Ərdoğanın qəzəbi, Bakının şansı – rusların ideyası dəfn edilir
Bizi izləyin

Nida.az

Ərdoğanın qəzəbi, Bakının şansı – rusların ideyası dəfn edilir

Suriyada Rusiyanın keçirdiyi əməliyyatlar Moskva və Ankara münaqişəsini pik hədd çatdırdı. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvanı hədələyərək baş verənlərin iki ölkə arasındakı iqtisadi münasibətlərə də ciddi təsir göstərəcəyinə işarə vurdu. Xüsusilə, “Türk axını” layihəsi və Rusiyanın Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisində iştirakının ləğv olunması ciddi iqtisadi itkilər hesab olunur.


Türkiyə Rusiya təbii qazının aparıcı istehlakçısıdır. Türkiyənin itirilməsi Rusiya üçün ciddi itki olacaq. Əgər lazım olarsa, Türkiyə başqa ölkələrdən təbii qazı idxal edə bilər. Əgər Rusiya Mersində “Akkuyu” Atom Elektrik Stansiyasını tikməsə, onu başqası tikəcək”, - deyə Türkiyə Prezidenti Rusiya təyyarələrinin onun ölkəsinin hava məkanını pozmasına münasibət bildirərkən deyib.

Ərdoğan qeyd edib ki, Rusiya tərəfi layihə üçün artıq 3 milyard dollar xərcləyib və Moskva bu məsələlərə həssaslıqla yanaşmalıdır.

Türkiyə ilə Rusiyanın Suriya məsələsində əsas fikir ayrılığı Əsədlə bağlıdır. Ankara Əsədin getməsini, Moskva qalmasını istəyir və hər iki ölkə hədəflərinə çatmaq üçün dayanmadan hərəkət edirlər. Təbii ki siyasi gedişlərdə ciddi fikir ayrılıqları iqtisadi sferaya da sıçrayır.

“Türk axını” layihəsində fikir ayrılığının olması bu prosesin ilkin elementidir. Ankara Ukraynadan yan keçən qaz kəmərinin tikintisi haqda hökumətlərarası razılaşmanı imzalamadı, halbuki bu məsələ siyasi dairələrdə razılaşdırılmışdı.

Rusiyanın “Kommersant” nəşri yazır ki, Ankara bu mürəkkəb layihəni ucuz qiymətə qaz almaq ümidi ilə imzalamaq niyyətində idi. Türkiyədəki mənbələrin məlumatına görə, Ankara eyni zamanda ABŞ-ın ciddi təzyiqi ilə üzləşirdi. Daha sonra Rusiyanın sərt etirazına baxmayaraq, Türkiyə dörd hissədən ibarət qaz kəmərinin yalnız bir hissəsinin tikintisinə razı olduğunu açıqlayıb. Bu isə Rusiya üçün mənasız anlaşmadır. Məhz buna görə Moskva Ukraynadan yan keçmək üçün Avropa şirkətləri ilə “Şimal axını-2” layihəsi haqda razılığa gəlib.

Lakin Ankaradakı mənbələr yeni hökumətin daha sərt addım ata biləcəyini deyiblər. Belə ki rəsmi Ankara 2020-ci ilə qədər Ukrayna vasitəsilə tranzitin minimallaşdırılması haqda “Qazprom”un ideyasını dəfn edə bilər.

“Sberbank Investment Research” şirkətinin eksperti Valeri Nesterov hesab edir ki, Ərdoğanın hədəsinin praktiki işə maneəsi az olacaq: “Çünki təkcə ötən il “Qazprom” Türkiyəyə 27,4 milyard kubmetr qaz satıb və getdikcə onun ehtiyacları da böyüyür”.

Hazırda Türkiyə Rusiyadan başqa üç mənbədən qaz ala bilər: Azərbaycan, İran və SPQ bazarı (mayeləşdirilmiş qaz - red).

Azərbaycan 2019-ci ildən başlayaraq Türkiyəyə 6 milyard kubmetr qaz nəql edəcək. Artıq bununla bağlı müqavilə imzalanıb və iş aparılır.

İran qazının çatdırılmasında xroniki problemlər çıxır, həmçinin Türkiyə tərəfi Tehrandan qazı daha ucuz qiymətə verməsini istəyir. Bununla yanaşı, Türkmənistan və Şimali İraqdan da qaz çatdırmaları gündəmdədir, lakin bunun yaxın perspektivdə baş tutacağı gözlənilmir.

Mayeləşdirilmiş qaz bazarında da qiymət problemlərinin olduğu haqda informasiyalar var.

Ekspertlərə görə, Ankara-Moskva arasında ciddi qarşıdurma olacağı təqdirdə Türkiyənin yarana biləcək qaz problemini Azərbaycan həll edəcək və Bakının bölgədə enerji bazarında xüsusi paya sahib olması üçün yeni şansdır. Bu qarşıdurmadan ən çox itirən tərəfin Rusiya olacağı ehtimal olunur. Hesablamalara görə, Türkiyənin Rusiya qazından imtina etməsi Moskvaya 9,2 milyard dollara başa gələ bilər. Türkiyə Almaniyadan sonra “Qazprom”un ikinci ən iri müştərisidir.

“Nezavisimaya qazeta” nəşri isə Rusiyanın itirəcəyinin daha çox olacağını yazıb. Nəşrə görə, Ankara Moskva ilə münasibətlərinə yenidən baxarsa, o zaman, Rusiya şirkətləri 20 milyard dollar itirə bilər. “Akkuyu” AES-in tikintisindən rus şirkətləri uzaqlaşdırılarsa, o zaman, bura 3 milyard dollar da əlavə etmək lazımdır.

“Akkuyu” AES-i inşa edən Rusiya şirkəti “Rosatom” nəşrin soruğusuna cavabında hələlik heç bir problemin olmadığını açıqlayıb.

“Bizim şirkət həmişə öz öhdəliklərini yerinə yetirir, hətta mürəkkəb siyasi şərait yaransa da, işimizi davam etdirəcəyik. “Akkuyu” layihəsinin işində heç bir dəyişiklik yoxdur. Şirkət qrafik üzrə işləməyə davam edir”, - deyə sorğuya cavabda bildirilib.

Məlumata görə, 4 enerji blokundan ibarət olacaq “Akkuyu” AES-in istismarı 2020-ci ilə planlaşdırılır. Layihə investisiyalarının ümumi həcmi 20 milyard ABŞ dollarıdır.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm