Qüdrət Həsənquliyevdən Dini Komitə ilə bağlı TƏKLİF
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyevdən Dini Komitə ilə bağlı TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Publika.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilir. Dövlət Komitəsi bundan sonra nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq yoxlamalar aparacaq.

Eyni zamanda qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir.

Qanun layihəsinin müzakirəsi zamanı parlamentdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bu gün 2 dini təşkilat var ki, onlar siyasi açıqlamalar verirlər: “Bu sahədə ciddi nəzarətin olmasına ehtiyac var. Gündəlikdə 10-cu məsələdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa dəyişikliklər edilməsi barədə layihə var. Dini təşkilatlar son zamanlar bəyanat veriblər ki, seçkiləri boykot edəcəklər. Mən azı iki belə dini təşkilatın adını çəkə bilərəm. Əslində onlar QHT-lərdir və belə bir səlahiyyəti yoxdur. Məncə, bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinə müraciət etməli və belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır. Mən təklif edirəm ki, komitəyə belə bir səlahiyyət verilsin. Son zamanlar mətbuatda dini ekspert kimi çıxış edənlər müəyyən siyasi bəyanatlar verirlər. Buna misal olaraq bu yaxınlarda həbsdən çıxan şəxslərdən birini qeyd edə bilərəm. Hesab edirəm ki, bu birbaşa siyasi fəaliyyətlə məşğul olmaqdır. Məncə, artıq zamanı çatıb ki, bu sahə ilə bağlı da qanunvericilik sahəsində addımlar atılsın”.

Millət vəkili Rəfael Cəbrayılov isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa dəyişikliklər edilməsi barədə layihə müzakirə edilərkən Qüdrət Həsənquliyevin təklifini müdafiə edib.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm