Obamanın Qarabağ “unutqanlığı”, yoxsa manevr...
Bizi izləyin

Nida.az

Obamanın Qarabağ “unutqanlığı”, yoxsa manevr...

ABŞ prezidenti Barak Obamanın sentyabrın 28-də Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının yubiley iclasında çıxışı dünyanın bir çox ölkəsində diqqətlə izlənildi. Artıq iki gündür əsas gündəmlərdən biri də məhz Ağ Ev rəhbərinin toxunduğu tezislərdir.


Obama çıxışının əsas hissəsini insan haqları və demokratiyaya sərf etdi, ərazi bütövlüyünün toxunulmazlığından bəhs etdi, lakin bir məqamı unutdu.


Krımın işğalından, Ukraynanın ərazi bütövlüyündən bəhs edən ABŞ prezidenti çıxışı boyu eyni “presedent” olan Dağlıq Qarabağ münaqişəsindən bir kəlmə də danışmadı. Halbuki ABŞ münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədridir və bu münaqişəyə diqqət ayırmağa borcludur. Xüsusilə cəbhə xəttində yaşanan son gərginlik bunu vacib edirdi. Obama isə ya unutmuşdu, ya da “unutmuşdu”.


Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev Publika.az-a açıqlamasında bu məqamın təəssüf doğurduğunu dilə gətirib: “Təəssüf ki, ABŞ prezidenti Barak Obama öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışmadı. Ən azından ATƏT–in Minsk qrupunda təmsil edilən bir dövlətin başçısı kimi bunu etməli idi”.

Ekspertə görə, Obamanın Qarabağla bağlı susmasının bir neçə səbəbi ola bilər.


“Bu gün Rusiya və ABŞ arasında olan gərginliyin əsas narazılıq nöqtəsi məhz Ukrayna məsələsidir. Qarşılıqlı ittihamlar, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da Krım və Donbasa görədir. Dünya ictimaiyyəti də məhz bu problemlərə daha çox önəm verir. Əlbəttə vaxtaşırı, belə ikili standartlara rast gəlinir”, - deyə o bildirib.

Lakin A.Nağıyev digər səbəbi əsas gətirərək bunu yalnız ikili standart olaraq qəbul etməyin də tərəfdarı deyil: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə keçirilən söhbətlərdən sonra yəqin ki, ABŞ prezidentinə məruzə ediləcək məqamlar da ola bilər. Bu baxımdan birmənalı şəkildə bunu ikili standart kimi qəbul etmək, zənnimcə, düzgün olmazdı”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm