• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qarabağda müharibə cəbhəsi açılır – ANONS

  • Nida.az
  • 1 Oktyabr 2015 18:30
  • 2 239 Baxış
Qarabağda müharibə cəbhəsi açılır – ANONS

BMT Baş Assambleyasının Nyu-Yokrda keçirilən 70-ci sessiyasında Ermənistan Azərbaycanı müharibə ilə hədələdi və cavabını aldı.


Ermənistan prezidenti Serj Sarkisyan məlum sessiyada çıxışı zamanı Azərbaycanı ittiham edərək bildirib ki, hərbi yola əl atmaqdan başqa çarələri qalmayıb.


“Əgər bu cür aqressiv siyasət davam etsə, onda bizim Ermənistan və Dağlıq Qarabağ Respublikasının (qondarma “DQR”) sülh və təhlükəsizlikdə inkişafını təmin etmək üçün hərbi-siyasi yollara əl atmaqdan başqa çıxış yolumuz qalmayacaq”, - deyə o BMT tribunasında absurd iddialarını səsləndirib.


Rəsmi Bakının cavabı özünü çox gözlətmədi. Elə həmin tribunada çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Sarkisyanın iddialarına cavab verdi, həmçinin müharibə anonsunu təqdim etdi: “Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq”.
E. Məmmədyarov Serj Sarkisyanın iddialarına da konkret faktlarla cavab verdi.


Son dövrlər cəbhə xəttində ağır artilleriyanın işə düşməsi fonunda BMT tribunasından səslənən müharibə anonsu diqqətdən yayınmır. Rəsmi Bakı BMT nizamnaməsi çərçivəsində öz haqqını tələb edir, müharibənin onlar üçün hansı nəticələrə səbəb olacağını anlayan İrəvan isə dünya qarşısına özünü haqlı çıxarmağa cəhdlər edir. Bütün hallarda ortada müharibə təhlükəsinin olması ehtimalı böyükdür. Ekspertlər də bu təhlükəni real hesab edirlər.


“Müharibənin daim yenilənməsi təhlükəsi mövcud olub”


Publika.az xəbər verir ki, Rusiya prezidenti yanında strateji tədqiqatlar institutunun əməkdaşı, politoloq Əjdər Kurtov bildirib ki, Dağlıq Qarabağ zonasında vəziyyətin kəskinləşməsi Moskva üçün əlverişsizdir: “Dağlıq Qarabağda vəziyyət uzun müddətdir qeyri-stabil olaraq qalır. 1994-cü ildə atəşkəs imzalansa da, müharibənin daim yenilənməsi təhlükəsi mövcud olub. Snayper və ağır artilleriyadan istifadə də ilk dəfə deyil. Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpası üçün daim müharibə anonsları verir. Lakin hesab etmirəm ki, hazırda müharibəyə başlamaq Bakı üçün əlverişlidir”.


Qondarma “DQR”-in legitimləşdirməsi prosesi gedir?


“Yaxın Şərq-Qafqaz” tədqiqatlar mərkəzinin direktoru, politoloq Stanislav Tarasov isə bildirib ki, Cənubi Qafqazda ən vacib məqam Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasıdır. Rusiyalı politoloq qeyd edib ki, son dövrlər qondarma “DQR”-in legitimləşdirilməsi prosesi gedir: “ATƏT-in Minsk qrupunun müşahidə qrupu cəbhə xəttində baş verənləri izləmək üçün tərəflərə müraciət etdilər. Onlar Xankəndinin də nümayəndələrinə müraciət etmişdi. ATƏT tələb edir ki, hər iki tərəfin səhra komandirləri, ilk növbədə Bakı və Xankəndi bir-biri ilə danışıqlar aparmalıdır. Görünən odur ki, DQR-i tədricən legitimləşdirmək haqqında söhbət gedir. Buna Bakı razı deyil, lakin tədricən prosesin irəlilədiyi müşahidə olunur”.


Ekspert müharibə ehtimalının yaxın dövrlərdə gerçəkləşəcəyinə inanmasa da, bunun mövcud olduğunu bildirib.

“Suriyada döyüşlər gedir, Moskva tədricən müharibəyə girir. Yaxın Şərqdə vəziyyət son dərəcədə qeyri-stabildir. Bu baxımdan hazırda Qafqazda müharibə cəbhəsinin açılışı heç kəsə lazım deyil, xüsusilə Moskvaya. Lakin bu ehtimal son dövrlər daha da güclənib”, - deyə o bildirib.


Onun sözlərinə görə, hansı tərəf genişmiqyaslı müharibəyə başlasa, həmin tərəf daha çox itki ilə üzləşəcək.


“Vəziyyət hər an idarədən çıxa bilər”


Qafqaz üzrə ekspert Konstantin Tasis hesab edir ki, Qarabağda tammiqyaslı müharibə təhlükəsi qalmaqdadır: “Hər iki tərəf silahlıdır və hər ikisi müharibəyə hazırlaşır. Bu baxımdan, vəziyyət hər an idarədən çıxa bilər. Mən bir məqama diqqət çəkmək istəyirəm. Münaqişə hər il təxminən eyni vaxtda – avqust, sentyabr aylarında gərginləşir. Hesab edirəm ki, bu münaqişə dondurulmuş deyil”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR