• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"Gözü çıxmış qardaş“ın dərsi

  • Nida.az
  • 17 Mart 2014 19:46
  • 1 222 Baxış
"Gözü çıxmış qardaş“ın dərsi

Azərbaycan hökuməti Türkiyədə baş verən hadisələrdən nəticə çıxartdı

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifəsindən azad edilməsi ölkə mediasının gündəmini bir anın içərisində dəyişdi. Lakin əks tərəfə deyil, məhz hadisələrin məntiqi sonluğuna aparan istiqamətə doğru.

Bununla da maraqlı dairələrə Azərbaycanda dinin siyasətlə çuğlaşmasına imkan verilməyəcəyi, mövqeyindən, tutduğu vəzifədən və hakimiyyətə münasibətindən asılı olmayaraq dövlətin konstitusion əsaslarına qarşı açıq, yaxud gizli fəaliyyət göstərən bütün qüvvələrə və şəxslərə layiq olduqları yerin göstəriləcəyi mesajı verildi.

Lakin Fətullah Gülən camaatının Azərbaycandakı nüfuz müvəkkilləri ilə bağlı yayılan məlumatları və bu məlumatların doğurduğu ictimai rezonansı, eləcə də önləyici amil kimi həyata keçirilən bir sıra tədbirləri AKP hakimiyyətinə bağlayanlar da var. Təsadüfi deyil ki, Elnur Aslanovun vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi məlumatın yayıldığı vaxtdan qısa müddət öncə öz maraqları naminə şeytanla da əməkdaşlıq etməyə hazır olan bəzi media qurumları Azərbaycanda dinin, təriqət və məzhəbçiliyin siyasətlə transfer olunmasına qarşı ictimai müqavimət hərəkatına "sifariş" donu geyindirməyə çalışdılar. Guya "nurçular"ın ifşa olunması prosesinin sifarişi Ankaradan verilib. Azərbaycan hökuməti isə sadəcə bu "sifarişi" həyata keçirir. Bəzi KİV-lər daha da uzağa gedərək nurçularla bağlı Azərbaycanda yayılan məlumatların Türkiyə Milli İstibarat Təşkilatı tərəfindən hazırlandığını və hətta MİT-in bəzi nümayəndələrinin bu məqsədlə Bakıda fəaliyyət göstərdiyini də yazdılar.

Hətta Gülən tərəfdarlarının yağlı əlləri bəzilərinin yaddaşını elə qapadı ki, bu adamlar Azərbaycanda "nurçuluq" təhlükəsi ilə bağlı uzun illərdir ki, aparılan müzakirələri və göstərilən konkret hədəfləri belə unutmağı özlərinə borc bildilər.

Azərbaycanda Fətullah Gülən camaatı ilə bağlı baş verən proseslərə isə Türkiyədəki hadisələrin təsiri şübhəsiz ki, olub. Azərbaycan hökuməti nurçularla bağlı atdığı addımları, bəzi nurçu, yaxud mənfəətçi media qurumlarının təqdim etdiyi kimi rəsmi Ankaranın "sifarişi" və ya "təzyiqi" ilə deyil, Ərdoğan hökumətinin qarşılaşdığı problemlərdən nəticə çıxararaq atıb. Və tamamilə doğru edib!

Fətullah Gülən və tərəfdarlarının Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının iqtidara gəlməsində və mövqelərini möhkəmləndirməsində oynadığı rol kimsəyə sirr deyil. Gülənçilər Türkiyənin siyasi, iqtisadi və hüquqi sistemində gücə çevrilənədək AKP və "camaat" arasında hər hansı bir problemin olduğu nəzərə çarpmırdı. Əksinə, Gülənin ideoloji ruporu olan media qurumları, o cümlədən "Zaman" qəzeti və "Samanyolu" televiziyası Ərdoğanın bütün addımlarını birmənalı şəkildə dəstəkləyir, rəqiblərini isə ən ağır cinayətlərdə ittiham edir, ləkələyirdi.

Amma həlledici məqamda və Ərdoğanın təbirincə desək, "Pensilvaniyadan verilən sifarişdən" sonra hakimiyyətin ayrı-ayrı qollarında kök salmış və mövqelərini möhkəmləndirmiş Gülənçilər hərəkətə keçdilər və təkcə Ərdoğan hökuməti üçün deyil, bütövlükdə Türkiyə dövləti üçün kifayət qədər ciddi problemlərə yol aça biləcək təxribatlara imza atdılar. Və bu təxribatlar hələ də davam etməkdədir.

Hurçular Türkiyədə olduğu kimi Azərbaycanda da eyni siyasəti yürüdürlər. Hakimiyyəti dəstəklədiklərini bəyan edir, hətta bəzən "Roma papasından daha artıq katolik olmağa" çalışırlar. Ən müxtəlif yollarla dövlət qurumlarına öz adamlarını yerləşdirməyə çalışır, vəzifəli şəxslərlə, qeyri-hökumət təşkilatları və media qurumlarının rəhbərləri ilə yaxın münasibətdə olmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Gülənçilərin bu və ya digər ölkənin ictimai-siyasi həyatının zirvəsinə, dövlət idarəçiliyinə aparan yolu təhsildən başlatmaları isə təsadüfi deyil. "Fətullah Gülən camaatı" layihəsini hazırlayanlar hər şeyi detallarına kimi hesablayıblar. Təhsil yeganə sahədir ki, hər bir ailəyə yol tapmaq imkanı verir. Hurçuluq xərçəng xəstəliyi kimidir. Öz hüceyrələrini təhsil sistemində yetişdirdikdən sonra ölkə həyatının bütün sahələrinə yayır və "beyin mərkəzi"ndən sifariş aldığı anda istədiyi "orqanı" iflic edə bilir. Bu siyasi təriqətin konsepsiyasını hazırlayanlar insan psixologiyasına xas olan bütün özəllikləri nəzərə alıblar. Çünki istənilən valideynə təsir etməyin ən həssas yolu övladdan keçir. Məhz buna görə təhsil seçilib.

Bəzilərinin iddia etdiyi kimi, nurçular insanların beyinlərini və qəlblərini işıqlandırmağı qarşılarına məqsəd qoymayıblar. Və onların "yüksək təhsil" mexanizmi isə olduqca bəsit bir mexanizmə söykənir. Yüksək təhsil haqqı ödəmək imkanında olan ailələrin ən istedadlı uşaqlarını seçir, onları öz fəaliyyət proqramlarının potensial icraçıları kimi hazırlayır, bununla da həm öz təxribatlarını davam etdirmək üçün külli miqdarda vəsait qazanır, həm də ətraflarında vəzifəli və imkanlı ailələrdən ibarət təəssübkeşlər ordusu formalaşdırırlar.

Hurçuların yüksək təhsil verdikləri barədə yayılan məlumatlar isə bu cameənin təbliğat maşınının ictimai rəyə təlqin etdiyi mifdən başqa bir şey deyil. Bu yazını qələmə almazdan öncə kiçik bir araşdırma apardım. Gülən camaatının orta və ali məktəblərinin adı heç "it dəftəri"ndə də yoxdu. Heç bir reytinq siyahısında yer almayıb bu "təhsil ocaqları"nın adı...

Bu qədər.

Türkiyədə baş verən hadisələr qardaş ölkəni sarsıtdı... Amma bir çox mətləbləri də gün işığına çıxarmasına zəmin yaratdı. Bu dəfə "gözü çıxmış qardaşımızdan" dərs aldıq. Keçmiş olsun...

Elçin Mirzəbəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR