• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

MTN-də təmizləmələr: Eldar Mahmudovun “sağ əli” də işdən çıxarıldı (YENİLƏNİB)

  • Nida.az
  • 24 Oktyabr 2015 17:31
  • 3 964 Baxış
MTN-də təmizləmələr: Eldar Mahmudovun “sağ əli” də işdən çıxarıldı (YENİLƏNİB)

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 13 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə məlumat vermişik.

Publika.az-ın məlumatına görə, Trend agentliyi MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin də işdən azad olunaraq, sərəncama göndərilməsi ilə bağlı yeni informasiya əldə edib.

Ə.Əliyev sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” hesab olunurdu.

Bu gün MTN-nin daha bir idarə rəisi, polkovnik Nazim Lətifov, MTN-nin Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Qeyd edək ki, işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.

Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR