Tural Abbaslıdan xəbərdarlıq: “Partiya yarada bilərəm”
Bizi izləyin

Nida.az

Tural Abbaslıdan xəbərdarlıq: “Partiya yarada bilərəm”

“Qurultaydan sonra partiyada yaranan vəziyyət belədir ki, ya Arif Hacılının qrupunun üzvü olmalı və fanatlığını etməlisən, ya da partiyadakı proseslərdən kənarlaşdırılıb çıxarılmağını gözləməlisən”.

Bu barədə Publika.az-a açıqlamasında Müsavat Partiyasının üzvü, “Ağ Blok”un təsisçisi Tural Abbaslı deyib.

“Partiyada yüksəlmək və ya kənarlaşdırılmaq Arif Hacılının şəxsinə münasibətlə ölçülür”

Onun sözlərinə görə, partiyadan çıxarılma məsələsi təkcə ona və tərəfdarlarına aid deyil: “Bu gün istənilən üzvün Arif Hacılının birbaşa göstərişi ilə çıxarılma təhlükəsi var. Artıq partiyada yüksəlmək və ya kənarlaşdırılmaq Arif Hacılının şəxsinə münasibətlə ölçülür. Təbii ki, belə bir vəziyyət illərini Müsavata fəda etmiş biri kimi məni və minlərlə digər müsavatçıları narahat edir”.


Müsavat rəhbərliyinə xəbərdarlıq

T. Abbaslı Müsavat rəhbərliyinə mesaj da göndərib.


“Bugünkü partiya rəhbərinə məsləhətim odur ki, şəxsi, siyasi maraqlarını partiya maraqlarından üstün tutmağa son versin və Müsavatın tarixinə xas olmayan antidemokratik idarəçilik metodundan imtina etsin. Əks təqdirdə, partiya tarixində adı heç də ürəkaçan şəkildə xatırlanmayacaq”, - deyə o bildirib.

Seçkidən sonra Arif Hacılının istefası tələb oluna bilər

O, Müsavat Partiyasının seçkidə aşağı nəticə göstərəcəyi təqdirdə, Arif Hacılının istefasının tələb edəcəyini açıqlayıb: “Bir müsavatçı kimi mənim Arif Hacılıdan fəaliyyəti barədə hesabat tələb etmək hüququm var. Bu seçkilərdən sonra Arif Hacılı başqanlığı dövründə mümkün 3 seçkidən ikisini keçirmiş olacaq. Mənim də həm bələdiyyə, həm də parlament seçkilərindən sonra nəticə barədə hesab tələb etmək və nəticəsindən asılı olaraq, onun səmərəsiz fəaliyyətinə görə istefasını tələb etmək hüququm var. Yəni artıq insanları bir 23 ildə növbəti “mənəvi qələbələrlə” aldatmaq zamanı deyil. Ya nəticə olmalıdır, ya da siyasi etiketin tələb etdiyi kimi istefa vermək lazımdır”.

Tural Abbaslı partiya yarada bilər

T. Abbaslı “Ağ Blok”un partiyaya çevrilmə perspektivini də dəyərləndirib.

“Əgər illərimizi verdiyimiz Müsavatda bizim siyasi fəaliyyətimiz süni şəkildə məhdudlaşdırılarsa, “Ağ Blok”un siyasi partiyaya çevrilə bilməsi məsələsi gündəmə gələ bilər. Yəni biz bu addımı atmaq məcburiyyətində qalacağıq. Çünki kiminsə fəaliyyətini məhdudlaşdırıb ondan adekvat addımlar atmamasını gözləmək sadəlövlükdür. Yəni mən və tərəfdarlarım siyasi mübarizə tərəfdarıyıq. Bunun üçün münbit şərait yaratmaq bizim haqqımızdır. Ümumilikdə isə bu məsələlərin hələlik zamana ehtiyacı var”, - deyə o qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm