərimlinin sədrlikdən istefa verməsi və birgə qurultayın keçirilməsidir. Təəssüf ki, Əli Kərimli və onun məhdud dairəsi bu təklif və tələblərə əməl etmədi. Bununla da, AXCP-nin rəsmən parçalanmasının əsasını qoydu. Əli Kərimli heç vaxt bu kimi əməllərindən çəkməyib və destruktiv fəaliyyəti ilə AXCP-nin zəifləməsinin əsas təşkilatçısı, parçalanmasının rəhbəri olub. Əli Kərimli öz fəaliyyəti ilə yalnız AXCP-nin zəifləməsinə və siyasi səhnədən getməsinə xidmət edib".

Bəyanat müəllifləri qeyd edir ki, dəfələrlə bəyan etmişdik ki, AXCP-nin xilas yolu Əli Kərimlinin sədrlikdən istefa verməsi, partiyadaxili demokratik seçki keçirilməsi və partiyada yaranmış avtoritarizmin aradan qaldırılmasıdır: "Lakin onlar bu yolu qəbul etmədilər və partiyanın parçalanmasını rəsmiləşdirdilər. İndi bu adamların AXCP adından keçirdiyi qurultayda hansı oyunların qurulmasından asılı olmayaraq, (alternativli seçki şousu və s. ) proses dərinləşib. Əli Kərimlinin bu addımı bütünlükdə müxalifətin əleyhinə işləməklə yanaşı, siyasi spektri seçim qarşısında qoyub. Bu da müxalifətin birliyinə əngəldir. Əli Kərimli və dəstəsi imkan vermədi ki, müxalifət daxili çəkişmələrdən azad olsun və mübarizə sistemini formalaşdırsın. AXCP EQTK bəyan edir ki, hazırda AXCP iki quruma parçalanmış durumdadır. Rayon təşkilatları Əli Kərimlidən üz çevirib və fəaliyyətlərini AXCP EQTK-da davam etdirirlər. Partiyanın mövcud 76 rayon şöbəsinin 40-ı AXCP EQTK-nın legitimliyini tanıyır. Əli Kərimlinin ətrafında hazırda 36 rayon təşkilatı mövcuddur. Belə olan halda Əli Kərimli AXCP adından qurultay keçirmək səlahiyyətini itirmiş sayılır. Ona görə də AXCP EQTK olaraq bəyan edirik ki, Əli Kərimlinin AXCP adından keçirdiyi qurultay legitim deyil və bu adamlar AXCP-ni təmsil etmirlər. Onların AXCP adından çıxış etmək səlahiyyətləri bitmişdir".

Bəyanatda bildirilir ki, birincisi, partiyanın Nizamnaməsi kobud şəkildə pozulub və bir ildən artıq müddətdə Əli Kərimli qeyri-qanuni olaraq özünü AXCP sədri kimi təqdim edib: "Çünki AXCP-nin Nizamnaməsinə görə partiyanın qurultayı 4 ildən bir keçirilməlidir. Nizamnaməyə görə qurultay 2014-cü ilin sentyabr ayında keçirilməli idi. Lakin Əli Kərimli partiyanın Nizamnaməsini pozub. İkincisi, partiya faktiki olaraq 19 avqust 2015-ci ildə parçalanıb və 76 rayon şöbəsindən 40-ı artıq AXCP EQTK-da fəaliyyət göstərir. Belə bir vəziyyətdə Əli Kərimlinin AXCP adından çıxış etmək, AXCP-ni təmsil etmək və AXCP adından qurultay keçirmək səlahiyyətləri yoxdur və partiya adından keçirilməsi nəzərə tutulan qurultay legitim deyildir".

Sənəddə həmçinin qeyd olunur ki, təbii ki, Əli Kərimli və tərəfdarlarının bu hərəkəti hüquqi araşdırmaya yol açır: "AXCP EQTK olaraq Ədliyyə Nazirliyinə hüquqi təmsilçiliklə bağlı müraciət də hazırlanır və təqdim ediləcəkdir. İnanırıq ki, AXCP adından saxtalkarlıqla fəaliyyət göstərilməsinin hüquqi yollarla qarşısı alınacaq və partiya adından yalnız AXCP EQTK çıxış edəcək”.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini yaradıblar. Komitənin sədri R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm