“İqbal Ağazadə mənə ismarış göndərdi ki...” - Sərdar Cəlaloğlu sirr açdı
Bizi izləyin

Nida.az

“İqbal Ağazadə mənə ismarış göndərdi ki...” - Sərdar Cəlaloğlu sirr açdı

“Ümid Partiyası ilə artıq əməkdaşlıq yox, rəqabət aparırıq”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

“Hüquqi olaraq Ümid deyilən partiya yoxdur”

Onun sözlərinə görə, ADP və Ümidin təmsil olunduğu “Qarabağ” bloku da buraxılmalıdır: “Hesab edirəm ki, blok qarşısına qoyduğu məqsədlərə nail olub. Hazırda onun taleyinin necə olacağı sual altındadır. Çünki Ümid “125-lər” klubu ilə blok şəkilində seçkiyə getmək qərarına gəldi. Ona görə də hüquqi olaraq Ümid deyilən partiya yoxdur. Çünki qanuna görə seçkilər ərəfəsində hansı partiya blokda iştirak edirsə, onun ayrılıqda fəaliyyət göstərməsi qadağandır. Ümid Partiyası “125-lər” deyilən bir blokla seçkiyə getdiyinə görə onun ADP ilə və ya təklikdə siyasi partiya kimi fəaliyyət göstərməsi qanuna ziddir. Bir sözlə, Ümid Partiyası seçki qurtarana qədər yoxdur. Seçkidən sonra yəqin blokun taleyinə baxacaqlar”.

“Ümidlə əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik”

ADP sədri bildirib ki, bir çox dairələrdə Ümid onların namizədlərinə alternativlər verdi: “Şəxsən mən 21-ci dairədən namizədliyimi vermək istəyirdim, Ümid alternativ göstərdi, İqbal Ağazadə mənə ismarış göndərdi ki, namizədliyimi həmin dairədən verməyim. Sonra 9-cu dairəni seçdim. Bu onu göstərirdi ki, biz əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik. Belə olan halda necə bir-birimizə dəstək verə bilərdik. Biz də sonda qərara gəldik ki, partiya olaraq seçkiyə getməyək”.

“Partiyada kimsə öz iradəsini sərbəst ifadə edə bilmirsə...”

S. Cəlaloğlu AXCP-nin qurultayında alternativsiz sədr seçkisinə də münasibət bildirib. Qeyd edib ki, özünü Azərbaycanın yeganə müxalifəti sayan partiyada kimsə öz iradəsini sərbəst ifadə edə bilmirsə, bu demokratiyanın yoxluğu deməkdir: “AXCP-nin qurultayına da bu qədər önəm verilməsi intriqadan başqa bir şey deyil. AXCP elə bir mühüm gücə malik deyil ki, orada baş verən hadisələr Azərbaycan cəmiyyətini maraqlandırsın. Həm də Əli Kərimlinin real alternativi yox idi ki, gizli səsvermədə başqası seçilsin. Çünki AXCP Əli Kərimlinin şəxsi imici üzərində formalaşmış partiyadır. O partiyada ideologiyadan, əqidədən söhbət getmir. Əslində orada sədr seçkisinə də ehtiyac yox idi. AXCP-də nə ideoloji yönüm var, nə başqa fraksiya meydana çıxıb. Bunlar hamısı süni oyunbazlıqdır”.

“Əli Kərimlinin kimisə öz tədbirinə dəvət etməyə üzü yoxdur”

ADP sədri siyasi partiyaların AXCP-nin qurultayında iştirak etməməsinə görə Əli Kərimlini ittiham edib.

“Əli Kərimli elə bir siyasət aparıb ki, Azərbaycanda heç bir müxalif partiya sədri ilə normal insani münasibəti yoxdur. Onlara ən yaxın olan, zaman-zaman bir blokda fəaliyyət göstərdikləri Müsavat Partiyası ilə müttəfiq olduqları vaxtda belə düşmənçiliklərini davam etdiriblər. Bu gün Əli Kərimlinin kimisə öz tədbirinə dəvət etməyə üzü yoxdur. O, öz apardığı siyasətin nəticəsi olaraq təklikdə qalıb”, - deyə partiya sədri diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm