• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Suriya məsələsində Qarabağ bazarlığı olacaqsa...” – Almaniyanın oyunu, yoxsa...

  • Nida.az
  • 29 Sentyabr 2015 16:24
  • 2 980 Baxış
“Suriya məsələsində Qarabağ bazarlığı olacaqsa...” – Almaniyanın oyunu, yoxsa...

“Azərbaycanın hava məkanından Suriyaya çıxış Rusiya üçün vasitələrdən biri ola bilər. Lakin bundan əvvəl Rusiyanın Ermənistanda olan hərbi bazasından hərəkət etməsi daha məntiqli görünür”.


Bu barədə Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.


“Moskvanın Suriyaya çıxış üçün Azərbaycandan istifadə etməsi vasitələrdən biri ola bilər”


Onun sözlərinə görə, Rusiya xüsusilə BMT-nin toplantısından sonra Suriya məsələsində aktivləşəcək: “Obamanın çıxışında sülh və diplomatiya vurğusu Yaxın Şərqdə müharibənin son üsul olacağı ilə bağlı gözləntiləri ön plana çıxardı. Lakin Rusiya məsələni şansa buraxmayaraq, Suriyada Əsədə qarşı qüvvələrə xüsusilə havadan zərbə endirmək istəyir. Əsədin Suriyada iqtidarda qalmasını istəyən Rusiya bunu təmin etmək üçün əlindəki bütün vasitələri dövriyyəyə salacaq. Moskvanın Suriyaya çıxış üçün Azərbaycanın hava məkanından istifadə etməsi də bu vasitələrdən biri ola bilər. Lakin Rusiyanın öncə Ermənistandakı hava bazasından istifadə etməsi daha məntiqlidir”.


Suriyaya çıxış əvəzinə 5 rayon: Almaniya mediasının Qarabağ iddiası


Qeyd edək ki, Almaniyanın “Deutsche Welle” nəşri Rusiyanın Qarabağı qaytarması əvəzində Suriyaya çıxış üçün Azərbaycanın hava məkanından istifadə şərtini irəli sürdüyünü iddia edib.


“Ehtiyac yaranacağı təqdirdə, Rusiyanın hədəflərindən biri də Azərbaycanın ərazisindən və hava məkanından Suriyaya tranzit yol təmin eləməkdir. Kreml bacardıqca Azərbaycanın Avropa Birliyi ilə mübahisəsindən yararlanmağa çalışır və Bakının onun nüfuz dairəsinə qayıdacağına ümid edir. Qarabağ təklifi və sülh nizamlanması planının qismən reallaşması bu işdə Rusiya üçün ideal vasitə olardı. Çünki Moskva üçün Suriyada siyasi-hərbi gücünü qorumaq vacibdir. O, bu gücü sığortalamaq üçün lazım olan hər şeyi edəcək. Rusiya Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarmaqla həm Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətmək, həm də Suriyaya çıxış əldə etmək imkanı qazanmaq istəyir. Söhbət Azərbaycanın işğal edilmiş rayonlarının azad edilməsindən gedir. Ancaq hamısından yox – yalnız beşindən, o da tədricən. Yerdə qalan iki rayonu isə İrəvan ciddi zəmanət almadan heç vaxt qaytarmaz, çünki həmin rayonlar Ermənistanla Qarabağdakı separatçılar arasında “körpü” rolunu oynayır. Bəs İrəvan qarşılığında nə alacaq? Birbaşa və dolayı təzminatlar və Rusiyanın yeni hərbi zəmanətini”, - deyə alman nəşrinin məqaləsində bildirilir.


“Suriya məsələsində Qarabağ bazarlıq mövzusu olacaqsa...”


Hasan Oktayın fikrincə isə alman nəşrinin yazdıqlarının tətbiq edilməsi çətindir: “Almaniyanın belə bir xəbəri yayması Azərbaycan üçün, bəlkə də, romantik mənası ola bilər. Lakin bunun tətbiqi çətin görünür. Əslində bu tip xəbərlərin Azərbaycanın Avropa ilə münasibətlərinin gərginləşdiyi bir vaxtda peyda olması, Qərb ictimaiyyətində Bakı haqda mənfi imic formalaşdırmaq məqsədinə xidmət edə bilər. Azərbaycan da haqlı mübarizəsi olan Qarabağ münaqişəsini bu cür xəbərlərlə düyünə çevirməməlidir. Qarabağ münaqişəsi mütləq həll olunacaq, lakin buna Azərbaycan qərar verəcək. Ya diplomatiya, ya da müharibə. Qarabağ münaqişəsinin həllində də Rusiyanın birinci dərəcəli rol oynayacağını hər kəs dilə gətirir. Bu günlərdə Moskvada Putin-Ərdoğan görüşündə Türkiyənin Qarabağ məsələsinin müzakirəsini ön plana çıxarmağının vacib olduğunu Azərbaycan mediasına müsahibəmizdə də demişdik. Türkiyənin Qarabağı gündəmə gətirməsi başqa, alman mediasının Suriya məsələsində Qarabağı gündəmə gətirməsi başqa. Almaniya əl altından Azərbaycanın beynəlxalq etibarını zəiflətmək üçün belə bir yolu seçib. Suriya məsələsində Qarabağ bazarlıq mövzusu olacaqsa, Almaniya mediası işğal altındakı 5 və ya 7 rayon deyil, bütün torpaqların işğaldan azad edilməsi məsələsini gündəmə gətirməliydi”.


“Almaniya Azərbaycanın etibarını sarsıtmaq istəyir”


Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli diplomatiyadan keçir.


“Almaniya mediasının bu xəbəri isə Azərbaycanı Avropa ictimaiyyətində etibarsız ölkə kimi göstərmək məqsədinə xidmət etdiyi ön plana çıxır”, - deyə politoloq vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR