PA rəsmisindən KİV-ə İRAD – FOTOLAR
Bizi izləyin

Nida.az

PA rəsmisindən KİV-ə İRAD – FOTOLAR

Bu gün Bakıda aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Postmodernist cəmiyyətdə informasiya vasitələrinin rolu və əhəmiyyəti” mövzusunda seminar-treninq keçirilib.

Publika.az-ın məlumatına görə, seminarda Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-Siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu və bir neçə tanınmış jurnalist iştirak ediblər.

Seminara aparıcılıq edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, yaşadığımız dövr informasiya texnologiyaları əsiridir.

Hazırda dünyada informasiya ilə manipulyasiya edildiyini xatırladan H.Babaoğlu deyib ki, informasiya ilə insanların şüurları dəyişdirilir. Onun sözlərinə görə, bu gün dünyada informasiya ilə idarə olunan yeni insanın adı "homoinformatikus" adlanır: “Bəs "homoinformatikus" nədir? "Homoinformatikus" informativ keyfiyyətlərin əqli və idraki keyfiyyətindən öndə olan insandır. Qərb psixoloqları insan psixologiyasını çox dərindən öyrənirlər. Bu, bizim üçün çox əlçatmazdır. Onlar informasiya manipulyasiyasının iki formasını müəyyən ediblər. Bunlar sinsitiv və rasional metodlardır. Sinsitiv metod cəmiyyətdə müxtəlif sosial qruplar üzərində arzu olunan informasiyanın və məqsədlərin cəmiyyətə yayılması deməkdir. Bunun üçün onlar ilk növbədə “qlobal dəyərlər” adı altında hər hansı milli dövlətin daxilində müxtəlif koloniyalar yaradırlar. Yalandan da birinin adına insan hüquqları, birinin adına vətəndaş cəmiyyəti təşkilatı və sairə adlar qoyurlar. Bizim “5-ci kolon” dediyimiz də məhz budur. Bu cür sosial qruplar üzərindən öz məqsədlərinə xidmət edən informasiyaları cəmiyyətdə aparıcı ideyalara çevirməyə çalışırlar. Misal üçün, “demokratiya”, “insan hüquqları” və sairə ideyalarla insanları özlərinə cəlb etmək istəyirlər. Bu ideyaları o qədər cazibədar etmişdilər ki, hətta biz də bunlara inanmışdıq. Ancaq Yaxın Şərqdə baş verən hadisələrdən sonra tam bəlli oldu ki, bunların məqsədləri heç də demokratiya və insan hüquqlarının formalaşması deyil. Təbii demokratiya ayrı, imperializmin əlində alət olan “demokratiya” isə tamam başqadır. Şəxsən mənə görə, demokratiya insanların həyat keyfiyyətini yaxşılaşdıran bir vasitədir. İndi gəlin Liviyada, Misirdə, İraqda, Suriyada baxaq görək, demokratiya hansı insanın həyat keyfiyyətini yaxşılaşdırdı. Əksinə, həmin ölkələr viran qoyuldu, dağıdıldı. Bu gün həmin sosial qruplar üzərindən “demokratiya” və digər bu kimi qlobal dəyərlərdən bizə qarşı silah kimi istifadə edilir. Bütün bunlar isə sinsitiv metod hesab olunur”.

Rasional metoda da toxunan H.Babaoğlu qeyd edib ki, burada hər bir fərd ayrı-ayrılıqda infoimperializmin informasiya subyektinə çevrilir: “Misal üçün, biz internetə daxil olub, oradan bir informasiyanı oxuduq. Həmin informasiyanın manipulyativ gücünü bilmədiyimiz üçün təsir altına düşürük. Əldə etdiyimiz bütün bu informasiyalar bizim şüuraltı yaddaşımızda toplanır. Daha sonra yığılan bu informasiya bazası üzərində bizim bir-birimizə olan münasibətimiz sərgilənir. Bununla da, bizim ətraf mühitə münasibətimizi də həmin informasiya şərtləndirir. Biz o məlumatları sağlam əqlimizlə qavramırıq və onlara reaksiya veririk. “Demokratiya” deyəndə hamımızın üzü gülür, ancaq dərk etmirik ki, bu cür “demokratiya” modeli Liviya və İraqı nə günə qoydu. Bütün bunlar rasional metod hesab olunur. Cəmiyyətdə bu cür “homoinformatikus” adlandırdığımız insanlar 20-30 faiz olanda həmin cəmiyyətin gələcəyi çox qaranlıq görünür. Ona görə də postmodernist cəmiyyətdə informasiyanın rolu bu deməkdir”.

PA-nın sektor müdiri Q.Əliyev isə bildirib ki, bu gün bir sıra transmilli media korporasiyalarından Azərbaycana və digər müsəlman-türk dövlətlərinə qarşı qərəzli mövqe nümayiş olunur. Onun sözlərinə görə, dünyada yaranan bu cür qütbləşmə mediadan da yan keçməyib: “Bu təkcə Azərbaycanla bağlı deyil, misal üçün, Türkiyə və digər müsəlman ölkələri ilə bağlı həmin transmilli media orqanlarında birtərəfli və qərəzli məlumatlar əks olunur. Hesab edirəm ki, mediada bu cür məlumatların birtərəfli yayılması doğru deyil”.

Q.Əliyev Azərbaycanda bəzi KİV-ə də iradını bildirib: “Bəzi KİV-də bayağılıq və milli mentalitetimizə uyğun olmayan materiallar əvəzinə, milli maraqlarımız və dövlətçilik prinsiplərimizin qorunması istiqamətində materiallar yayılmalıdır. Bu, bütövlükdə Azərbaycan cəmiyyəti və dövləti üçün faydalıdır”.

Daha sonra seminar-treninqdə iştirak edən KİV nümayəndələri ilə birgə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm