• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycandan Avropa Məhkəməsinə etiraz

  • Nida.az
  • 15 Oktyabr 2015 11:51
  • 365 Baxış
Azərbaycandan Avropa Məhkəməsinə etiraz

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin Avropa İnsan Haqları Məhkəməsinə çoxsaylı ərizələri və müraciətləri əsasında heç bir irəliləyişin olmaması ilə əlaqədar Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki rəsmi nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin sədri Din Şpilmana məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Şpilman!

Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan Respublikası və Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan Respublikasının bir hissəsindən qovulan qaçqın və məcburi köçkünlərin artan ərizələri ilə əlaqədar olaraq sizə yazıram.

Bu yaxınlarda məhkəmə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə dair öz töhfəsini verib. 16 iyun 2015-ci il tarixində məhkəmə “Çıraqov və başqaları Ermənistana qarşı” (ərizə №13216/05), “Sarkisyan Azərbaycana qarşı” (ərizə №40167/06) işləri üzrə qərar qəbul edib. Bu iş üzrə ərizələr müvafiq olaraq 6 aprel 2005-ci il və 11 avqust 2006-cı il tarixlərində Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunub və təxminən eyni vaxtda - 2007-ci ilin iyun-iyul aylarında cavabdeh ölkələr bu barədə məlumatlandırıb.

Siz yaxşı bilirsiniz ki, 2008-ci ilin iyun ayında Məhkəmə Azərbaycan hökumətini bu münaqişəyə dair başqa bir ərizə - “Arakelyan Azərbaycana qarşı (ərizə № 13465/07) barədə məlumatlandırıb. Xatırlatmaq istəyirəm ki, 2009-cu ilin aprel aylarının sonlarında tərəflər bu məsələ ilə bağlı öz mövqelərini ortaya qoyublar ki, burada da iddiaçı Sarkisyanın işi üzrə bənzər məsələləri qaldırıb. Sarkisyanın işi üzrə qərar qəbul edildikdən sonra Məhkəmə Arakelyanın ərizəsi üzrə işi bərpa edib və tərəflərdən əlavə məlumatlar təqdim etməyi istəyib.

Bununla əlaqədar sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 2005-ci ildən bəri Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan Respublikasına qarşı irəli sürdüyü xeyli sayda ərizə təqdim olunub. Azərbaycan hökumətindən aldığımız məlumata əsasən, iddiaçı və onların nümayəndələrinin ərizələri yalnız mülkiyyət hüququ, özəl və ailə həyatına hörmətlə bağlı deyil, həm də işgəncələrin qadağan olunması və yaşamaq hüququnun pozulması ilə bağlıdır. Onlar arasında bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı cinayət kimi tanınan Xocalı soyqırım aktının qurbanlarının ərizələri də var.

Bundan əlavə, Azərbaycandan olan iki məcburi köçkünlə bağlı olan ərizələrə də diqqət yetirilməlidir. Hökumət tərəfindən əldə olunan məlumata görə, həmin ilin martında Azərbaycan vətəndaşları Firuzə Əsgərova və Albina Veselova onların həyat yoldaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının pozulmasına dair Avropa İnsan haqları Məhkəməsinə ərizə təqdim ediblər. Onların şikayətlərinə əsasən, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonundan qovulan və Kəlbəcər rayonunda olan yaxınlarının məzarlarını ziyarət etməyə cəhd edən həyat yoldaşları Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal altında olan torpaqlarında qurulan qanunsuz rejimin qanunsuz “məhkəməsi” tərəfindən uzun müddətə azadlıqdan məhrum olunma cəzasına məhkum ediliblər.

İddiaçılar Konvensiyanın 3, 5, 6, 8 və 13-cü maddələrini və № 4 Protokolunun ikinci maddəsini rəhbər tutaraq, Məhkəmə Reqlamentinin 39-cu maddəsinə əsasən qurumdan təminedici xarakterli qərar qəbul etməsini, həmçinin onların şikayətlərinə Məhkəmənin 41-ci Reqlamentinə uyğun olaraq prioritet qaydada baxılmasını xahiş ediblər.

Lakin iddiaçıların Konvensiya qaydalarının ciddi şəkildə pozulması və Məhkəmə tərəfindən bu işə dərhal müdaxilə edilməsinə dair şikayətlərinə baxmayaraq, ərizələrə baxan seksiya sədri nə 39-cu maddənin tətbiqinə dair, nə də ərizəyə prioritet qaydada baxılmasına ehtiyacın olmadığına dair qərar qəbul edib.

Bu arada, son bir ildə Məhkəmə 41-ci maddənin əsas tutaraq, prioritet qaydada Azərbaycana qarşı 10-dan çox işə baxmağa başlayıb.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan hökuməti Avropanın bütün sakinləri üçün ən azı ədalət və qərəzsizlik nümayiş etdirməli olan Avropa İnsan Haqları Məhkəməsinin ərizələrə bu cür ardıcıllıqla baxmasına öz etirazını bildirir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR